Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


"NATO Qafqaz siyasətini çərçivəyə salıb"

 Hərbi ekspertin fikrincə, Silahlı Qüvvələrin sosial təminatı NATO standartlarına keçməyib.

Bölgədə baş verən son hadisələrin Azərbaycanın hərbi-siyasi prioritetlərinə təsir edəcəyindən çox danışılır. Əgər təsir edəcəksə, bu, ordumuzda həyata keçirilən islahatlara da təsirsiz ötüşməyə bilməz. Belə olduqda problemlərdən çıxış yolu varmı? "Ordunun Aynası"nın suallarını Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (NATM) eksperti, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov cavablandırır.
- Son vaxtlar Cənubi Qafqaz bölgəsindəki vəziyyət ciddi müzakirə obyektinə çevrilib. Xüsusilə də Türkiyənin Ermənistanla sərhədləri açmasına dair danışıqlar əsas hadisə hesab edilir. Sizcə, bölgədə nə baş verir? Bölgədəki hərbi-siyasi vəziyyəti ümumi baxımdan necə qiymətləndirmək olar?
- Baş verən proseslər hər bir Azərbaycan vətəndaşı kimi, məni də çox narahat edir. Hesab edirəm ki, bu, heç də yaxşı vəziyyət deyil. Vəziyyətin bu şəklə gəlib çatmasında əlaqədar rəsmi şəxsləri də günahlandırıram. Həm Türkiyənin Bursa şəhərində baş verən təxribatçı hadisələr, ardınca Bakıdakı bir neçə xoşagəlməz olay Azərbaycan-Türkiyə münasibətlərində heç də xoşagələn bir vəziyyət yaratmayıb. Ola bilər ki, geniş anlamda heç də böyük nəticələrə gətirib çıxaran hadisə baş verməyib. Amma istənilən halda bu, ürəkaçan hadisə deyil.
Azərbaycanın güvəndiyi, etibar etdiyi dövlət həmişə Türkiyə olub, fikrimcə, bundan sonra da belə olacaq. Çox istərdim ki, bu hadisələrin ardınca Azərbaycanla Türkiyə bir yerdə olduqlarını nümayiş etdirmək üçün aralarında hərbi müttəfiqlik barədə rəsmən müqavilə imzalasınlar.
- Təxminən 2-3 il bundan öncə rusiyalı politoloqlar tərəfindən diqqətçəkən proqnozlar irəli sürülmüşdü. Proqnozlardan biri Cənubi Qafqaz bölgəsində Rusiyanın maraqları əleyhinə yeni hərbi blokun formalaşması ilə bağlı idi. Bu blokda üç ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin iştirak edə biləcəyi proqnozlaşdırılırdı. Lakin nə baş verdi? Rusiyanın hərbi-siyasi dairələrinin həyata keçirdiyi addımlardan - Gürcüstanla hərbi münaqişədən və Azərbaycanla Türkiyə arasında yaranmış gərginlikdən sonra belə nəticə ortadadır ki, qeyd edilən hərbi blokun yaranması perspektivi, demək olar ki, yoxdur. Üstəlik Azərbaycan siyasi dairələrində Rusiya ilə münasibətləri sıxlaşdırmaq təklifləri səslənir.
Belə olduqda ortaya haqlı sual çıxır: bölgədə vəziyyətin son günlərdə olduğu kimi gərginləşməsində Rusiya tərəfi maraqlıdırmı?
- Ümumiyyətlə, Cənubi Qafqazda baş verən proseslərin əsas oyunçusu kimi həmişə Rusiyanı görmüşəm. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin də açarı Rusiyanın əlindədir. Çünki Ermənistan hər zaman Rusiyanın sözü ilə oturub-duran dövlət olub.
Əlbəttə ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə olaraq güclü təsir imkanları olan gücə çevrilməsi Rusiyanın marağında deyil. Bu, Kremlin bölgədə hərbi-siyasi dayaqlarının itirilməsi ilə nəticələnərdi. Üstəlik Ermənistan onun təsir dairəsindən çıxardı.
İndi görünür, Moskva bölgə ilə bağlı taktikasında müəyyən dəyşikliklər edib. Bu gün Rusiyanın Gürcüstana münasibəti o qədər də yaxşı deyil. Azərbaycan da Cənubi Qafqazın geosiyasi əhəmiyyətə malik dövlətlərindən biridir. Rusiya Qafqazda təkcə Ermənistanın ümidinə də qalmaq istəmir, Azərbaycandan da əlini üzmək istəmir. Bu səbəbdən prosesləri mümkün qədər əngəlləməyə çalışır və bu istiqamətdə fəaliyyətini Qərb dairələri ilə uzlaşdırır.
- Son günlərin hadisələri fonunda - Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması məsələsində Rusiyanın konkret marağı nədən ibarət ola bilər?
- Əslində Türkiyə ilə Ermənistan arasında dialoq Rusiyasız da baş verəcəkdi və nəticədə Moskva Cənubi Qafqazda təzyiq rıçaqlarını itirəcəkdi. Amma Kreml vəziyyəti idarəolunan hala gətirmək üçün xeyli çalışdı və səyləri nəticə verdi.
İndi Rusiya əsasən öz müttəfiqini - Ermənistanı düşünür. Son günlərin hadisələri yalnız və yalnız Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün atılan addımlardan biridir. Rusiya və ABŞ prezidentlərinin, hökumət rəhbərlərinin intensiv danışıqları ona yönəlib ki, ilk növbədə Ermənistan xilas olsun. Sözsüz ki, Türkiyə də müəyyən çətinliklərlə üz-üzə qalıb. O səbəbdən Ankara həm öz milli maraqlarından çıxış edərək, həm də dünya dövlətləri tərəfindən müəyyən məsələlərə dəstək almaq məqsədilə bu addımları atır.
- Sizə elə gəlmir ki, ümumiyyətlə, bölgədə qüvvələr balansı dəyişib. ABŞ və Rusiya birgə olaraq Qafqaz üçün indikindən fərqli bir ssenari cızmağa başlayıblar?
- Tamamilə razıyam. Bir müddət öncə çoxları o fikirdə idi ki, bölgədə ABŞ-ın rolu daha böyükdür. Amma son proseslərdə Rusiya bu balansı elə bir səviyyəyə çatdırdı ki, bu gün onlar müəyyən məsələlərin həllində ABŞ ilə bərabər qərarlar qəbul edirlər.
Ötən il Gürcüstanda baş vermiş hadisələrdə Rusiya ilə ABŞ fərqli-fərqli mövqelərdə dayanırdılar. Amma indi Cənubi Qafqaz məsələlərinə baxışlar, Dağlıq Qarabağ probeminə yanaşmalar eyni xarakterlidir.
- Elə gəlmir ki, belə yanaşma bölgənin Avroatlantik məkanla daha sıx inteqrasiyasına əngəllər yaradacaq?
- Hesab edirəm ki, yaradır. Proseslər belə davam etsə, Avroatlantik məkana inteqrasiyanın hansısa mərhələsində Gürcüstanın ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırıram. Artıq Rusiya ilə münasibətlərin pozulmaması üçün Qərb dövlətləri tərəfindən Gürcüstanın NATO-ya üzvlüyə hazır olmaması barədə fikirlər səsləndirilir.
Amma düşünürəm ki, gec-tez Gürcüstan da NATO-ya üzv olacaq, Azərbaycanın da yolu NATO-dan keçəcək. Bunun başqa çıxış yolu yoxdur. Zaman-vaxt gələcək geosiyasi vəziyyət onu diktə edəcək ki, Ermənistanın özü də məcburiyyət qarşısında qalıb müəyyən addımlar atacaq. Yerevan görəcək ki, bir tərəfdən Gürcüstan, bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan bu yolda irəliləyir. O səbəbdən başqa əlacı qalmayacaq.
- Dediklərinizdən belə çıxır ki, hazırda Qərb, xüsusilə NATO Cənubi Qafqazın NATO-ya inteqrasiyasını ləngitməkdə maraqlıdır. Düzdürmü?
- NATO da müəyyən maraqlar çərçivəsində addımlarını çərçivəyə salır.

 

Cəsur Məmmədov

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov