Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


Türkiyə ordu quruculuğumuzda daha yaxindan iştirak etməlidir

Ekspertlərin fikrincə, Silahlı Qüvvələrdə uğurların əldə olunması üçün hərbi təhsil sisteminin müasirləşdirilməsi qaçılmazdır

Bu həftənin əvvəlində Azərbaycanla Türkiyənin hərbi birləşmələrinin yüksəkvəzifəli şəxsləri arasında diqqətçəkən bir görüş oldu. İki ölkə arasında keçirilən yüksəksəviyyəli Hərbi Dialoqda bir çox məsələlər çözüldü, bir sıra məsələlərə aydınlıq gətirildi, bəziləri ilə bağlı müzakirələri davam etdirmək qərara alındı.
Söz yox ki, Hərbi Dialoqda müzakirə mövzusu olan məsələlərin tam əksəriyyəti KİV üçün qapalı saxlanılır. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsas qənaətbəxş məqam ondan ibarətdir ki, Ankara və Bakı aralarındakı hərbi əməkdaşlığın mövcud vəziyyətindən razılıqlarını ifadə edirlər və bu əməkdaşlığın yaxın illərdə daha da genişləndiriləcəyinə ümidlidirlər.
"Ordunun Aynası" Azərbaycan - Türkiyə Hərbi Dialoqunda müzakirə olunmuş əsas məsələlərdən birinə - Azərbaycan Silahlı Qüvvələrinin müasir kadrlarla təmin olunması və bu işdə Ankaranın dəstəyi məsələsinə aydınlıq gətirmək niyyətindədir.
Əslində ordunun müasir, təcrübəli, NATO standartlarına uyğun kadrlarla təmin olunması elə Silahlı Qüvvələrdə islahatlarda uğur əldə edilməsinin əsasıdır. Aydındır ki, Azərbaycan Silahlı Qüvvələrinin transformasiyası prosesini müasir, təcrübəli kadrlarsız həyata keçirmək mümkün olmayacaq.
NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq planlarında Silahlı Qüvvələrin kadrlarının hazırlanması əsas yer tutur. NATO-nun Gürcüstanla imzaladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) qeyd edilən mühüm öhdəliklərdən biri Müdafiə Nazirliyi kadrlarının hazırlanması sisteminin yenidən nəzərdən keçirilməsidir. Ekspertlərə görə, bu tip öhdəlik NATO-nun əsas standartlarından birinin gerçəkləşməsini nəzərdə tutur. Alyansda Silahlı Qüvvələrdə tərəfdaş ölkələrin ordularında kadrların vəziyyəti ciddi diqqət mərkəzindədir. Oxşar öhdəliyin Azərbaycanın NATO ilə əməkdaşlıq sənədlərində də əksini tapması barədə məlumatlar var.
Ekspertlərin fikrincə, bu gün Azərbaycan Silahlı Qüvvələrində NATO təhsilli kadrlarla bağlı vəziyyət o qədər də qənaətbəxş deyil. Onlar düşünürlər ki, indiki gedişlə getsə, NATO təhsilli zabitlər ən azı 8-10 ildən sonra orduda rəhbər vəzifələrdə təmsil oluna biləcəklər.
Müşahidələr göstərir ki, xarici dövlətlərdə NATO kursları keçən Azərbaycan zabitlərindən istifadənin səmərəliliyi hələlik ortada deyil. Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədovun sözlərinə görə, Azərbaycanın NATO standartlarına uyğun təcrübə almaq üçün alyansa üzv ölkələrin hərbi təhsil müəssisələrinə göndərdiyi yüzlərlə zabitin faydası hələlik görünmür. "Çünki aparıcı vəzifələrdə əyləşən sovet psixologiyalı hərbi məmurların əksəriyyəti NATO standartlarından çox uzaqdır. Türkiyədə, ABŞ-da, Almaniyada hərbi təhsil almış gənclərimiz bu tip məmurların tabeliyində fəaliyyət göstərməyə məcbur olurlar. O səbəbdən onların bu gün Azərbaycan ordusunun inkişafına praktik olaraq heç bir təsiri yoxdur. Ordumuzdakı vəziyyəti görən NATO standartlarına uyğun gənclərin bir hissəsi köhnə qaydalara uyğunlaşmaq məcburiyyətində qalır, bir qismi isə ordudan tərxis olunur", - deyə İ.Məmmədov bildirir.
Bir çoxlarının fikrincə, orduda kadr probleminin həll olunması yollarından biri hansısa vəzifədə xidmət edən zabitin 3-5 aylıq xaricə göndərilməsi deyil, Azərbaycandakı ali məktəblərə sənəd verən gəncləri kütləvi şəkildə NATO dövlətlərinin hərbi təhsil müəssisələrində təhsil almağa cəlb etmək olardı. Bundan sonra isə onların biliyindən və təcrübəsindən orduda yüksək səviyyədə istifadə olunmalıdır.
Yeri gəlmişkən, bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın ali hərbi təhsil məktəblərinə qəbulla bağlı elan verib. Bu proqram çərçivəsində Azərbaycan gəncləri Amerikanın dünyaca məşhur hərbi akademiyalarında təhsil almaq imkanı əldə edirlər. Lakin məsələnin bir qədər qaranlıq qalan tərəfi mövcuddur. Ona görə ki, Amerikanın hərbi akademiyalarında təhsil almış gəncin Azərbaycanın güc strukturlarında, xüsusilə də Silahlı Qüvvələrdə işləyəcəyinə təminat verilmir. Amerika tərəfi harada işləməyi vətəndaşın öz seçimi hesab edir. Bəllidir ki, bu situasiyada təhsilli gənc orduda deyil, mülki strukturlarda işləməyə üstünlük verəcək. Nəticədə Amerikanın məşhur hərbi akademiyalarda təhsil alma imkanlarının yaradılması Azərbaycan ordusunun kadr problemlərinin həllinə təsir göstərməyə bilər.
Ekspertlər hesab edirlər ki, sözügedən məsələdə ABŞ və Azərbaycan arasında xüsusi hərbi təhsil müqaviləsinin imzalanmasına zərurət var. Bu müqavilədə təhsilli gəncin konkret hərbi vəzifədə çalışacağına dair təminat öz əksini tapmalıdır. Ekspert İ.Məmmədov da məhz bu cür düşünür. Onun sözlərinə görə, bu tip müqavilə olmadan hər hansı uğurdan danışmaq əbəsdir.
Ümumilikdə NATO konsepsiyasına görə, tərəfdaş ölkələrin ordularında briqada komandanlığı səviyyəsində ali zabit heyətinə dərs keçən müəllim heyətini təkmilləşdirmək, bu kurslar üçün zəruri olan infrastrukturu və təchizatı müəyyən etmək vacibdir. Brüsseldə hərbi kadrların hazırlanması üzrə strategiya da hazırlanıb: bu strategiyaya görə, hərbi təhsil sisteminin nəzərdən keçirilərək təkmilləşdirilməsi, kiçik zabit, çavuş heyətinin təhsil proqramının təkmilləşdirilməsi üçün məsləhətlər alınması, müxtəlif qoşun növləri üçün yeni, standart illik dərs proqramının hazırlanması, qiymətləndirmə mexanizminin yaradılması zəruridir. Əsas diqqət yetirilən məsələlərdən biri də komanda heyətinin nəzərdən keçirilməsi ilə bağlıdır. Qərbdə hesab edirlər ki, Silahlı Qüvvələrdə rəhbər vəzifə tutan şəxslər müasir standartlara cavab verməsələr, hərbi islahatlar yolunda əsl maneəyə çevrilə bilərlər.
"Azərbaycan ordusunda komanda heyəti nəzərdən keçirilmir. Silahlı Qüvvələrin rəhbərliyi artıq 14 ilə yaxındır dəyişilmir. Artıq bu məsələ getdikcə problem xarakteri daşıyır", - deyə ekspertlər bildirirlər. İ.Məmmədovun fikrincə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, hərbi təhsil və kadrlar sahəsində də strateji konsepsiyanın qəbul olunmasına ehtiyac var. Ekspert hesab edir ki, bu sənəddə aşağıdakı məqamlara aydınlıq gətirilməlidir:
1. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi ölkənin müdafiə və təhlükəsizliyi sahəsində hansı üstünlüklər vəd edir? Bu çərçivədə kadrların yeniləşməsi hansı əhəmiyyət kəsb edəcək?
2. Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinin idarəolunması prosesində müasir dəyişikliklər hansı zərurətdən irəli gəlir? Bu tip müasirləşmədə hansı ölkənin təcrübəsi əhəmiyyətlidir?
3. Azərbaycanın hərbi təhsil sahəsinin gələcəyi necə olacaq? Hansı ölkələrlə müvafiq sahədə əməkdaşlıq perspektivi mövcuddur? Ölkənin hərbi təhsil sektorunda hansı yeniliklər zəruridir?
4. Silahlı Qüvvələrdə kadrlarla bağlı kəskin islahatlar prosesini necə başlamaq olar? Bu tip islahatların yekununda hansı müsbət məqamlar nəzərə çarpacaq?
5. Azərbaycanda hərbi kadr resursunun saxlanılması və inkişaf etdirilməsi yolunda hansı maddi vəsaitlər zəruridir? Ölkənin müdafiə xərclərinin hansı hissəsini bu sektora yönəltmək vacibdir?
Əslində bu gün forma baxımdan Azərbaycanda NATO standartlarına uyğun kifayət qədər kadr mövcuddur. Bu da ekspertin mövqeyidir. Amma İ.Məmmədov hesab edir ki, həmin kadrların NATO standartlarına məzmun cəhətdən uyğun olub-olmamasını hansısa bir obyektiv test, attestasiya nəticəsində üzə çıxarmaq mümkündür.
"Azərbaycanda hərbi kadrlar sisteminə vahid baxış hələ ki formalaşmayıb. Müxtəlif sahələrdə olduğu kimi, hərbi kadrların hazırlanması və onlardan səmərəli istifadə olunması prosesində də ikili standartlar mövcuddur. Bütün bu və digər məqamları nəzərə almaqla Azərbaycan ordusunda kadr probleminin olduğunu demək olar. Bu gün ordumuzda NATO standartlarına uyğun əsl kadrlar çox az saydadır", - deyə ekspert bildirdi.
Son illər Azərbaycanın hərbi təhsil sistemində NATO standartlarına uyğun islahatların aparılmasına dair davamlı bəyanatların səslənməsinə baxmayaraq, ekspertlərdə şübhələr var. "Şüurlarda islahatlar aparılmadığı bir məqamda hər hansı səmərədən danışmaq olarmı? Fikrimcə, xeyr. Hesab edirəm ki, bu gün hərbi təhsil sistemində həyata keçirilən islahatlar zamanı bir sıra mənəvi və psixoloji məqamlardan yan keçilir. NATO standartlarında mövcud olan insan hüquqları, hərbçilərin öz hüquqlarını israrla tələb etməsi, karyera artımı üçün bərabər imkanların yaradılması və s. məqamlar bizdə o qədər də işləmir. Bu və digər səbəblərdən ordu birləşmələrində yenicə hərbi xidmətə başlayan gənc zabitlərdə xidmətə həvəs o qədər də böyük olmur", - deyə İ.Məmmədov bildirdi.
Digər ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində NATO təhsilli kadrlarla bağlı vəziyyət o qədər də qənaətbəxş deyil. "Əslində bu istiqamətdə böyük problemlər mövcuddur. Nədənsə NATO standartlarına uyğunlaşma prosesində zabit heyətinin sosial problemlərinin həlli, məvaciblərin kəskin artımı, mənzil təminatı kimi hallara az diqqət yetirilir, bəzən isə bu kimi məqamlar diqqətdən kənarda qalır. Orduda rüşvətlə mübarizə aparıldığı bəyan edilir, amma rüşvəti yaradan səbəblərlə mübarizə aparan yoxdur", - deyə o bildirdi.
Onun fikrincə, Azərbaycan ordusunda hazırkı komanda heyətinin və komanda-nəzarət prosedurlarının nəzərdən keçirilməsi zəruridir.
Orduda kadr islahatlarını necə aparmalı? Ekspertlərin fikri birmənalıdır: kadr islahatlarını həm də yuxarıdan aşağı başlamaq lazımdır. "Sözdə bir, əməldə başqa cür hərəkət edən hərbi məmurlar əslində Azərbaycan ordusunu uçuruma aparırlar", - deyə Ü.Cəfərov bildirir.
"Əgər ordunun kadr təminatı və ölkənin hərbi təhsil sahəsi ilə bağlı konsepsiya hazırlansa, sözsüz ki, orada yoxlama və nəzarətdən keçirmə prosedurları da əksini tapacaq" deyən İ.Məmmədovun fikrincə, hazırda güc strukturlarında rəhbər vəzifə tutan məmurların yaş, təhsil, iradə, dünyagörüş və psixoloji baxımdan NATO standartlarına nə dərəcədə uyğun olmasının araşdırılması vacibdir. NATO sistemində bu kimi amilləri yoxlamaq üçün xüsusi testlər də mövcuddur. İ.Məmmədov deyir ki, yüksək vəzifəli məmurları NATO standartlarına uyğunlaşdırmağa çalışmaqdan əvvəl bunun üçün müvafiq yüksək səviyyəli ştat-struktur islahatlarını həyata keçirmək lazımdır. Əslində bu ştat-struktur islahatlarının gələn ildən başlayaraq həyata keçiriləcəyi gözlənilir.
NATO rəsmilərinin Bakıya səfərləri zamanı Azərbaycanla əməkdaşlıqdan rzaı qalmaları, orduda həyata keçirilən islahatları müsbət qiymətləndirmələri və s. ekspertlərin diqqətindən yayınmır. İ.Məmmədov hesab edir ki, NATO-nun özü də Azərbaycanda həyata keçirilən hərbi islahatlarda ikili standarta meyllənir. "Alyans rəhbərliyi ordumuzda quruculuq prosesinə ciddi əngəl yaradan bəzi neqativ hallara göz yumur, bəzi hiss edilməyən, çox cüzi irəliləyişləri isə layiq olmadığı formada alqışlayır" deyən ekspertin fikrincə, NATO-nun bu mövqeyi Gürcüstanda baş verən hadisələrdən sonra daha da kök atıb.
"Amma düşünürəm ki, NATO Azərbaycanla əməkdaşlığı daha da sıxlaşdırmaq yolunda ciddi addımlar atmalıdır. Alyansın ordumuzdakı islahatlar prosesinə yanaşma tərzi dəyişməlidir. Hazırkı yanaşma Azərbaycan Silahlı Qüvvələrində hər hansı ciddi inkişafa, irəliləyişə gətirməyəcək", - deyə İ.Məmmədov bildirir. Eyni zamanda ekspert hesab edir ki, Türkiyənin bu prosesə fəal şəkildə qatılması və Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatında "söz sahibi" olması vəziyyəti tam dəyişəcək.
"Türkiyənin bu istiqamətdə çox illik təcrübəsi var. Fikrimcə, Bakı Ankara ilə bu sahədə əməkdaşlığı dərinləşdirməlidir. Türkiyə Azərbaycanın hərbi təhsil sisteminin müasirləşdirilməsinə və NATO standartlarına uyğunlaşdırılmasında indiyədək öz yardımını əsirgəməyib. Lakin Azərbaycan qardaş ölkəyə bu istiqamətdə daha geniş imkanlar yaratsa, ordumuzun nəinki Cənubi Qafqazda, hətta Şərqdə ən güclü ordulardan birinə çevriləcəyi gün uzaqda olmayacaq", - deyə İ.Məmmədov bildirdi.

C.SÜMƏRİNLİ

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov