Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


Müdafiə Nazirliyinin KİV-i məlumatlandırma mexanizmi təkmilləşdirilməlidir

 Ordu cəmiyyətdən qapalı saxlanılır, cəmiyyətin islahatlar prosesinə dəstək göstərməsinə əngəl yaradılır.

Jurnalistlərin "Doktrina" Hərbi Araşdırmalar Mərkəzi "Hərbi Jurnalistlər" İctimai Birliyi ilə birgə "Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti"nin inkişafı layihəsini həyata keçirməyə başlayıb. Müşahidələr göstərir ki, bu gün Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda informasiya əldə etmək o qədər də asan deyil. Görəsən, ölkə ekspertləri, jurnalistlər, QHT rəhbərləri bu barədə nə düşünürlər? "Ordunun Aynası" qeyd edilən mövzu ilə əlaqədar vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin fikirlərini öyrənib.
Ordu barədə informasiya əldə etmək çətindir.
Çoxları belə hesab edir ki, bu gün Azərbaycanda nəinki Silahlı Qüvvələrdə islahatlar barədə, ümumiyyətlə, hərbi sahədə informasiya əldə etmək çox çətindir. Hesab edilir ki, hərbi sahə demokratik idarəetmə gücündə olmadığından, rüşvət, oğurluq və cinayət əməlləri hədsiz çox olduğundan "sirli qala" şəklində fəaliyyət göstərməyə çalışır.
Hərbi rəhbərliyin qənaətinə görə, müharibə şəraiti olduğu üçün ordu ilə bağlı heç də bütün məlumatlar açıq olmamalıdır. Amma ekspertlərin fikrincə, belə yanaşma ordumuzun xeyrinə işləməyən amildir. Son illərin də təcrübəsi göstərir ki, problemləri gizlətdikcə onların sayı daha da artır. Özü də hər gizlədilən xəbər özündən daha ağır nəticələrə səbəb olan yeni bir hadisənin baş verməsi üçün zəmin olur. Buna görə də ordu nəinki mətbuata, həm də cəmiyyətə açıq olmalıdır.
Müşahidəçilər bildirir ki, bu gün xarici mənbələrdə açıq olan informasiyanı Müdafiə Nazirliyinin strukturlarından almaq, demək olar ki, mümkün deyil. Eyni zamanda əgər Müdafiə Nazirliyi hər hansı məlumatı verirsə, bu çox zaman gecikdirilir və nəticədə cəmiyyət üçün xəbər öz əhəmiyyətini itirir. Beləliklə, hansısa məlumatın dəqiqləşdirilməsi prosesinə günlərlə vaxt və xeyli əsəb sərf etmək lazım gəlir. Bu gün nazirlik baş vermiş bir hadisəni ən yaxşı halda bir-iki həftədən sonra təsdiq edir.
Jurnalistlərin iradına səbəb olan əsas məsələ güc strukturlarının bir çoxunda, xüsusilə də Müdafiə Nazirliyində "təzkib etmə" məsələsidir. Ekspertlərin fikrincə, problem ümumilikdə Azərbaycanda güc strukturları tərəfindən cəmiyyətə informasiya ötürülməsi mexanizminin işlənilməməsindədir.
Bu gün Azərbaycan KİV-i Silahlı Qüvvələrlə bağlı məlumatları daha çox müstəqil hərbi ekspertlərdən əldə edir. Lakin problem ondadır ki, bu ekspertlərin əksəriyyəti güc strukturları tərəfindən qəbul edilmir və onların xəbərləri, şərhləri "qərəzli" adlandırılır. Belə olduqda isə jurnalistlər çıxılmaz vəziyyətdə qalırlar: ya həmin "qərəzli" ekspertlərdən açıqlama götürməlidirlər, ya da xəbərin əhəmiyyətini "öldürən" Müdafiə Nazirliyinin mətbuat xidmətinə üz tutmalıdırlar.
Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda güc strukturlarının KİV-i məhkəməyə vermək təcrübəsi ildən-ilə daha da geniş vüsət alır. Bu çərçivədə Müdafiə Nazirliyindən informasiya almaq üçün edilən rəsmi müraciətlər də kara gəlmir.

Bu səbəbdən bir sıra jurnalistlər, QHT rəhbərləri Müdafiə Nazirliyinin müvafiq strukturlarına və şəxsən müdafiə nazirinə daha məktub və ya sorğu göndərmir.
Bəzi qeyri-hökumət təşkilatlarının bu sahədəki araşdırmaları da göstərir ki, hələ də bir çox hərbi məmurlar "dövlət sirri" ilə "informasiya əldə etmək hüququ" anlayışlarının mahiyyətini anlamır, yaxud anlamaq istəmirlər. Ekspertlər bu sahədə mövcud qanunu çox "dişsiz" hesab edirlər. Ekspertlərin fikrincə, ordu ilə bağlı informasiyalar şəffaf olmalıdır. Burada hər hansı təhlükəsizlik və ya erməni problemi axtarmaq, sadəcə, bəhanədir. Bəziləri hesab edir ki, Silahlı Qüvvələrdə korrupsiya və rüşvətin, bütün başqa qanunsuzluqların səbəbkarları ordu ilə bağlı informasiyaların şəffaf olmasında maraqlı deyillər.
Mütəxəssislərin fikrincə, qarşısına NATO standartlarına uyğunlaşmağı məqsəd qoymuş bir ölkədə KİV və ordu arasında belə problemlərin olması acınacaqlıdır. Faktiki olaraq Azərbaycanda ictimaiyyətin Silahlı Qüvvələrdə islahatlar prosesinə dəstəyi hiss edilmir ki, burada da məsuliyyət məhz güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətini formalaşdıran məmurların üzərinə düşür.
Müdafiə Nazirliyinin informasiya siyasətində özünü daima göstərən əsas problemlərdən biri qurumun saytının indiyədək yaradılmaması ilə bağlıdır. Artıq 4 ildir ki, nazirlik rəsmiləri qurumun saytının hazırlanma ərəfəsində olduğunu bəyan edirlər. Lakin ortada real bir iş yoxdur. Nəticədə Müdafiə Nazirliyinin fəaliyyəti ilə yaxından maraqlanmaq istəyən ictimaiyyət nümayəndələrinin, KİV-in hüquqları kobud şəkildə pozulur.
Necə edək ki, informasiya alaq?
Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar barədə informasiyanın təqdim olunması və ya alınması bu gün olduqca aktualdır. Nəzərə almalıyıq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik sektoru gərgin islahatlar dövrünü yaşayır. Bu islahatların səmərəliliyinin təmin olunması isə ictimaiyyətlə əlaqələrin düzgün qurulmasından birbaşa asılıdır.
Ekspertlər hesab edirlər ki, bu gün Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun mövcud vəziyyətinin öyrənilməsi və tədqiq olunması işində kütləvi və elekton informasiya vasitələrinin rolu çox əhəmiyyətlidir. Zaman göstərdi ki, ordunun qapalı saxlanılması, əksinə, müdafiə təsisatlarının özünə zərbə vurur. Əvvəlki illərin qapalılığı artıq işə yaramır: araşdırmalar sübut edir ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların səmərəliliyini təmin etmək üçün güc strukturlarında baş verən proseslərin tam açıq şəkildə ictimaiyyətə təqdim olunması qaçılmazdır.
Bu istək Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına inteqrasiya prosesi çərçivəsində böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı rəsmi və ya qeyri-rəsmi çıxışlardan görünür ki, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) Silahlı Qüvvələrdə həyata keçirilən islahatlarla bağlı KİV-ə mütəmadi olaraq məlumatların ötürülməsi, nəticədə cəmiyyətin məlumatlandırılması kimi məqamlar var.
Sözsüz ki, bu məqamlar Azərbaycan mediasının işinə yarayır və əvvəlki illərlə müqayisədə görmək olar ki, məhz 2005-ci ildən - IPAP sənədinin birinci mərhələsinin imzalanmasından bu yana Azərbaycanın güc strukturlarının KİV-ə yanaşması bir qədər dəyişib və bu, müasir standartlara uyğunlaşma yoluna bir giriş kimi qəbul edilə bilər. Amma bu gün orduda islahatlarla bağlı məlumatlandırma prosesində ciddi problemlərin olduğu hamıya bəllidir.
Jurnalist həmkarlarımızın, ekspertlərin fikrincə, ilk əvvəl Silahlı Qüvvələrdə kadr islahatları həyata keçirilməlidir və Türkiyə - NATO standartları ilə hərbi təhsil-təlim görmüş zabitlər idarəetmədə olmalıdırlar. Reallıq qəbul edilməli və baş verənləri gizlətməyin problemdən çıxış yolu olmadığı dərk edilməlidir. Nəticəni görüb, araşdırıb onun səbəblərini aradan qaldırmaq lazımdır. Bu nöqteyi-nəzərdən aşağıdakı təkliflər irəli sürülür:
- istəyinə uyğun hər hansı informasiya ala bilməyən jurnalist, QHT və ya vətəndaş Müdafiə Nazirliyini məhkəməyə verməlidir;
- təkid və israr göstərilməlidir. NATO ölkələrində, həmçinin qonşu Gürcüstanda və Ukraynada müdafiə nazirliklərinin cəmiyyətin informasiya tələbatını təmin etməsinə dair təcrübələrini öyrənmək zəruridir;
- hərbi məmurlara izah edilməlidir ki, ordu hamınındır və vətəndaşlar Vətənlərini heç də onlardan az sevmirlər və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsini arzulayırlar;
- cəmiyyətdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar prosesinə maraq oyadılmalıdır. Bu öz nöbəsində Müdafiə Nazirliyinin bir qədər məsuliyyətli olmasına və informasiyaların vaxtı-vaxtında cəmiyyətə çatdırılmasına təkan verə biləcək;
- KİV-də Silahlı Qüvvələr barədə yazıların, təhlillərin artırılması vacibdir. Hərbi jurnalistləri stimullaşdırmaq üçün müxtəlif üsullardan istifadə edilməlidir, bu, onların hərbi qurumlarla, həmçinin Müdafiə Nazirliyi ilə sıx ünsiyyətdə olmasına gətirib çıxaracaq;
- Müdafiə Nazirliyində brifinqlərin, mətbuat konfranslarının mütəmadi keçirilməsinə başlanılmalıdır. Xatırladaq ki, bir müddət əvvələ qədər nazirliyin mətbuat xidməti bu tip mətbuat konfranslarını keçirməyə başlamışdı. Müşahidələr göstərir ki, həmin konfranslar jurnalistlərin məlumatlandırılması baxımından ciddi rol oynamasa da, güc strukturlarının informasiya siyasətinin təkmilləşdirilməsində böyük önəm daşıyırdı. KİV nümayəndələri mətbuat konfranslarının təkcə mətbuat xidməti səviyyəsində deyil, ayrı-ayrı idarə rəisləri, nazir səviyyəsində keçirilməsini zəruri sayır;
- Azərbaycanda hərbi sahədə informasiya əldə edilməsi mexanizminin formalaşdırılması istiqamətində təkliflər də səslənir. Bəzi ekspertlər bu çərçivədə Türkiyə təcrübəsinə istinad edilməsini zəruri hesab edirlər;
- Güc strukturları ilə işləyən jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması da vacib hesab edilir;
- Müdafiə Nazirliyinin mətbuat xidmətinin və İnformasiya İdarəsinin, eləcə də onun əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi zəruridir. Ən azı həmin əməkdaşlar "Dövlət sirri" haqqında Azərbaycan Respublikası Qanununu mükəmməl öyrənməlidirlər. Eyni zamanda açıq məlumatları gizlətdiklərinə görə hərbi məmurların məsuliyyəti ilə bağlı məsələlər konkret qoyulmalıdır;
- Müdafiə Nazirliyinin mətbuat xidməti yenidən təşkil edilməli və iş prosesi təkmilləşdirilməlidir. Böyük hərbi birləşmələrdə KİV və ictimaiyyətə məlumatlar ötürəcək şəxslər müəyyənləşdirilməlidir. Məlumatların bir mərkəzdən - nazirliyin mətbuat xidməti tərəfindən yayılması ənənəsinə son qoyulmalıdır;
- Müdafiə Nazirliyi jurnalistlərlə konstruktiv əməkdaşlıq yoluna keçməlidir. Nazirlik ordudan yazan jurnalistlərin daxil olduğu bir ictimai qurum formalaşdırmalıdır;
- Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini işıqlandıran "Azərbaycan ordusu" qəzetinin fəaliyyəti təkmilləşdirilməli və müasir dövrün qaydalarına uyğunlaşdırılmalıdır;
- Müdafiə Nazirliyi jurnalistlər içində etimad qrupu formalaşdırmalıdır. Bu çərçivədə nazirlik Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı rəsmi və ya qeyri-rəsmi məlumatların yayılmasını təmin etməlidir;
- Hərbi mövzuda yazan jurnalistlər üçün nazirlikdə müəyyən kurslar, təlimlər təşkil edilməlidir. Onların NATO ölkələrinin Silahlı Qüvvələrində informasiya siyasətinin yürüdülməsi istiqamətində təkmilləşdirmək kursları keçməsi vacibdir;
- Bəzi ekspertlər Ali Hərbi Məktəbdə "hərbi jurnalist" ixtisasının açılmasını zəruri hesab edirlər.
Müşahidəçilər hesab edirlər ki, hərbi sahədə informasiya mədəniyyətinin inkişaf etdirilməsi siyasi mədəniyyətə, dövlət qulluğu fəlsəfəsinə, şəffaf ictimai münasibətlər ənənəsinin oturuşmasına, korrupsiyasız idarəetməyə və s. bağlı məsələdir. Son bir ildə Azərbaycanın Müdafiə Nazirliyi cəmiyyət qarşısında yetərli, bütün suallara cavab tapılacaq hesabatla çıxış etməyib. Nəticədə ölkə cəmiyyəti ordu islahatlarından xəbərsizdir. Ekspertlərin fikrincə, cəmiyyətin ordu haqqında informasiya "aclığında" saxlanılması bəlkə də müəyyən siyasi və hərbi dairələrin istəyindən irəli gəlir. Onların məntiqinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinə "ordu adamı" olmayan şəxslərin təyin edilməsi də məhz bu siyasətin detalıdır. Müşahidəçilər hesab edir ki, hakimiyyətdəki bəzi dairələr cəmiyyətə intensiv məlumatlar ötürüləcəyi təqdirdə şəffaflıq yaranacağından, ordu üzərində ictimai nəzarətin güclənəcəyindən ehtiyat edirlər.

C.SÜMƏRİNLİ

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov