Ordu böyük dəyişikliklər ərəfəsində
Silahlı
Qüvvələrdə həyata keçirilən və planlaşdırılan islahatlar nədən
ibarətdir?
2010-cu ildən
etibarən Azərbaycan Silahlı Qüvvələrinin idarə olunması
qaydalarında hissediləcək dəyişikliklər gözlənilir. Bu barədə
"Ordunun Aynası" Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM)
üzərində işlədiyi "2009-cu il. Azərbaycan Silahlı Qüvvələrində
islahatların vəziyyəti: reallıqlar və proqnozlar" adlı
arayış-hesabata istinadən bildirir. Sənəddə qeyd edilir ki, məhz
2010-cu ilin yanvar ayının əvvəllərinədək Müdafiə Nazirliyinin
mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında həyata
keçirilən köklü ştat-struktur dəyişiklikləri başa çatmalıdır.
HATM-ın proqnozlarına görə, son dəyişikliklərin nəticəsi olaraq
Müdafiə Nazirliyinin aparıcı idarələrinə NATO standartlarına
uyğun savadlı, təcrübəli və bacarıqlı kadrlar rəhbər təyin
edilsə, onda idarəçilikdə dəyişikliklər gözləmək olar.
Xatırladaq ki, 2009-cu ilin yay aylarında MN-nin mərkəzi
aparatında və SQ Baş Qərargahında NATO islahatlarına uyğun yeni
ştat-struktur islahatları həyata keçirilib. Nəticədə qurumda
yeni idarələr yaradılıb, bir sıra strukturlar ləğv edilib, ya da
birləşdirilib. Noyabr ayında prezident İlham Əliyevin MN-nin
yeni idarələrinə rəislərin təyin olunmasına dair sərəncam
imzalayacağı gözlənilir.
HATM ekspertləri islahatlar nəticəsində formalaşdırılmış yeni
ştat-strukturların Silahlı Qüvvələrin çevik idarəçiliyinə zəmin
yaradacağına şübhə etmirlər. Lakin bu istiqamətdə problemlər də
var. HATM-ın hazırladığı sənəddə bildirilir: "Bu gün orduda
aparılmış ştat-struktur islahatları nəticəsində minlərlə zabit
və gizirin vəzifəsi aşağı salınıb və bununla da onun məvacibi
azaldılıb. Halbuki aşağı vəzifəyə təyin olunma zamanı zabit və
ya gizirin razılığı olmalı idi. Çünki aşağı vəzifəyə keçmə onun
məvacibinə və xidmətdən sonra alacağı təqaüdün miqdarına təsir
göstərir. "Hərbi xidmət keçmə haqqında" qanunla ixtisar baş
verərsə, zabit ordudan tərxis edilmək hüququna malikdir və buna
görə əlavə güzəşt və imtiyazlar əldə edir. Amma bizdə bir çox
hallarda zabit və gizirlərin bu hüququ tanınmır".
HƏRBİ
BÜDCƏ ARTIRILACAQ
Jurnalistlərin "Doktrina" Hərbi Araşdırmalar Mərkəzinin
proqnozlarına görə, Azərbaycanda hərbi
islahatların uğurla və səmərəli şəkildə həyata keçirilməsi üçün
münbit şərait mövcuddur və bu istiqamətdə imkanlar daha da
artır. Qarşıdakı dönəmdə Azərbaycanın hərbi xərcləri artırıla
bilər. Düzdür, Azərbaycan Milli Məclisi 2010-cu il üçün müdafiə
xərclərinin artırılmasını nəzərdə tutmur.
Gələn ilin dövlət büdcəsində hüquq-mühafizə orqanları üçün
nəzərdə tutulan vəsait 2009-cu illə müqayisədə 108 milyon manat
artırılaraq 707 milyon manata çatdırılsa da, müdafiə xərclərində
ciddi artım olmayacaq: hökumət bu sahəyə 1 milyard 205 milyon
manat ayıracaq. Qeyd edək ki, 2009-cu ilin hərbi xərcləri də
təxminən bu səviyyədə idi (qeyd edilməlidir ki, dövlət
büdcəsində ayrı-ayrı maddələrdə müdafiə xarakterli xərclər
nəzərdə tutulmuşdur ki, onları cəmləyəndə ümumi məbləğ 2 milyard
manata yaxın edir).
Amma proqnozlara görə, 2010-cu ilin ortalarından hərbi xərclərin
real artımına başlanıla bilər və bu proses tədricən 2015-ci
ilədək davam edəcək. Ekspertlərin fikrincə, əgər Silahlı
Qüvvələrin NATO standantlarına sürətli keçidi, şəxsi heyətin
maddi-texniki təminatının, sosial şəraitinin yaxşılaşdırılması
bir hədəf kimi hökumətin qarşısında durursa, onda hərbi büdcə
artırılmalıdır.
"Doktrina"nın əldə etdiyi proqnozlara görə, qarşıdakı 5-6 ildə -
2015-ci ilə qədər Azərbaycanın hərbi xərclərinin təxminən 30-40
faiz artırılması mümkündür. Bununla da qarşıdakı 5 ilin sonunda
ölkənin hərbi xərcləri maksimum səviyyəyə - 2,8 milyard manata
çatacaq.
Bu göstərici bəlkə də sonrakı illərdə liderliyini qoruyub
saxlayacaq. 2015-2020-ci illərdə hər hansı artım gözlənilmir.
Proqnozlara görə, 2015-ci ilə qədər Azərbaycanda hərbi xərclərin
təqribən artımı intensiv ştat-struktur, büdcə islahatları ilə
müşayiət olunmalıdır. Nəticədə 2015-ci ildən etibarən hərbi
büdcənin qeyd edilən səviyyəsi Azərbaycanın müdafiə və
təhlükəsizlik sektorunun saxlanmasına bəs edəcək. Çünki büdcə
artımı Silahlı Qüvvələrdə ştat-struktur islahatları, mülki
heyətin cəlb edilməsi, şəxsi heyətin ixtisarı kimi tədbirlərlə
müşayiət olunacaq.
HƏRBİ XƏRCLƏRİN ŞƏFFAFLIĞI
TƏMİN EDİLƏCƏK
Proqnozlara
görə, 2010-cu ilin əvvəlindən etibarən Azərbaycanda hərbi
xərclərin cəmiyyət üçün açıq olması siyasəti həyata
keçirilməlidir. Hərbi xərclərin cəmiyyət üçün açıq olan
hissələri barədə məlumat hökumətin və Müdafiə Nazirliyinin
saytında (bu qurumun veb səhifəsi hələ də hazırlanır)
yerləşdiriləcək, parlamentdə hesabat veriləcək.
Qeyd edək ki, dünya ölkələrində hərbi xərclərin maksimum
dərəcədə şəffaflığı həmişə diqqət mərkəzində olan məsələdir.
Qeyri-hökumət təşkilatlarının, mülki strukturların fəaliyyəti
həmişə ona yönəlib ki, güc strukturları onlara ayrılmış vəsaitin
haraya və nə məqsədlə xərcləndiyi barədə daim məlumat versin.
Çünki bu pullar məhz ayrı-ayrı vətəndaşların dövlətə ödədiyi
sosial ödəmələr hesabına formalaşdırılır. İnsanlar ödədikləri
pulların necə xərclənəcəyindən xəbərdar olmalıdır.
Amma Azərbaycanla bağlı bunu demək mümkün deyil. Bizdə hərbi
sahəyə ayrılmış pulların hansı məqsədlərə xərclənəcəyi barədə
heç kimə, hətta parlamentə belə hesabat verilmir. Bir sıra
deputatlar bu məsələnin aktuallığını daim parlament
tribunasından səsləndirsələr belə, heç kim 2 milyardlıq hərbi
büdcənin haraya sərf olunacağını bilmir.
Amma hazırda Azərbaycan hökumətinin hazırladığı sənəddə hərbi
xərclərin şəffaflığı ilə bağlı problemlərin həlli strategiyası
əksini tapır. Eyni zamanda, bu çərçivədə güc strukturlarının
qanunverici hakimiyyət qarşısında hesabatlılığı məsələsi həll
edilməlidir.
Hakimiyyət istəyir ki, qarşıdakı dönəmdə hərbi büdcə məsələləri
uzunmüddətli proqnozlaşdırmaya hazır vəziyyətə gətirilsin. Eyni
zamanda hərbi xərclərin məxfi hissələri ilə bağlı parlamentdə
etimad qrupunun yaradılması zərurəti də ortadadır.
Azərbaycanın hərbi büdcəsinin planlaşdırılması səviyyəsində
iştirak edən ekspertlərdən birinin "Ordunun Ayna"sına verdiyi
məlumata görə, hazırda ölkənin hərbi xərclərinin 65-70 faizinin
cəmiyyət üçün açıqlığı siyasətinin həyata keçirilməsi tam
mümkündür. "Yalnız 30-35 faiz xərclərin açıqlanması məqbul
deyil. Çünki bu xərclər ölkənin strateji hədəfləri ilə bağlıdır
və onların açıqlanması müdafiə qüdrətinə xələl gətirə bilər", -
deyə mənbə qeyd edir. Baxmayaraq ki, Azərbaycan beynəlxalq
təşkilatlar qarşısında hərbi büdcəsinin detalları ilə bağlı
açıqlamalar verir.
MƏNZİL PROBLEMİNİN HƏLLİ
Jurnalistlərin "Doktrina" Hərbi Araşdırmalar Mərkəzinin əldə
etdiyi məlumatlara görə, gələn ildən etibarən hərbi qulluqçulara
mənzil kirayəsi üçün verilən məbləğin artırılması gözlənilir.
Hazırda 2 övladı olan ailəli zabit dövlətdən təxminən 70
manatadək kirayə pulu alır ki, bu da real qiymətlərdən çox
aşağıdır. Gələn ildən tətbiq olunması planlaşdırılan addımlardan
biri zabitlər üçün kirayə mənzillərin Müdafiə Nazirliyi
nümayəndələri vasitəsilə tapılmasıdır. Belə ki, bu varianta
görə, nazirlik nümayəndələri ayrılmış vəsaitə uyğun ev
kirayələyir və zabitlərin orada yerləşməsini təmin edirlər. Bu
variant alınmasa, onda mənzil kirayəsi üçün ayrılmış vəsait
artırılacaq. Bu məsələlər hələlik müzakirə səviyyəsindədir.
Amma bir həqiqət var ki, hazırda hərbi qulluqçuların mənzil
kirayələməsinin özündə ciddi problem mövcuddur.
Ən azı sənədləşmə işi ilə bağlı
çətinliklər var.
Cəsur Sümərinli
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.