Orduda itkilər artır
Ekspertlər
ciddi tədbirlərin görülməsini zəruri sayırlar.
"Müdafiə və
təhlükəsizlik sektoruna ictimai nəzarət" koalisiyası 2009-cu
ilin oktyabr ayında və ümumilikdə ilin 10 ayı ərzində Azərbaycan
Silahlı Qüvvələrində baş verən itkiləri açıqlayıb. Qurumdan
"Ordunun Aynası"na verilən məlumata görə, 2009-cu ilin oktyabr
ayında 3 hərbi qulluqçumuz dünyasını dəyişib. Bu ay 4 hərbi
qulluqçumuz yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə
qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən dünyasını
dəyişənlər də var.
Xronologiya
1 oktyabr. Şəki rayonundakı "N" saylı hərbi hissənin əsgəri
Rahib Tağıyev qayadan yıxılıb.
2 oktyabr. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Zakir
Həsənli və Mahir Bayramov İsveçrənin Çug kantonunda avtomobil
qəzasına düşüblər.
10 oktyabr. Sumqayıtdakı "N" saylı hərbi hissənin əsgəri,
1990-cı il təvəllüdlü, 2009-cu ilin aprel ayında Lənkəran rayon
Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Teymur
İsaxan oğlu Mirzəli naməlum şəraitdə dünyasını dəyişib. Əsgərin
özünü asdığı deyilsə də, sonradan onun ağır işgəncələrlə
öldürüldüyü məlum olub.
11 oktyabr. Ermənistan ordusunun Füzuli rayonu istiqamətində
atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri
yaralanıb.
17 oktyabr. Qusardakı "N" saylı hərbi hissənin əsgəri, 1991-ci
il təvəllüdlü, 2009-cu ilin aprelində Zaqatala rayon Hərbi
Komissarlığından xidmətə çağırılmış Faiq Məhərrəm oğlu Mahmudov
poliqonda təlim keçirilən zaman avtomatla ehtiyatsız davranıb.
Baş nahiyəsinə atəş açmış əsgər dünyasını dəyişib.
23 oktyabr. Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam
istiqamətində atəşkəsi pozması nəticəsində əsgər Eldar İsmayılov
şəhid olub. E.İsmayılov 2009-cu ilin aprelində Sumqayıt şəhər
Hərbi Komissarlığından xidmətə çağırılmışdı.
Nəticə
Beləliklə, 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan
Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 53 nəfər
təşkil edir. Koalisiyanın məlumatlarına görə, itkilərin 12-si
döyüş (9-u erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat),
qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə
qeyri-nizamnamə hərəkətlərindən 19, xəstəlikdən (zəhərlənmədən)
isə 5 hərbi qulluqçumuz dünyasını dəyişib.
Yanvar - oktyabr aylarında 5 hərbi qulluqçumuzun intihar etdiyi
bildirilir.
Ötən müddətdə dünyasını dəyişmiş hərbi qulluqçuların 3-ü Dövlət
Sərhəd Xidmətinin, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 2-si
Xüsusi Dövlət Mühafizə Xidmətinin, qalanları isə (46 nəfər)
Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt
hadisələr artan xətt üzrə inkişaf edir. Koalisiya ekspertlərinin
hesablamalarına görə, 2003-2009-cu illərdə - 82 ay müddətində
Azərbaycan Silahlı Qüvvələri ən azı 384 hərbi qulluqçusunu
itirib. Onun 146 nəfəri döyüş (121 nəfəri erməni gülləsi, 21
nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri),
238 nəfəri isə qeyri-döyüş (49 nəfər intihar, 32 nəfər qəza, 78
nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr,
15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 26 nəfər müxtəlif
xəstəliklər) itkiləridir.
Cari ildə 34 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.
Ümumilikdə, 2003-cü ildən bəri bu və ya digər səbəblərdən
yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 297 nəfərdən
çoxdur. İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış
monitorinq nəticəsində ortaya çıxıb.
İtkilərin
qarşısını necə almalı?
Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələrində
itkilərin qarşısını almaq üçün problemin kökü ilə maraqlanmaq
lazımdır. Bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi
zəruri görünür.
İlk növbədə Silahlı Qüvvələrdə qeyri-nizamnamə hallarının
artmasının səbəbləri öyrənilməlidir. Araşdırmalar göstərir ki,
son 7 ildə güc strukturlarının 130-dan artıq hərbi qulluqçusu
hərbi nizamnamə qaydalarının kobud şəkildə pozulması hallarından
dünyasını dəyişib. "Bu, Azərbaycan miqyasında ölkə üçün böyük
rəqəm hesab edilə bilər", deyən ekspertlərin fikrincə, son
vaxtlar ordu birləşmələrində nizamnamə qaydalarının pozulması
hallarının artdığı aşkar hiss edilir. "Yaranmış hal
hüquq-mühafizə orqanları rəhbərlərini narahat etməlidir. Təcili
araşdırmalar aparılmalı, günahkarların cəzalandırılması
istiqamətində tədbirlər görülməlidir", - deyə mütəxəssislər
bildirir. Hərbi ekspertlərin fikrincə, son illərdə orduda
intiharların və naməlum hallar nəticəsində yaranmış itkilərin
sayının artması düşündürücüdür.
Hazırkı zamanda Azərbaycanda ordudakı itkilərin rəsmi
statistikasının açıqlanmaması da birmənalı qarşılanmır. Güc
strukturları bunu ölkənin müharibə şəraitində olması ilə
əsaslandırır. Lakin belə əsaslandırma müstəqil ekspertlər
tərəfindən qəbul edilmir.
Ordudakı itkilərin sayının minimuma endirilməsi istiqamətində
əsas addımlardan biri şəxsi heyətin maddi-texniki təminatının
güclənməsi olardı. Şəxsi heyətin məvacibləri artırılmalı, sosial
şərait yaxşılaşdırılmalıdır. Çünki bu, əks halda, orduda neqativ
halların artmasına, nəticədə itkilərin çoxalmasına gətirib
çıxarır. Ekspertlər bu qənaətdədirlər ki, ilk növbədə zabit,
gizir və ən əsası əsgərlərin maddi təminatının yaxşılaşdırılması
diqqət mərkəzində olmalıdır.
Araşdırmalar göstərir ki, il ərzində baş vermiş itkilərin ən azı
10-15 faizi təminat məsələlərində problemlərin olması səbəbindən
ortaya çıxır. "Kiçik rütbəli zabitlər maddi sıxıntı çəkir,
əsgərlər isə aldıqları simvolik məvaciblə öz şəxsi ehtiyaclarını
həll edə bilməzlər. Belə bir vəziyyətdə neqativ halların ortaya
çıxması istisna deyil", - deyə müşahidəçilər bildirir.
Araşdırmalar göstərir ki, əvvəlcədən orduda bu və ya digər
itkilərin baş verəcəyi barədə müəyyən məlumata malik şəxslər
mövcud olur. Bu şəxslərin həmin məlumatı lazımi zamanda müvafiq
qurumlara ötürməsi itkilərin sayının azaldılmasına böyük təsir
göstərə bilər. Bunun üçün hərbi hissələrdə "qaynar xətt"
sisteminin tam gücü ilə işə salınması, anonimliyə ciddi olaraq
zəmanət verilməsi və s. vacibdir. Eyni zamanda əsgərlər arasında
yaranmış müəyyən psixoloji problemlərin həlli üçün orduda
psixoloq institutunun yaradılmasına ehtiyac var. Son vaxtlar
Ombudsman Aparatının nümayəndələri hərbi hissələrdə xeyli sayda
görüşlər keçiriblər. Müşahidəçilər bu tip görüşlərin sayının
artırılmasını, səfərlərə digər qurumların, KİV orqanlarının, QHT
təmsilçilərinin daxil edilməsinin tərəfdarıdırlar.
Orduda itkilərin sayının azalmasına idarəçilik prinsiplərinin
müasir qaydalara uyğunlaşdırılması da təsir edər. Buraya hər bir
nüans, o cümlədən hərbi qulluqçuların karyera imkanlarının
artırılması da daxildir. Ekspertlərə görə, hərbi qulluqçuların
karyera imkanlarının artırılması orduda xidmət
əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olacaq əsas amillərdən
biridir. Belə ki, sərbəst karyera imkanları mövcud olduqda
zabitlər qarşısında hədəflər olur: hər bir zabit vəzifəcə
yüksəlməyə çalışır, çünki yuxarı vəzifə həm də onun maddi
problemlərinin həllinə imkan yaradır. Belə karyera imkanları
olmadıqda zabitlər həvəsdən düşür. Bu isə neqativ halların
yaranması üçün baza rolunu oynayır.
Xüsusilə orduda rotasiya qaydalarının tətbiqi mexanizminin
reallaşması vacib görünür. Məlumdur ki, son illər orduda
rotasiya qaydalarının tətbiqinə başlanılıb. Xüsusilə bu, cəbhə
xəttində xidmət edənlərin müəyyən müddətdən sonra (6-10 il)
xidmət yerinin dəyişdirilməsi və onların nisbətən arxa
mövqelərdə yerləşən hərbi hissələrə keçirilməsi ilə bağlıdır.
Lakin bu istiqamətdə bir sıra problemlər qalmaqdadır. Hərbi
ekspertlərin fikrincə, xüsusilə bir sıra hərbçilərə münasibətdə
ayrı-seçkilik hallarının olduğu müşahidə edilir. Daha bir
problem rotasiya sistemində Bakı şəhərində olan hərbi hissələrə
keçirilmə hallarının çətinliyi ilə bağlıdır. Bu isə uzun illər
cəbhə xəttində xidmət edən hərbi qulluqçulara münasibətdə
ayrı-seçkilik hallarını üzə çıxarır.
Bu gün Azərbaycanda hərbi sahəni nizamlayan qanunların,
qanunvericilik aktlarının, nizamnamə və əsasnamələrin
təkmilləşdirilməsi və yeniləşdirilməsi olduqca zəruridir.
Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, bu günkü qanunların
çoxu sovet dövründən qalmadır və orduda həyata keçirilən
islahatlar prosesinə mane olur, bir çox hallarda həmin
islahatları əngəlləyir. Eyni zamanda qanunvericilik aktlarının
təkmilləşdirilməsi zamanı da hərbi qulluqçuların hüquqlarının
qorunması diqqət mərkəzində olmalıdır.
Ekspertlərin əmindirlər ki, bu və digər islahatların həyata
keçirilməsi orduda itkilərin azalması ilə müşayiət olunacaq.
C.Məzahiroğlu..
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.