Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


NATO-nun yeni siyasəti Azərbaycanın maraqlarına cavab verirmi?

 Ordunun Aynası" əlavəsi "MilAz" İnformasiya Agentliyi ilə birlikdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti, ölkənin yürütdüyü hərbi siyasət və sair məsələlərlə bağlı yerli ekspertlərin fikrini öyrənib.

 Xüsusi olaraq hazırlanmış suallar Azərbaycanda ictimai rəyin formalaşmasına təsir etmək gücündə olan ekspertlər, politoloqlar, hərbçilər, jurnalistlər, QHT rəhbərləri tərəfindən cavablandırılıb. 50-yə qədər şəxsin iştirak etdiyi sorğu nəticəsində diqqəti çəkən cavablar üzə çıxıb. "Ordunun Aynası" suallara verilmiş cavabları ümumiləşdirərək diqqətinizə çatdırır.
I SUAL. Azərbaycanın NATO ilə hazırkı əməkdaşlıq səviyyəsi məqbul hesab edilə bilərmi?
Respondentlərə təqdim olunan ilk sual Azərbaycan Respublikasının NATO ilə hazırkı əməkdaşlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı oldu. Respondentlərin tam əksəriyyəti bu əməkdaşlığın zəif olması qənaətindədir. Eyni zamanda bu gün üçün bu əməkdaşlığın "bundan artıq ola bilməyəcəyini" söyləyənlər də tapıldı.
Ekspertlərin fikrincə, hər iki tərəfin əlaqələri daha da inkişaf etdirmək meyli olsa da, tərəflər bundan yüksək münasibətlər qurmağa hələ hazır deyillər.
Respondentlərin əksəriyyətinin fikrincə, ötən dövrdə NATO ilə həm hərbi, həm də siyasi əməkdaşlıq sahəsində bir sıra addımlar atılıb. Son 15 ildə Azərbaycan "Sülh naminə tərəfdaşlıq" (PfP) ilə yanaşı NATO-nun bir sıra digər proqramlarına da qoşulub və bu proqramlar çərçivəsində alyansla "imkan çatan yerədək" əməkdaşlıq edir.
Rəsmi məlumatlara görə, hər il Azərbaycan hərbçiləri 250-dən artıq PfP tədbirində iştirak edir. IPAP, PARP və PAP-T üzrə mühüm tədbirlər həyata keçirilib. Ekspertlər hazırda rəsmi Bakının NATO ilə siyasi və hərbi sahə ilə yanaşı elm, mülki və fövqəladə planlaşdırma, hərbi bazaların konvensiyası və minatəmizləmə, ekologiya, nəqliyyat üzrə əməkdaşlığını da müsbət qiymətləndirirlər. Onların fikrincə, qeyd edilən sahələrdə qarşılıqlı əməkdaşlıq fonunda bir sıra layihələr reallaşdırılıb.
Rəsmi məlumatlara görə, Azərbaycan bu əməkdaşlıq çərçivəsində hərbi, sərhəd nəzarəti sahəsində islahatlar həyata keçirib. Digər tərəfdən Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmət aparır.
Eyni zamanda bir sıra respondentlər hesab edir ki, Azərbaycan və NATO arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olmasına baxmayaraq onlardan yetərincə istifadə edilmir. Digər tərəfdən əhalinin NATO ilə bağlı maarifləndirilməsi məsələsinə ciddi diqqətin ayrılmasının zəruriliyi qeyd edilir. Eyni zamanda ictimai fikirdə NATO-nun imicinin yaradılması üçün xeyli iş görülməli olduğu qeyd edilir.
Çünki Azərbaycan ictimaiyyətində NATO ilə bağlı müxtəlif rəylər mövcuddur. Azərbaycanın sovet nəsli üçün NATO daha çox o dövrün ölçüləri ilə müncər edilib, yeni nəsil isə Alyansa münasibətdə müxtəlif baxışları əks etdirir. Bu baxımdan respondentlərin bir qismi Azərbaycanda NATO-nu təbliğ edən mərkəzlərin yaradılmasını zəruri hesab edir. Onların fikrincə, ölkə çətin geosiyasi bölgədə yerləşib və bu baxımdan ölkə əhalisinə xarici ideoloji təzyiqlər böyükdür.
Bəziləri Azərbaycanın NATO ilə əməkdaşlığının hazırda normal proses çərçivəsində davam etməsinə şübhə ilə yanaşır. Onların fikrincə, Azərbaycanın NATO ilə əməkdaşlıq səviyyəsi Rusiyanın bölgədəki nüfuzu ilə tərs mütənasibdir. Rusiyanın Qafqazda təsir imkanları azalan dövrdə Azərbaycanın NATO ilə daha intensiv əlaqələri mövcud olub və bu, yüksələn xətt boyu inkişaf edib. Respondentlərin bir qismi hesab edir ki, Rusiyanın bölgədəki indiki nüfuzu 10-15 il əvvəllə müqayisə oluna bilməz, indi daha güclüdür. Rusiya NATO-nun bu bölgədəki iştirakına dözümlü yanaşmır və münasibətini birmənalı şəkildə bildirib. Onun bu mövqeyi ətraf ölkələri daha ehtiyatlı davranmağa məcbur edir. Respondentlər NATO-nun Gürcüstandakı son təlimlərinə Rusiyanın sərt mövqeyini xatırladırlar.
Respondentlər hesab edirlər ki, Azərbaycanla əməkdaşlıq məsələləri daha çox "Əlahəzrət Rusiya"nın reaksiyaları fonunda aparılır və daha çox "ayı"nı qəzəbləndirməməyə yönəlib. Bəziləri isə düşünür ki, NATO sistemi özü artıq "altıncı barmaq" effekti yaradır. Bu və digər səbəblərdən bəziləri NATO-nun Azərbaycanla (Cənubi Qafqazla) əməkdaşlığının bir sıra şərtlər baxımından çətin olduğunu düşünürlər:
1. Rusiya ABŞ-ın bütün səylərinə baxmayaraq Qafqazda (həm Şimali, həm də Cənubi) mövqelərini qoruya bildi.
2. Rusiya postsovet ölkələrinin əksəriyyətində rus-sovet simbiozlu hakimiyyətlərin formalaşması üçün əlindən gələni edib və məqsədinə nail olub.
3. SSRİ-dən qalma mürəkkəb iqtisadi və sənaye sistemi postsovet ölkələrinə Avropa bazarlarına müstəqil şəkildə çıxmağa imkan verməyib.
4. Sovet - rus hərbi birləşmələrinin və obyektlərinin Qafqaz ərazisində mövcudluğu NATO üçün keçilməz sədd kimi görünür.
5. ABŞ postsovet ölkələrində siyasi idarəetməni Rusiya ilə bölüşüb və Moskva bu məsələdə razılaşdırılmamış hər hansı hərbi islahatlar cəhdinə və bu yöndə hər hansı bir müdaxiləyə çox sərt reaksiya verir.
Respondentlərin fikrincə, ABŞ-ın dəstək verdiyi Ərdoğan hakimiyyəti tərəfindən Türkiyənin hərbi sisteminin demontajı birbaşa Azərbaycan hərb sisteminin Qərb tipi ilə formalaşması üçün ciddi problem yaradır. Çünki Azərbaycan üçün NATO-ya inteqrasiyada bütün hallarda "Türkiyə modeli" əsas götürülür. Amma NATO üzvü Türkiyədə siyasi hakimiyyətin ordu ilə üz-üzə qoyulması, etnik separatçılıq kartı ilə ölkəyə təzyiq Azərbaycanın gözü qarşısında baş verir və bu bir sıra nüfuzlu dairələrə, o cümlədən Rusiyaya şərtlərini diktə etmək imkanı verir. Bir sıra respondentlər israrla vurğulayırlar ki, Azərbaycanın NATO ilə səmərəli əməkdaşlığı daha çox geosiyasi amillərin dəyişməsindən və Qərbin Rusiyanı uzun illər üçün "küncə" sıxışdıra biləcəyindən asılıdır.
Respondentlərin əksər hissəsi Azərbaycanın NATO-ya daha sıx inteqrasiyasının tərəfdarıdır. Onların fikrincə, bu inteqrasiyada hədəf alyansa üzvlük olmalıdır. Amma arzularla reallıq, təəssüf ki, həmişə üst-üstə düşmür.
Bir çoxları Azərbaycanın NATO-ya daha sıx inteqrasiya etməməsinin əsas səbəbini yerli hakimiyyətlə əlaqələndirir. Onların fikrincə, rəsmi Bakı NATO ilə əməkdaşlığa fakti olaraq önəm vermir, bu isə hökumətin apardığı xarici siyasət kursu ilə bağlıdır.
Bütün bunlara baxmayaraq, bəziləri hesab edir ki, Azərbaycanın NATO ilə hazırkı əməkdaşlıq səviyyəsinin ümumi mənzərəsi daha çox "qarşılıqlı dialoqlar və gələcək üçün ehtiyatda saxlanılan "qızıl təkliflər"dir. Onlar bunu bir neçə səbəblə izah edirlər: ən vacibi NATO-nun özünün Azərbaycanla bağlı mövqeyinin tam formalaşmamasıdır. NATO bir hərbi birlik olaraq işləmək istədiyi, özünün gələcək və potensial üzvləri hesab etdiyi Cənubi Qafqaz ölkələrinin geostrateji maraqlarının təmin olunmasına və hakim üsul-idarənin siyasi perspektivlərinə baxışlarının dəyişib-dəyişməyəcəyinə dair heç bir zəmanət ki vermir.

C.SÜMƏRİNLİ

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov