Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


NATO Cənubi Qafqazla bağli hansi addimlari planlaşdirir?

Alyans ekspertləri hesab edirlər ki, NATO-nun yubiley sammitində Rusiya ilə bağlı qərar qəbul ediləcək

Noyabrın 19-da Azərbaycan nümayəndə heyətinin Brüsselə ikigünlük səfəri başa çatdı. "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşının da qatıldığı nümayəndə heyətinin NATO-nun mənzil-qərargahındakı görüşlərində alyansın Cənubi Qafqazla bağlı yürütdüyü siyasət, NATO - Rusiya münasibətləri və sairə məsələlər diqqət mərkəzində oldu.
Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və NATO İctimai Diplomatiya Bölməsinin (İDB) maddi dəstəyi ilə baş tutan səfər çərçivəsində görüşlər noyabrın 17-də və 18-də keçirildi. Görüşlərdə NATO-nun Qafqaz ölkələri ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP) ətrafında da müzakirələr aparıldı.
Heyətimizin tərkibi, necə deyərlər, rəngarəng idi: bəndənizdən başqa, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin dekan müavini Əmir Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Mərkəzi Seçki Komissiyası Katibliyinin rəhbər müavini Samir Məhərrəmov. Millət vəkili Aqil Abbas müəyyən səbəblərdən səfərə qatıla bilmədi.

NATO-nun Azərbaycanli məmuru və IDB-nin müasir işləmə metodlari
Brüssel hava limanında bizi doğma Azərbaycan dilimizdə "xoş gəlmisiniz" deyə bir qadın qarşıladı: Lüdmila Çerenko. Bu ortayaşlı qadın NATO İDB-nin protokol məmuru idi. Çerenko təəccübümüzə rəğmən Bakıda anadan olduğunu, bir müddət Fransada yaşadığını və ən nəhayət, NATO-da çalışdığını dilə gətirdi. Öz doğmaları ilə görüşməkdən məmnun olduğunu dilə gətirən Lüdmila Çerenko Azərbaycan dilini hələ də unutmadığını, bir çox kəlmələri bildiyini söylədi. İPD-nin bu xoş, gülərüzlü xanımı NATO-nun müasir təbliğat texnologiyalarından lazımınca və yerindəcə istifadə etməyə çalışdığının sübutu idi.
Əslində, NATO İDB hazırkı fəaliyyətində informasiya və təbliğat texnologiyalarının bütün müasir və vacib qaydalarından maksimum dərəcədə istifadə etməyə çalışır. Məhz bu səbəbdən NATO müasir informasiya texnologiyalarının əldə edilməsi işinə böyük miqdarda sərmayə yatırıb.
İDB məmurları öz gündəlik işlərini resurslar, strategiya və planlaşdırma, müvafiq vasitələr üzərində qururlar. İşdə dəqiqlik, məsuliyyətlilik, hörmət, etibarlılıq həmişə vacibdir. İDB həmişə dəqiq informasiyalara arxalanmağa və yalnız dəqiq informasiyalar təqdim etməyə çalışır. Çünki bir İDB məmurunun dediyi kimi, yalan informasiya bütün işi məhv edə bilər. Yeri gəlmişkən, NATO İDB Azərbaycanın bütün fəal, intellektual insanlarını www.atlantic-community.org saytına dəvət edir. Bu saytda onlar fəal müzakirələr apara, ümumi təhlükəsizlik, yeni çağırışlarla əlaqədar fikir mübadiləsi həyata keçirə bilərlər.
Məlumata görə, bu il NATO İDB dünyanın 10 ölkəsində alyans barədə ictimai rəyi öyrənmə sorğusu keçirir. Gələn il bu tip sorğular daha 10 ölkədə keçiriləcək. Yaxın illərdə ictimai rəyi öyrəniləcək ölkələr sırasına Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın da daxil olacağı istisna deyil. Çünki Cənubi Qafqaz, xüsusilə Azərbaycanda NATO-ya üzvlüklə bağlı icimai rəyin necə olması həmişə diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyəti dəfələrlə bu sualı cavablandırmağa məcbur oldu. Açığı, ölkədə indiyədək NATO-ya üzvlüklə bağlı ciddi, genişmiqyaslı və kompetent sayıla biləcək sorğuya rast gəlinməyib.

Dünyanin 1 sayli "hərbi hissə"si
Məlum oldu ki, Brüsseldəki toplantıya Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistandan da nümayəndə heyətləri qatılıb. NATO İDB-də bunu belə izah etdilər ki, Cənubi Qafqazın 3 ölkəsinin NATO-nun mənzil-qərargahına birgə səfərini təşkil etmək maliyyə baxımından onlara ucuz başa gəlir. Əslində, gələn il NATO-nun Cənubi Qafqaz ölkələrinə maddi yardımının azalacağı ehtimal edilir. Çünki alyansın gündəmində yeni vacib ölkələr var. Onların arasında əhəmiyyətli yeri Əfqanıstan tutur. NATO dairələrində bildirdilər ki, onlar indiyədək Cənubi Qafqaz ölkələri ilə həyata keçirdikləri bir sıra uğurlu layihələri hədəfdə olan yeni ölkələrə tətbiq edəcəklər. Amma bu, Cənubi Qafqaz ölkələrinin NATO-nun "gözündən düşməsi" anlamına gəlməməlidir. Alyansda hesab edirlər ki, NATO Cənubi Qafqaz ölkələrinin dirçəlməsinə, müdafiə və təhlükəsizlik sektorlarının özlərinin milli təhlükəsizliyini qoruya biləcək həddə çata bilməsinə kifayət qədər yardım göstərib. Bu xüsusda yardımlar davam etdiriləcək, lakin artıq bu dövlətlərin islahatlarda müstəqil addımlar atmasının və öz addımlarını özləri maliyyələşdirməsinin də zamanı yetişib.
Noyabrın 17-si və 18-də NATO İDB-də keçirilən görüşlər zəngin oldu. NATO-nun mənzil-qərargahı, əslində, qapalı bir hərbi hissə təsəvvürü yaradır. Tikanlı məftillərlə əhatə olunmuş bir saylı "hərbi hissə"nin giriş qapısında nümayəndə heyətlərini ciddi şəkildə yoxladılar və bütün fotokameralar və kamerası olan mobil telefonlar saxlama kamerasına təhvil verildi. NATO-da bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirdilər. Sonradan nümayəndə heyətlərinə NATO-nun məşhur emblemi qarşısında foto çəkdirməyə icazə verildi.
Cənubi Qafqaz ölkələrindən olan nümayəndə heyətlərinin NATO-ya səfərləri il ərzində iki dəfə baş tutur. Birincisində əsasən mətbuat orqanlarının, ikincisində isə güc strukturlarının mətbuat xidmətlərinin əməkdaşları NATO-nun mənzil-qərargahına səfər etmək şərəfinə nail olurlar. NATO-da hesab edirlər ki, Cənubi Qafqazdan olan nümayəndə heyətlərinin alyansın mənzil-qərargahına səfərləri iki məqsədlə həyata keçirilir: birincisi, bu tip səfərlərlə KİV nümayəndələri və ümumiyyətlə, ölkələrində ictimai rəyi yaradan insanlar NATO ilə bağlı daha müfəssəl məlumatlara malik olurlar, ikincisi, bu tip səfərlər nəticəsində Cənubi Qafqaz ölkələri arasında siyasi və təhlükəsizlik sahəsində dialoq güclənir.
Əvvəlcədən məlumat verək ki, müzakirələr NATO İDB-nin Qafqaz üzrə regional əlaqələndiricisi Despina Afentuli, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons, NATO baş katibi köməkçisinin kommunikasiya məsələləri üzrə müavini Stefaniye Babst, NATO-nun Əməliyyat Bölməsinin məmuru Erik Sandahl, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma Bölməsinin Qüvvələr Planlaşdırması Direktoriatlığının məmuru Qay Gerbeau, NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsinin məmurları Lorenz Meyer-Minneman, Ceyms Makkey, Qael Moullek, ABŞ-ın NATO-dakı missiyasının tərəfdaşlığa dair cavabdeh məmuru Heydi Evans və başqaları tərəfindən təşkil olundu.
Müzakirə olunan mövzular NATO və Qafqaz münasibətləri, NATO-nun 60 illik yubileyi ilə bağlı çağırışlar, NATO-nun əməliyyatları, Qafqazda müdafiə və təhlükəsizlik sektorunun islahatı, Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) implementasiyası, NATO - Rusiya əlaqələri, ABŞ-ın NATO ilə əlaqələri və s. ibarət oldu.
Əvvəlcədən qeyd edək ki, müzakirələr çox qızğın və olduqca maraqlı keçdi. Həmçinin bildirək ki, nümayəndə heyətlərinin NATO-nun mənzil-qərargahına tanıtım səfərləri ilə bağlı illərlə formalaşmış ənənəni nəzərə alaraq hər hansı ifadənin rəsmi şəkildə təqdim olunması bir qədər qəbuledilməz olduğundan oxucularımızı NATO dairələrində Cənubi Qafqaz ölkələrinin alyansla əməkdaşlıq perspektivləri, NATO - Rusiya münasibətləri, ümumiyyətlə, alyansın özünün transformasiyası ilə bağlı səslənmiş məlumatları ümumi şəkildə sizlərə təqdim edəcəyik.

Cənubi Qafqazda kim nato üzvü olacaq?
Əslində, Cənubi Qafqaz ölkələrinin NATO ilə əlaqələrinin başlandığı vaxt rəsmən 1994-cü il hesab edilir. O zaman Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Bundan sonra Cənubi Qafqaz ölkələrinin alyansla əməkdaşlıq prosesində müxtəlif səviyyələr üzə çıxdı. NATO-da gizlətmirlər: Gürcüstan alyansa üzv olmaq istəyir, Ermənistanla bağlı vəziyyət hamıya aydındır, Azərbaycan isə NATO-ya üzvlüklə bağlı qərarını açıqlamayıb. Əslində, ifadənin bu cür qoyuluşu NATO - Azərbaycan münasibətlərində mümkün olacaq addımların hələlik atılmadığı mənasına gəlir.
Alyansda hesab edirlər ki, Azərbaycan NATO ilə bağlı qərarını vermədiyindən bu ölkə ilə bağlı perspektiv planları hələlik dəqiq şəkildə qurmaq mümkün deyil. Lakin Brüsseldə Bakının hər bir addımını izləyirlər. NATO dairələrində düşünürlər ki, Bakının hazırkı "balanslı siyasət"i regional proseslər baxımından başadüşüləndir. Lakin geosiyasi vəziyyət dəyişdikdən sonra NATO - Azərbaycan münasibətlərində yeni, daha ciddi çalarların üzə çıxacağı şübhəsizdir.
NATO-nun Ermənistanla bağlı münasibətlərinin perspektivinə gəldikdə isə, alyansda hesab edirlər ki, hazırda bu ölkə Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatında üzvlüyünü qənaətbəxş hesab edir. Həmçinin bu ölkənin ərazisində Rusiyanın hərbi bazasının mövcud olması təbii qarşılanmalıdır. Azərbaycan nümayəndə heyətinin israrla "Ermənistandakı rus hərbçiləri regionun təhlükəsizliyinə təhdid deyilmi" kimi səsləndirdikləri suallara cavablarında NATO ekspertləri bunun rəsmi Yerevanın seçimi olduğunu dilə gətirdilər. Onların fikrincə, Ermənistan öz təhlükəsizliyinin belə qorunmasını istəyir və NATO onun qərarına hörmətlə yanaşır. Lakin Gürcüstanda məcburi qaydada rus hərbçiləri yerləşdirilib və əlbəttə ki, NATO həmin qoşunların bu ölkənin ərazisindən çıxmasını istəyir.
NATO-da hesab edirlər ki, hazırda Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatına üzv olan Ermənistan və gələcəkdə NATO-ya üzv olması gözlənilən Gürcüstanla bağlı NATO - Rusiya qarşıdurması gözlənilmir.
NATO rəsmiləri bir daha bildirdilər ki, alyansa üzv ölkələrin xarici işlər nazirlərinin bu ilin dekabr ayında keçiriləcək toplantısında Gürcüstanın NATO-ya üzvlüyü məsələsinə, onun Membershir Action Plan - Üzvlük Əməliyyat Planına qoşulmasına baxılacaq. Lakin onu qeyd edək ki, NATO-nun kuluarlarında Gürcüstan və Ukraynanın tezliklə NATO-ya üzv olacağına inanmırlar. Ümumi rəy belədir ki, hər iki ölkə Rusiya ilə münasibətləri qaydaya salmalı, bir sıra vacib iqtisadi, siyasi və hərbi islahatları həyata keçirməlidir. NATO mənbələri bütün bunlar həyata keçirildikdən sonra Gürcüstan və Ukraynanın 2010-cu ildə NATO-ya üzvlüyü üçün münbit şərait yaranacağını düşünürlər.
Ümumiyyətlə, NATO-nun qapıları həmişə açıqdır. Bu, alyans rəsmilərinin həmişə bəyan etdikləri vacib bəyanatlardan biridir.

NATO-nun genişlənməsi kimə təhdiddir?
NATO-da hesab edirlər ki, ümumilikdə götürdükdə Cənubi Qafqaz ölkələri Orta Asiya dövlətləri ilə müqayisədə NATO-ya bir addım daha yaxındır. Artıq Qafqazda NATO ilə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. 2002-ci ildən başlayaraq bu əməkdaşlıq daha da qabağa gedib: məhz bu dövrdən başlayaraq NATO Cənubi Qafqaz ölkələrinin qeyri-hökumət təşkilatları, media qurumları ilə əməkdaşlığı gücləndirib, qarşılıqlı səfərlər artıb.
NATO Şərqə doğru niyə genişlənir? Bu sual həm Cənubi Qafqaz ölkələrinin nümayəndə heyətlərində, həm də, sözsüz ki, alyansın genişlənməsindən qıcıqlanan Rusiyanın siyasi və hərbi dairələrində həmişə maraq doğurub. Brüsseldə bunu 3 səbəblə əlaqələndirirlər: birincisi, NATO Şərqə doğru genişləndikcə təhlükəsizliyin qorunmasına və mövcud təhdidlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına çalışır, ikincisi, Qafqaz və Orta Asiya ölkələrində demokratiyanın inkişafına dəstək verir, üçüncüsü isə, qeyd edilən regionlarda müdafiə və təhlükəsizlik sektorunun inkişafına və bu sahələrin dövlətlərin milli təhlükəsizliyinin qorunmasına nail ola biləcək həddə çatdırılmasına səy göstərir.
NATO dairələrində mövcud olan düşüncəyə görə, alyansla münasibətlərin uğuru buna can atan ölkənin fəaliyyətindən asılıdır. Əgər hər hansı bir ölkə demokratik nailiyyətlər əldə etmək istəyirsə, müdafiə və təhlükəsizlik sektorunda ciddi islahatlar həyata keçirmək arzusundadırsa və ən nəhayət, milli təhlükəsizliyinin və suverenliyinin təminatına çalışırsa və bütün bu istiqamətlərdə NATO-nun dəstəyinə arxalanmaq niyyətindədirsə, onda alyans bunun qarşılığını mütləq verəcək. NATO ilə "əməkdaşlıq etmək xatirinə əməkdaşlıq qurmaq" yolunu tutan dövlətlərlə alyans həmin ölkələrin istəyinə uyğun əməkdaşlıq qurur.
Brüsseldə hesab edirlər ki, NATO-nun Şərqə doğru genişlənməsi heç bir ölkəyə təhlükə yaratmır. NATO ekspertlərinin fikrincə, Rusiya prezidenti Dmitri Medvedyevin Rusiyanın Kalininqrad vilayətində "İsgəndər" raketlərini yerləşdirmək istəyi əsaslandırılmamış qərardır. NATO dairələrində bildirirlər ki, alyans Rusiyanın bu addımının gerçəkləşməsinə imkan verməyəcək və bunun üçün NATO-nun kifayət qədər təzyiq rıçağı var. Bir sözlə, NATO məmurları düşünürlər ki, Rusiya Kalininqradda "İsgəndər" raketləri yerləşdirməyə müvəffəq olmayacaq.
Ümumiyyətlə, NATO-da etiraf edirlər ki, alyansın əsas niyyətinin sadə rus vətəndaşına anlatmaq istiqamətində atılan addımlar hələlik səmərə vermir. Rusiyada NATO-nun bu və ya digər qaydada informasiya siyasətinə qarşı senzura fəaliyyəti mövcuddur. Alyans ekspertlərinin fikrincə, Rusiyanın, demək olar, bütün kütləvi informasiya vasitələri Kremldən aldıqları direktivə uyğun olaraq NATO ilə bağlı məlumatları dərc etməkdən və ya səsləndirməkdən imtina edir. Son vaxtlar Rusiyada fəaliyyət göstərən informasiya mərkəzlərinə təzyiqlərin güclənməsi də NATO-da narahatlığa səbəb olur. Alyansda hesab edirlər ki, son illər Rusiyada millətçilik xeyli dərəcədə güclənib.
Bu gün NATO və Rusiya küsülü vəziyyətdədir. Alyansda etiraf etdilər ki, Gürcüstandakı olaylardan sonra NATO-nun Kremllə münasibətlərinin çərçivəsi xeyli daralıb: indi NATO Rusiya ilə yalnız terrorizmlə mübarizə, Əfqanıstan və dəniz quldurları ilə mübarizə sahəsində əməkdaşlıq edir.

Gürcüstan - Rusiya münaqişəsi və NATO
NATO-da hesab edirlər ki, hazırkı situasiyada alyansın üzərinə yeni vəzifələr düşür. Bu vəzifələr həmçinin Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə nail olmaq məqsədi daşıyır. Qafqaz strateji baxımdan NATO-nun diqqət mərkəzində olduğundan buradakı münaqişələrin tezliklə həlli vacibdir - hər halda, Brüsseldə belə düşünürlər. Ekspertlər hesab edirlər ki, Qafqazdakı qeyri-sabitlik, əslində, Avropada yeni təhdidlərin mövcudluğuna səbəb olur.
Gürcüstan nümayəndə heyətinin avqustda ölkənin Rusiya ilə müharibə vəziyyətində olması, rus qoşunlarının bu ölkənin ərazisini işğal etməsi, NATO-nun bu münaqişədə Gürcüstana niyə lazımi səviyyədə dəstək göstərməməsi ilə bağlı barədə çoxsaylı sualları NATO məmurlarının bir sıra açıqlamalarına səbəb oldu. NATO ekspertlərinin fikrincə, avqustda Gürcüstanla Rusiya arasında baş vermiş hadisə, əslində, NATO-nun hazırkı tarixində yeni bir səhifə açıb. İndi alyans bu münaqişənin sülh yolu ilə nizamlanması və rus qoşunlarının Gürcüstan ərazilərini tərk etməsini arzulayır. NATO birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın bu ölkə ərazisində yaranmış iki dövləti tanımasını yolverilməz hesab edir.
NATO Gürcüstana hərbi-siyasi yardımlarını bundan sonra da davam etdirəcək. Alyansda düşünürlər ki, bu proses Gürcüstanın NATO üzvlüyünə qədər davam edəcək. Qarşıda çoxlu sədlər var. Lakin Brüsseldə hesab edirlər ki, NATO Gürcüstanla birgə bu sədləri müvəffəqiyyətlə aşa biləcək.
Maraqlı bir məqamı diqqətinizə çatdıraq: NATO-da hesab edirlər ki, Rusiya - Gürcüstan müharibəsi zamanı Bakı Tbilisini istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan tam dəstəkləyib. Alyans ekspertləri bildirdilər ki, Azərbaycan münaqişə dövründə fəal şəkildə Gürcüstana yanacaq, yemək məsələsində yardım etdi. Onların fikrincə, məhz Azərbaycanın bu dəstəyi nəticəsində Rusiyanın Gürcüstanı yarıdan bölmək arzusu gerçəkləşmədi.

NATO və Qarabağda antiterror əməliyyati
Alyans rəsmilərini narahat edən əsas məsələlərdən biri də Qarabağ münaqişəsinin həllinin gecikməsi ilə bağlıdır. Bir çox hallarda Gürcüstanın separat ərazilərində baş verən olayların Qarabağda da təkrarlana biləcəyi ehtimalı NATO dairələrində müxtəlif fikirlərin əmələ gəlməsinə səbəb olur.
Bu istiqamətdə keçirilən görüşlərdə verilən suallarda və çıxışlarda əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı problemlər əhatəli şəkildə qaldırıldı. Konkret olaraq nümayəndə heyətimizin üzvü, beynəlxalq hüquq sahəsində mütəxəssis, hüquq elmləri doktoru Əmir Əliyev problemin həllinin beynəlxalq hüququn əsas, ümumtanınmış prinsipləri və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülməklə həlli ilə əlaqədar vacib elementləri əsaslandırdı. Eyni zamanda, işğalçı dövlət kimi Ermənistanın beynəlxalq hüquqla götürdüyü öhdəlikləri yerinə yetirməməsi NATO üzrə ekspertlərin nəzərinə konkret faktlarla çatdırıldı.
İndiki vəziyyətdə Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına hədsiz maraq göstərməsi alyansda diqqətlə izlənilir. NATO rəsmiləri bu yaxınlarda Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilmiş Azərbaycan - Ermənistan görüşünü müsbət qiymətləndirirlər. Onların fikrincə, Gürcüstan hadisələrindən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin sıx danışıqlara başlaması münaqişənin nizamlanmasına böyük töhfə verəcək. Brüsseldə hesab edirlər ki, münaqişə tərəfləri arasında vasitəçiliyə həmişə ehtiyac var. İndiki vəziyyətdə NATO Qarabağ münaqişəsinin ATƏT Minsk qrupu çərçivəsində nizamlanmasına tərəfdardır.
Ümumilikdə, NATO-da Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" hesab edirlər və alyansın ekspertləri bu münaqişənin yenidən alovlanmayacağına əmindirlər. Lakin NATO ekspertləri alyansın münaqişənin nizamlanmasına fəal müdaxilə edə bilməyəcəyini etiraf edirlər.
Amma NATO ekspertləri hesab edirlər ki, əgər Qarabağda vəziyyət nəzarətdən çıxsa, onda məsələyə BMT səviyyəsində müdaxilə olunmalıdır. NATO-nun ekspertləri ilə söhbətimizdən anladıq ki, onlarda ümumi əhval-ruhiyyə belədir ki, Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələrə uyğun tənzimlənməlidir.
Yeri gəlmişkən, bu çərçivədə NATO kuluarlarında maraqlı müzakirələr aparıldı. Alyansa yaxın olan ekspertlər hesab edirlər ki, əgər Azərbaycan Dağlıq Qarabağ ərazisində terrorizmlə və qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə aparmaq istiqamətində yardım üçün NATO-ya müraciət etsə və bu məsələ alyansın fəal üzvlərindən olan Türkiyə tərəfindən dəstəklənsə, onda alyansda qeyd edilən istiqamət üzrə hansısa fikirlər, zəminlər yarana bilər. Lakin bu o demək deyil ki, NATO-nu tezliklə Qarabağda antiterror əməliyyatı aparmağa razı salmaq mümkün olacaq. Çünki alyansda bütün qərarlar konsensus əsasında qəbul edilir, 26 dövlətin hər birini razı salmaq o qədər də asan olmayacaq.
Amma bir məsələ etiraf edildi ki, Qarabağda antiterror əməliyyatının aparılması ilə bağlı məsələ indiyədək NATO-nun qurumlarında müzakirəyə çıxarılmayıb. Heç kim bu mövzunu təklif etməyib. NATO ekspertlərinin fikrincə, əgər təklif olsa, bu məsələ Avroatlantika Şurasında müzakirə edilə bilər. Lakin burada sual yaranır: əgər NATO Qarabağda antiterror əməliyyatına getsə, bu məsələyə Rusiyanın münasibəti necə olacaq? NATO ekspertlərinin cavabı birmənalıdır: hazırda NATO Rusiya ilə hər hansı qarşıdurmaya getməkdən uzaqdır. Gürcüstan hadisələrindən sonra NATO ölkələri bu məsələyə ehtiyatla yanaşacaq.
Lakin ən azı NATO Azərbaycanın müraciətini cavabsız qoymayacaq və müəyyən məsələlərdə ona yardımçı olmağa çalışacaq. Xüsusilə bu istiqamətdə ABŞ-ın Azərbaycana dəstək verəcəyi istisna deyil.
Lakin alyans ekspertləri buna qədər münaqişənin Minsk qrupu çərçivəsində çözüləcəyinə inanırlar.
Yeri gəlmişkən, Qarabağ münaqişəsinin nizamlanmasına BMT-nin və ya NATO-nun müdaxilə edə biləcəyinə dair müzakirələr zamanı Ermənistan nümayəndə heyəti dəfələrlə münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmalı olduğunu bəyan etdi.

NATO-nun Qafqaz islahatlarina qiyməti
Nümayəndə heyətlərinin müdafiə və təhlükəsizlik sektorunda islahatlarla bağlı çoxsaylı suallarına NATO ekspertləri əhatəli cavablar verməyə çalışdılar. Bildirildi ki, alyans Azərbaycan, Gürcüstan və Ermənistanda hərbi islahatların uğurla və səmərəli şəkildə həyata keçirilməsinə fəal şəkildə yardımlar göstərir.
Xüsusilə IPAP çərçivəsində hər üç ölkə ilə əməkdaşlığın uğurla davam etməsini vurğulayan NATO rəsmiləri bu sənədin sözügedən ölkələrlə əlaqələrdə əsas alətlərdən olduğunu qeyd etdilər. Onların fikrincə, Cənubi Qafqaz ölkələrində bir çox islahatlar yaxşı əlaqələndirilmir. Bu baxımdan IPAP faydalı sənəddir. Ümumilikdə, bu gün 7 ölkə (Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova, Bosniya və Çernoqoriya) IPAP çərçivəsində NATO ilə əməkdaşlıq edir. NATO ekspertləri bildirirlər ki, IPAP-ı uğurla həyata keçirmək istəyən ölkələr demokratik nailiyyətlərə də malik olmalıdır. Daha bir məqam IPAP-ın nə zaman bitəcəyi ilə bağlı suala cavabdır. NATO-da belə hesab edirlər ki, IPAP əslində başa çatmır. Belə ki, NATO-nun əsas təsisçisi olan ABŞ-da IPAP-da nəzərdə tutulan hərbi islahatlara bənzər tədbirlər bu gün də davam etməkdədir.
GÜRCÜSTAN. NATO rəsmiləri Rusiya ilə münaqişə nəticəsində zərər çəkmiş Gürcüstanın müdafiə və təhlükəsizlik sektorunun dirçəldilməsinə fəal dəstək göstərəcəklərini bəyan edirlər. Bu çərçivədə NATO - Gürcüstan komissiyasının üzərinə çox böyük vəzifələr qoyulub.
Ümumilikdə, NATO ekspertlərinin fikri belədir ki, Gürcüstanın IPAP-ı Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə daha güclüdür. Çünki bu ölkə NATO-ya üzv olmaq istəyir. Bu çərçivədə Gürcüstanda demokratiya, söz azadlığının tətbiq olunması, büdcənin formalaşdırılması, silahlı qüvvələrin idarə olunması, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə məşğul olacaq qurumun yaradılması istiqamətində addımlar atılır. Avqustda baş vermiş münaqişədən sonra Gürcüstanın IPAP-ında müəyyən dəyişikliklər aparılması zərurəti yaranıb.
ERMƏNİSTAN. Bu ölkə ilə münasibətlərə gəldikdə isə, NATO rəsmiləri Yerevanla münasibətlərin hazırkı vəziyyətindən razılıq ifadə edirlər. Hazırda Ermənistanın NATO ilə IPAP sənədinin birinci mərhələsi başa çatıb. Növbəti iki il üçün IPAP sənədi hazırlanmaqdadır. Eyni zamanda, NATO yaxın vaxtlarda Ermənistanda fövqəladə hallar üzrə mərkəzin yaradılmasını planlaşdırır.
AZƏRBAYCAN. Azərbaycanla da münasibətlər normal səviyyədədir. NATO rəsmiləri Azərbaycanın NATO ilə IPAP sənədinin ikinci hissəsinin bu günədək rəsmən təsdiq edilmədiyini etiraf etdilər. NATO ekspertlərinin fikrincə, sənəddə nəzərdə tutulan bəzi müddəalarla bağlı tərəflər arasında fikir ayrılığı yaranıb. İndi sənəd layihə şəklindədir. Burada müəyyən düzəlişlər edilir. Düzəlişlərdən sonra sənəd Azərbaycan və NATO tərəfindən təsdiqlənəcək.

Azərbaycan çox iş görməlidir
Alyans ekspertləri hesab edirlər ki, Azərbaycan birinci IPAP çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda diqqətçəkən islahatlar həyata keçirib. Onların fikrincə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaradılması da elə IPAP-ın birinci mərhələsində nəzərdə tutulan öhdəlikdir. İndi NATO Azərbaycan Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla əməkdaşlığı davam etdirmək niyyətindədir. NATO hesab edir ki, Azərbaycanda qoşunların əməliyyat uyarlılığı istiqamətində xeyli işlər görülüb. Son vaxtlar hərbi islahatların koordinasiya olunması məsələsi sürətləndirilib. Lakin NATO dairələrində düşünürlər ki, Azərbaycan hərbi islahatların konkret perspektivi üzərində düşünməlidir. Eyni zamanda, Azərbaycan hərbi sahədə şəffaflıq, cəmiyyətlə məlumatlılıq səviyyəsinin artması istiqamətində daha çox iş görməlidir.
Əməkdaşımızın suallarını cavablandıran NATO ekspertləri Azərbaycan Silahlı Qüvvələrində Birləşmiş Qərargah sisteminin yaradılması ilə bağlı məsələnin dəqiqləşdiyini bildirdilər. Onların sözlərinə görə, hazırda yeni sistemin yaradılması istiqamətində işlər davam etdirilir. NATO dairələrində hesab edirlər ki, nəzərdə tutulmuş addımlar vaxtında atılarsa, 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlinə qədər Azərbaycan Silahlı Qüvvələrində Birləşmiş Qərargah sistemini yaratmaq mümkün olacaq. Eyni zamanda NATO-da düşünürlər ki, sözügedən müddətdə Azərbaycanın Müdafiə Nazirliyinin strukturunda da islahatlar prosesi tamamlanmalıdır.
Daha bir diqqətçəkən məqam Azərbaycanın IPAP sənədinin mətninin tam olaraq cəmiyyətə açıqlanması ilə bağlıdır. Bu istiqamətdə rəsmi Bakı ilə dialoqu davam etdirən NATO artıq bir sıra ölkələrdə IPAP-ın tam mətninin ictimaiyyətə açıqlanmasına nail olub. NATO rəsmiləri Azərbaycanda bu sənədin mətninin üzərinə "tam məxfi" qrifinin qoyulduğunu etiraf edirlər. Onlar Azərbaycan hökumətinin qərarına hörmətlə yanaşdıqlarını, amma sənədin şəffaf olması istiqamətində Bakı ilə dialoqu davam etdirəcəklərini bildirdilər.
Növbəti məqam Azərbaycanda hərbi təhsilin yenilənməsi ilə bağlıdır. NATO ekspertləri bildirdilər ki, alyans Azərbaycanın hərbi təhsil sisteminin yenidən qurulması istiqamətində rəsmi Bakı ilə məsləhətləşmələrə başlayıb. Alyans rəsmilərinin fikrincə, hərbi təhsil sisteminin yenilənməsi və orduda kadr siyasətinin uğurla aparılması Silahlı Qüvvələrin NATO standartlarına tezliklə uyğunlaşdırılmasını təmin edə bilər. NATO ekspertləri hesab edirlər ki, təhsil sisteminin yenilənməsindən sonra Azərbaycan zabitlərinin hazırlığı tam olaraq alyans standartlarına cavab verəcək.
NATO ekspertlərinin fikrincə, alyans Azərbaycanla "Melanj" və "Saloğlu" layihələrində uğurlar əldə edib. Bu yaxınlarda "Saloğlu" layihəsinin üçüncü mərhələsinin gerçəkləşdirilməsinə başlanılacaq. Ekspertlər Azərbaycanın Əfqanıstanda sülhməramlılarını artırmaqla bağlı qərarını müsbət qiymətləndirdilər. Onların fikrincə, Azərbaycanın tranzit məsələsində NATO-ya yardımı çox dəyərləndirilir.
NATO ekspertləri Azərbaycanda Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində bölüyün yaradılması prosesini çox müsbət qiymətləndirirlər. Onların fikrincə, Azərbaycan bu istiqamətdə uğurlara nail olub.
Bununla yanaşı, Brüssel Azərbaycanda siyasi islahatlar, məhkəmə sahəsi, qonşuluq siyasəti üzrə irəliləyişlər gözləyir.
Alyans ekspertləri bildirdilər ki, NATO böhran vəziyyətlərində enerji infrastrukturunun müdafiəsi istiqamətində addımlar ata bilər. Azərbaycanın bu istiqamətdə aparıcı rola sahib olduğunu etiraf edən alyans rəsmiləri hazırda Şimali Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində bir sıra tərəfdaş ölkələrlə danışıqlar aparıldığını bildirdilər. Məqsəd yaxın gələcək üçün enerji infrastrukturunu birgə qorumaq istiqamətində addımların planlaşdırılmasıdır.
NATO-da belə düşünürlər ki, yaxın gələcəkdə Cənubi Qafqazın hər 3 ölkəsi enerji layihələri çərçivəsində birgə əməkdaşlığa müvəffəq olacaq. Lakin bunun üçün Qafqazdakı münaqişələrin tezliklə həlli zəruridir.

Rus və NATO hərbi standartinin əsas fərqi
Ümumilikdə, NATO ekspertləri IPAP çərçivəsində Cənubi Qafqaz ölkələrində həyata keçirilən islahatlara yekun qiymət verməkdən uzaqdırlar. Onların fikrincə, Qafqazın hər 3 ölkəsi IPAP-ın yerinə yetirilməsi vəziyyəti ilə bağlı yekun xarakterli hesabat dərc etməyib. Lakin alyansda hərbi islahatların əsas istiqamətlərini vurğulayırlar: onların fikrincə, müdafiə və təhlükəsizlik sahəsində islahatların səmərəliliyi üçün həm qanunverici, həm də icraedici orqanların hərbi sahəyə diqqəti artırılmalıdır.
NATO ekspertlərinin fikrincə, hazırda Cənubi Qafqaz ölkələri üçün vacib hesab edilən sənədlər Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP), "Sülh naminə tərəfdaşlıq" (PfP) proqramı və Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planıdır (PAP-DIB). Bu və digər sənədlərdə əksini tapan öhdəliklərin uğurla yerinə yetirilməsi üçün aşağıdakıların mövcudluğu mütləq vacibdir:
1. Hər hansı ölkənin müdafiə və təhlükəsizlik istiqamətində məqsədlərinin müəyyənləşdirilməsi;
2. Bu məqsədlər ətrafında hakimiyyət və ictimaiyyət arasında ortaq məxrəcə gəlinməsi;
3. İslahatlar prosesində istifadə ediləcək resursların üzə çıxarılması.
NATO ekspertlərinin fikrincə, hərbi istiqamətdə islahatların uğurla davam etdirilməsi üçün Silahlı Qüvvələrin müasir vasitələrə malik olması, müdafiə xərclərinin şəffaf və diqqət mərkəzində olması zəruridir. Həmçinin islahatların səmərəliliyi üçün ictimai müzakirələr, deputatların və Maliyyə Nazirliyinin prosesdə iştirakı, Strateji Müdafiə İcmalının hazırlanması vacibdir. Qeyd edək ki, NATO-da müdafiə və təhlükəsizlik sektoru dedikdə çox böyük spektr nəzərdə tutulur. Buraya müdafiə, təhlükəsizlik, ədliyyə, polis, maliyyə və sair sahələr daxildir.
NATO-da hesab edirlər ki, bir çox dövlətlərdə mövcud olan güc nazirliklərinin işi toqquşur. Əgər bu nazirliklər bir qurumda birləşsə, onların işi daha səmərəli olar, islahatlar daha uğurla həyata keçirilər və ayrılan maliyyəyə qənaət edilər.
Alyans ekspertlərinin fikrincə, bir çox ölkələrdə, o cümlədən Qafqazda müdafiə sektoru "qara qutu" kimi təqdim olunur və orada baş verənlər cəmiyyətdən qapalı saxlanılır. Amma bu sektorun çox hissəsinin şəffaf olması zəruridir. Çünki müdafiə büdcəsi vergiödəyicilərinin hesabına yaranır. NATO ekspertlərinin Cənubi Qafqaz ölkələrinin hərbi büdcələrinin kəskin artımına etirazları yoxdur. Amma alyans bu büdcənin mümkün qədər açıq olmasını istəyir ki, hər bir vətəndaş büdcənin xərclənməsi prosesi barədə məlumatlı olsun. Müdafiə büdcəsinin nəhəng olması şərt deyil, əsas odur ki, bu resurslar necə xərclənir.
Daha bir maraqlı fikir: NATO-da hesab edirlər ki, Rusiya ilə hərbi əməkdaşlıq etmək niyyətində olan ölkələr öz seçimində sərbəstdir. NATO heç bir ölkəni özü ilə əməkdaşlığa məcbur etmir. Lakin Rusiya ilə hərbi əməkdaşlığa gedən, bu ölkənin hərbi standartlarına uyğun ordu quran dövlətlər anlamalıdır ki, onların ordusu siyasi rejimin müdafiəçisi rolunda çıxış edəcək. NATO standartlarına uyğun ordu isə ölkənin və vətəndaşların müdafiəçisidir.

NATO imicini dəyişdirəcək, yoxsa özünü buraxacaq?
NATO-da etiraf edirlər ki, təşkilatın imicində dəyişiklik edilməsi zərurəti yaranıb. Çünki XXI əsrdə dünyanın, regionun təhlükəsizlik landşaftında dəyişikliklər yaranıb. Bu səbəbdən alyans faktik olaraq yeni imic yaratmaq zərurəti ilə üz-üzə qalıb. NATO istəyir ki, alyans barədə insanların uzun müddət beyinlərində dolaşan mənfi obraz tarixdə qalsın. Düzdür, alyans rəsmiləri NATO-nun fəaliyyət dövründə mənfi məqamların da olduğunu inkar etmirlər. Amma onların fikrincə, bütün bu və digər fikirlər dialoq vasitəsilə çözülməlidir.
Əslində, NATO-da alyansın mövcudluğunu 3 dövrə bölürlər:
- birincisi, 1949-1989-cu illər. Bu dövrlər soyuq müharibə, "Sumo mübarizəsi" oyunu adlandırılır.
- ikincisi, 1990-cu illər. Bu dövrdə NATO sülhə dəstək əməliyyatından böhran-cavab əməliyyatına keçdi.
- üçüncüsü, 2001-ci ilin 11 sentyabrından müasir dövrə qədər. Bu dövr yeni təhdidlər, yeni çağırışlar və yeni əməliyyatlarla xarakterizə olunur.
NATO-da hesab edirlər ki, bu gün alyansın "açar" vəzifəsi əhalinin qorunmasıdır. Müasir dünya üçün yeni təhlükələr - beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və kütləvi qırğın silahına qarşı mübarizə, böhranların idarə olunması və münaqişələrin həllidir.
Bu gün NATO Əfqanıstanda sülhməramlı əməliyyat həyata keçirir, İraq ordusunun şəxsi heyətinin öyrədilməsi ilə məşğul olur, Somalidə dəniz quldurları ilə mübarizədə iştirak edir. Hazırda alyansın 65 min nəfərdən ibarət hərbi qulluqçusu var. Onların 47 min nəfəri ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın boynuna düşür. Ümumilikdə, 65 minlik heyətin 60 minini NATO ölkələri, 5 min nəfərini isə qeyri-NATO ölkələri təqdim edir.
Gələn il NATO-nun 60 illiyi ilə əlaqədar Strasburq (Fransa) və Kehldə (Almaniya) ikigünlük yubiley sammiti keçiriləcək. Bu iki ölkə təsadüfən seçilməyib: Fransa və Almaniya uzun müddət düşmən vəziyyətində olub. İndi NATO-nun bir vaxtlar düşmən olan dövlətlərin ərazisində vahid sammit keçirməsi bir növ "barış toplantısı" kimi rəmzi məna daşıyır.
Yubiley sammiti ilə əlaqədar alyansda maraqlı bir ifadə mövcuddur: 60 illiyində ya NATO istefaya getməli, ya da genişmiqyaslı işlər görməyə başlamalıdır.
Gələn il üçün NATO İDB bütün dünyada genişmiqyaslı ictimai tədbirlər həyata keçirməyə hazırlaşır. Bu tədbirlər NATO-nun müasir dövrdə rolu, qlobal təhlükəsizliyin qorunması ilə bağlı çağırışlar, təhdidlər və onlarla birgə mübarizə yolları və sairə məqamları əhatə edəcək.
Əslində, NATO-nun yubiley sammitindən çox böyük gözləntilər var. Bu sammitə qədər və ya ondan sonra NATO Rusiya ilə münasibətlərini qaydaya salmalı və Şərqə doğru genişlənməsini ciddi şəkildə əsaslandırmalıdır. NATO ekspertlərinin fikrincə, yubiley sammitində alyansın Rusiya ilə münasibətləri gələcəkdə necə quracağı barədə qərar qəbul ediləcək.
Sammitdə Xorvatiya və Albaniya NATO-nun tamhüquqlu üzvləri kimi masaya dəvət ediləcək. Makedoniyanın da tədbirə dəvət ediləcəyi gözlənilir.
Tərəfdaş ölkələrdən isə Ukrayna, Çernoqoriya, Gürcüstanın da sammitə qatılacağı istisna edilmir. Amma digər tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın bu tədbirə dəvət olunub-olunmayacağı hələlik bəlli deyil.
ABŞ-ın NATO-nun yubiley sammitindən xüsusi gözləntiləri var. Belə ki, Vaşinqton bu sammitdə Buxarestdəki dinamikanın davam etməsinin tərəfdarıdır. Amerika Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində addımları davam etdirəcək.
Sammitdə NATO-nun 60 illik fəaliyyətinə yekun vurulacaq, eyni zamanda, təşkilatın strateji konsepsiyası ətrafında müzakirələr aparılacaq. Bu konsepsiyanın 2010-cu il sammitində qəbul olunacağı gözlənilir.

NATO - Azərbaycan əməkdaşliği: tərəflər razidir
NATO-nun İctimai Diplomatiya Bölməsində keçirdiyimiz görüşlərin sonunda Azərbaycanın NATO yanında nümayəndəliyinə baş çəkdik. Nümayəndəliyin birinci katibi Qaya Məmmədov və ictimai diplomatiya üzrə məsul şəxs Leyla Abdullayeva Azərbaycan nümayəndə heyətini missiyanın fəaliyyəti ilə tanış etdi. Məlum oldu ki, missiya rəhbəri Kamil Xasıyev həmin günlər keçirilən NATO Parlament Assambleyasının sessiyasında iştirak etdiyindən bizimlə görüşə qatıla bilmir. Həmçinin nümayəndəlikdə təmsil olunan iki hərbçimiz də həmin günlər Brüsseldə keçirilən NATO-ya üzv və tərəfdaş ölkələrin baş qərargah rəislərinin toplantısında Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıqovu müşayiət edirdilər.
Diplomatlar missiyanın fəaliyyəti ilə bağlı məlumat verdilər. Məlum oldu ki, hazırda Azərbaycanın NATO ilə əməkdaşlığı qənaətbəxş səviyyədədir və bu həm Azərbaycan, həm də alyans rəsmiləri tərəfindən razılıqla qarşılanır. Hazırda Bakının NATO ilə razılaşdırdığı bir sıra sənədlər üzrə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda islahatlar həyata keçirildiyini bildirən missiya təmsilçiləri bu proses çərçivəsində bir sıra mühüm tədbirlərin nəzərdə tutulduğunu qeyd etdilər...
Bakı - Brüssel - Bakı

C.SÜMƏRİNLİ

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov