DÖVLƏT SƏRHƏD
XİDMƏTİNİN NATO İLƏ ƏMƏKDAŞLIĞI
Elim-tədris
sahəsində DSX-nin regional mərkəzə çevrilməsi imkanları artıb.
Azərbaycan
Respublikası Avroatlantik təhlükəsizlik məkanının bir hissəsi
olaraq özünün müəyyən etdiyi xarici siyasət prioritetləri
çərçivəsində sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı NATO ilə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini ildən-ilə inkişaf
etdirməkdədir.
DSX - NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd
Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə
sistemli şəkildə inkişaf etdirilib. DSX-nin təklifi ilə
perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə
bir qrup NATO mütəxəssisi Azərbaycan Respublikasına dəvət
olunmuş və əməkdaşlıq proqramı üzrə işçi sənədlərin
hazırlanmasına başlanılmışdır.
2002-ci ilin may ayında NATO müdafiə siyasəti və tərəfdaşlıq
bölməsinin nümayəndələri Azərbaycan Respublikasına səfər edərək
Sərhəd Qoşunlarının mövcud vəziyyətinə dair müvafiq məruzə
hazırlayıblar. Sənəddə Azərbaycana yardım göstərilməsinin
vacibliyi qeyd olunmuş, imkan və ehtiyaclarının araşdırılması
üçün ekspertlər səviyyəsində təhlil işinin aparılmasının
zəruriliyi vurğulanmaqla ilk dəfə olaraq NATO rəhbərliyinin
diqqəti sərhəd təhlükəsizliyi məsələlərinə yönəldilib.
3-4 iyun 2002-ci ildə NATO mənzil-qərargahında Azərbaycan
Respublikası dövlət sərhədlərinin təhlükəsizliyi mövzusunda
müşavirə keçirilmiş, NATO ilə "Sərhəd təhlükəsizliyi" sahəsində
əməkdaşlıq edilməsi təklif olunmuşdur. Cavab olaraq ilin
sonunadək Bakıya NATO-nun ekspert qrupları ezam edilmiş,
aparılmış işlər nəticəsində Azərbaycan Respublikası sərhəd
təhlükəsizliyinin vəziyyəti və mümkün əməkdaşlıq istiqamətlərinə
dair ilk təhlili sənəd hazırlanmışdır.
2003-cü ilin mart ayının 4-də Brüssel şəhərində NATO tarixində
ilk dəfə sərhəd təhlükəsizliyi mövzusunda 19+1 formatında DSX
tərəfindən təqdimat keçirilmiş, daha sonra isə NATO baş
katibinin daimi iştirakçılara ünvanladığı müraciətlə NATO-ya üzv
ölkələrin Azərbaycan Respublikasındakı səfirlərini tanış etmək
məqsədilə DSX rəisi tərəfindən ABŞ, Almaniya, Fransa, İtaliya,
Yunanıstan, Polşa səfirləri ilə müvafiq görüşlər keçirilmişdir.
2004-cü ildə DSX üzərinə 5 tərəfdaşlıq məqsədi götürərək
Əməkdaşlığın Planlaşdırma və Analiz Prosesinə qoşulmuş, növbəti
ildə isə öhdəliklərinin sayını 6-ya çatdırmışdır. Hazırda
aşağıdakı tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə DSX
bütün səylərini səfərbər edib:
- ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi,
- tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması,
- rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi,
- sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması,
- hərbi qurumdan hüquq-mühafizə orqanına (HMO) keçməklə bağlı
islahatların aparılması,
- dəniz təhlükəsizliyi.
Əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçidin başlanğıcı
kimi "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2
avqust 2005-ci il tarixdə imzalanmış Sərəncam xüsusi önəm kəsb
edir. Digər nazirlik və qurumlarla yanaşı, Alyans və DSX
arasında əməkdaşlığın çərçivəsini müəyyən edən FTƏP-ə əsasən
qanunvericilik bazasını beynəlxalq normalara uyğunlaşdırmaq,
nəzarət və operativ müdaxilə imkanlarını təkmilləşdirmək,
əməliyyat - axtarış və istintaq-təhqiqat fəaliyyətini
genişləndirmək, müqaviləli heyətin say tərkibini artırmaqla
islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi
strukturdan hüquq-mühafizə qurumuna keçirilməsi nəzərdə tutulur.
NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Qurumlararası
işçi qrupunun nazir müavinləri və ekspertləri səviyyəsində
keçirilən tədbirlərdə iştirakla yanaşı, qəbul edilmiş
öhdəliklərin yerinə yetirilməsinə səmərəli nəzarətin həyata
keçirilməsi və FTƏP-in icrası ilə bağlı əlaqələndirmə işlərinin
təşkili məqsədi ilə DSX-də ayrıca işçi qrupu yaradılıb, 2 halda
(2005-2007 və 2008-2010-cu illər üzrə) xüsusi tədbirlər planı
hazırlanaraq icrasına başlanılmışdır.
Təcrübə mübadiləsi baxımından 2005-ci il iyun ayının 23-24-də
Bakıda NATO baş katibinin müavini cənab C.Kolstonun sədrliyi ilə
"İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı, sərhəd
təhlükəsizliyi standartlarının inkişafı" mövzusunda DSX-nin ev
sahibliyi ilə keçirilən NATO/AATŞ seminarının əhəmiyyətini
vurğulamaq olar. 6 beynəlxalq təşkilat və 22 ölkənin aidiyyəti
nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sərhəd
infrastrukturunun yenidən təşkili, hərbi qurumdan HMO-ya keçmə,
terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya
qarşı mübarizə məsələləri müzakirə edilib. Tədbirdən sonrakı
müddətdə sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı
üzrə təkliflər hazırlanıb və NATO-ya təqdim olunub.
NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi
nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndirici zabitin təyin
edilməsi DSX-NATO dialoqunun genişlənməsinə müsbət təsir
göstərib. Belə ki, cənab R.Simmons və DSX rəhbərliyi arasında
keçirilmiş görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri, FTƏP
öhdəliklərindən irəli gələn vəzifələr və qarşılıqlı maraq
doğuran məsələlərlə bağlı mütəmadi olaraq müzakirələr aparılıb.
02.02.2006-cı ildə DSX tərəfindən NATO Baş Qərargahında 26+1
formatında sərhəd təhlükəsizliyi mövzusunda 2-ci təqdimat
keçirilib. Azərbaycan Respublikası sərhədlərində əməliyyat
şəraiti, sərhəd təhlükəsizliyinə təsir göstərən təhdidlər,
DSX-də aparılan islahatlar və problemlər, FTƏP-in icrası və NATO
ilə əməkdaşlığın perspektivləri təhlil edilmiş, əlaqələrin
inkişafına dair təkliflər verilmişdir. Müzakirələrdə iştirak
edən NATO-ya üzv-tərəfdaş ölkələrin (Türkiyə Respublikası, ABŞ,
Fransa, İtaliya, Macarıstan, Bolqarıstan, Latviya, Litva)
nümayəndələri görülmüş işləri müsbət qiymətləndirmiş, Azərbaycan
Respublikasının təkliflərini dəstəkləyərək üzv və tərəfdaş
ölkələrin sərhəd xidmətləri ilə DSX arasında əlaqələrin
inkişafının vacibliyini bildirmişlər. Təqdimatla yanaşı müvafiq
məsləhətləşmə və müzakirələrin aparılması, FTƏP çərçivəsində
görülən işlərlə tanış edilməsi məqsədilə NATO baş katibinin 1-ci
müavini M.Russo, müdafiənin planlaşdırılması və siyasəti
məsələləri üzrə müavini C.Kolston, Avropa Müttəfiq Qüvvələri
Komandanının müavini general C.Reyt və digər NATO rəsmiləri ilə
görüşlər keçirilmişdir.
Tədbirdən sonra mövcud vəziyyətin öyrənilməsi və bu sahədə
mümkün yardım imkanlarının araşdırılması məqsədilə 28 iyun - 5
iyul tarixlərində sərhəd təhlükəsizliyi sahəsində NATO
qiymətləndirmə missiyası Azərbaycan Respublikasına göndərilib.
Səfər çərçivəsində mərkəz, regional qərargah və sərhəd
bölmələrində aparılmış işlər əsasında yekun hesabat hazırlanıb.
Sənəddə sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan
Respublikasına texniki dəstək verilməsinin zəruriliyi
vurğulanmaqla, HMO-ya transformasiyası ilə bağlı DSX-ya
islahatların aparılması üzrə tövsiyələr verilib. Hesabatdan
irəli gələn vəzifələr DSX-nin müvafiq planlarında nəzərə alınıb
və ən qısa müddətdə icrasına başlanılıb.
NATO ekspert qrupunun hazırladığı sənəd 2007-ci ilin 3 aprel
tarixində Hərbi-Siyasi Rəhbər Komitənin 26+1 formatında (NATO
üzvlərindən əlavə, Avstriya, İsveç, İsveçrə, İrlandiya və
Finlandiya dəvət olunub) keçirilmiş iclasında DSX
nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş, DSX tərəfindən
həyata keçirilmiş tədbirlər müsbət qiymətləndirilmiş, mobilliyin
artırılmasında və sərhədin müasir texniki avadanlıqlarla
təchizatında Azərbaycana yardım edilməsinin zəruriliyi
vurğulanmışdır.
Götürülmüş tərəfdaşlıq məqsədlərinin icrası ilə paralel olaraq
NATO ilə əməkdaşlıq sahəsində yeni forma və metodların tətbiqinə
DSX tərəfindən böyük önəm verilməkdədir. Belə ki, 2001-2009-cu
illərdə sərhəd təhlükəsizliyi, qanunsuz miqrasiyaya qarşı
mübarizə, KQS-nin qeyri-qanuni daşınması və maraq doğuran digər
mövzularla bağlı Azərbaycanda və xarici ölkələrdə (ABŞ, AFR,
Avstriya, Böyük Britaniya, Belçika, Türkiyə Respublikası,
Latviya, Gürcüstan, İsveçrə və digərlərində) keçirilmiş 100-dən
artıq NATO/SNT tədbirində (o cümlədən, 2007-ci ilin 27-28 noyabr
tarixlərində Vilnüs şəhərində keçirilmiş 9-cu "Cənubi Qafqaz və
Moldova üzrə Clearing Nouse" konfransında, 2008-ci ilin 7 fevral
tarixində NATO-nun Terrorizmə Qarşı Tərəfdaşlıq Əməliyyatı
Planının (PAP-T) icrasına dəstək məqsədilə NATO-nun Hərbi Siyasi
Komitəsi tərəfindən yaradılmış sərhəd təhlükəsizliyi üzrə işçi
qrupunun 2-ci iclasında) DSX nümayəndələri iştirak ediblər.
FTƏP üzrə götürülmüş öhdəliklərin icrasına Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq
edilmiş "2006-2010-cu illərdə sərhəd mühafizəsi sisteminin
texniki inkişafına dair Dövlət Proqramı"nın uğurla həyata
keçirilməsi və digər ölkələrin sərhəd qurumları, müxtəlif
beynəlxalq təşkilatlarla yaradılmış iki və çoxtərəfli əlaqələr
müsbət təsir göstərir. Hazırda (dəniz sərhədlərinin mühafizəsi,
havadan nəzarətin təşkili, çevik hərəkət qruplarının inkişafı,
sərhəd nəzarəti, təlim-tədrisin təkmilləşməsi və s.) bir neçə
sahə üzrə ABŞ, Avstriya, Almaniya, Finlandiya, Türkiyə, Latviya,
Litva, Polşa, Bolqarıstan, Macarıstan və digər ölkələrin sərhəd
qurumları ilə faydalı əməkdaşlıq edilir.
NATO ilə əməkdaşlıq çərçivəsində DSX hərbi hissə və qurumlarının
ştat-strukturunda edilmiş dəyişikliklər nəticəsində müqaviləli
heyətin artırılmasını, SNM və gəmilərdə yalnız zabit və gizir
heyəti ilə komplektləşdirmə sisteminə keçməni, Sərhəd
Aviasiyasının yaradılmasını, DSX Akademiyasının təsis
edilməsini, BMqT və AB-nin dəstəyi ilə Mərkəzi Aparatda müasir
texniki avadanlıqlarla təchiz olunmuş təlim-tədris mərkəzinin
yaradılmasını, çoxpilləli tədris sisteminə keçidlə bağlı yeni
tədris proqramlarının hazırlanmasını, dənizdə texniki müşahidə
qabiliyyətinin artırılmasını, o cümlədən ən müasir tələblərə
cavab verən yeni SM bazası və cənub katerlər divizionunun
fəaliyyətə başlamasını, 500-dən artıq nəqliyyat vasitələrinin
alınmasını, postsovet məkanında ilk dəfə sərhəd buraxılış
məntəqələrində miqrasiya proseslərində iştirak edən dövlət
orqanlarını cəmləşdirən və sərhəddə miqrasiya proseslərinin
səmərəli nəzarətinə imkan verən İdarələrarası AMAS-ın
yaradılmasını, mərkəz və regional qərargahlar arasında online
rejimində məlumat mübadiləsi imkanlarının əldə edilməsini və bir
sıra digər işləri qeyd etmək olar.
Təəccüblü deyil ki, Əfqanıstan, İraq sərhədçilərinin
təlim-tədrisində köməkliyin göstərilməsi ilə bağlı NATO tərəfi
məhz Azərbaycan Respublikasına müraciət edib. Bu kimi
müraciətlər artıq Özbəkistan, Qırğızıstan və Türkmənistanın
sərhəd qurumları tərəfindən də edilib. Azərbaycan Respublikası
prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə DSX
Akademiyasının yaradılması sərhəd təhlükəsizliyi üzrə
təlim-tədris sahəsində DSX-nin regional mərkəzə çevrilməsi
imkanlarını artırıb.
Bir sözlə, Azərbaycan Respublikası DSX-nin NATO ilə əlaqələri
yüksələn xətt üzrə inkişaf etməkdədir. Əməkdaşlığın
perspektivləri artıq müəyyənləşib və bu əməkdaşlıq dövlət
sərhədlərimizin mühafizəsinin daha yüksək səviyyəyə
qaldırılmasında özünəməxsus rol oynayacaq.
Prezident İlham Əliyevin cari ilin 28-29 aprel tarixlərində
Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi və digər yüksək
rəsmiləri ilə görüşməsi və aparılan faydalı fikir mübadiləsi
DSX-NATO əməkdaşlığının gələcəkdə də inkişafı üçün əlverişli
zəmin yaradır.
Dövlət Sərhəd Xidməti Beynəlxalq Əlaqələr
İdarəsinin şöbə rəisi, polkovnik Faiq Vəliyev
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.