DAXİLİ
QOŞUNLARIN NATO İLƏ ƏMƏKDAŞLIĞI
Qurum
NATO ilə əməkdaşlığa böyük önəm verir
Bildiyiniz kimi,
Azərbaycan Respublikası MDB dövlətləri arasında NATO-nun Sülh
Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk dövlətlərdən
biri olub. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər
Əliyev tərəfindən 1994-cü ildə SNT-yə qoşulmaq haqqında Çərçivə
Sənədi imzalanıb və gələcək əməkdaşlıq sahələrini müəyyən etmək
məqsədilə, SNT Təqdimat sənədi hazırlanaraq 1996-cı ildə Alyansa
təqdim edilib.
Bununla yanaşı, 1997-ci ildə Azərbaycan Planlaşdırma və Analiz
Prosesinə (PAP) qoşulub və o vaxtdan etibarən iki illik faza
əsasında Azərbaycan Silahlı Qüvvələri, o cümlədən, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları öz üzərinə Tərəfdaşlıq Məqsədləri
(TM) adlandırılan məqsədlər götürüb.
Görülən işlərin davamı olaraq, NATO/Avroatlantika Tərəfdaşlıq
Şurasının tərəfdaş ölkələrlə əməkdaşlığını genişləndirmək
məqsədilə ilk dəfə 2004-cü ildə Azərbaycan Respublikası
Prezidenti zati-aliləri cənab İlham Əliyevin NATO-ya rəsmi
səfəri zamanı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP)
Təqdimat sənədi Alyansa təqdim edilib.
Qəbul edilmiş FTƏP ən başlıca siyasi, müdafiə və təhlükəsizlik,
o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi, elmi və ətraf
mühit sahələrini, habelə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının tranfsformasiyası kimi geniş
təhlükəsizlik sektoru məsələlərini əhatə edir.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Daxili İşlər
Naziri FTƏP-in yerinə yetirilməsi üzrə müvafiq dövlət
komissiyasının üzvüdür. Bununla yanaşı, Daxili işlər nazirinin
müavini - Daxili Qoşunların komandanı Daxili İşlər Nazirliyində
təsis edilmiş NATO ilə əməkdaşlıq üzrə komissiyanın sədridir.
Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyinin tərkibində
olan bir təşkilat kimi yaradılıb.
Azərbaycan Respublikasının NATO-nun Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planına əsasən, Daxili Qoşunlar aşağıdakı öhdəlikləri
götürüb:
- digər dövlətlərlə məlumat mübadiləsi mexanizmindən istifadə
edərək Daxili Qoşunların strukturunun nəzərdən keçirilməsi və
yenidən təşkili,
- mütəşəkkil cinayətkarlığın müxtəlif formaları və terrorizmə
qarşı mübarizə aparmaq imkanlarını təkmilləşdirmək məqsədilə
real şərtlər əsasında fəal qüvvələr üçün canlı təlimlərin
təşkili,
- hərbi məktəblərin məzunlarının və çağırışçı təlimini bitirmiş
şəxslərin xidmətə cəlb edilməsi və xidmətdə saxlanması,
- beynəlxalq əməliyyatlarda iştirak etmək üçün maddi-texniki
təminat və rabitə daxil olmaqla, bir polisə dəstək taborunun
yaradılması, təlimi və texnika ilə təchizi.
Götürülmüş öhdəliklərin lazımi vaxt çərçivələrində və səmərəli
şəkildə yerinə yetirilməsi üçün Daxili Qoşunlarda bir çox
fəaliyyətlər həyata keçirilmiş, eləcə də bu fəaliyyətlərin
koordinasiya olunması və nəzarətdə saxlanması məqsədilə Daxili
Qoşunlar komandanının müavininin rəhbərliyi ilə xüsusi işçi
qrupu yaradılıb.
Daxili Qoşunların strukturunu nəzərdən keçirmək və onu yenidən
təşkil etmək, Qoşunların bir çox aparıcı Avropa jandarm
təşkilatlarının strukturlarına uyğunlaşdırılması məqsədi ilə
müvafiq tədbirlər həyata keçirilmiş və əməliyyat birliklərinin
bir çoxu ləğv olunaraq, onların əvəzinə xüsusi təyinatlı
bölmələrə malik olan və polis funksiyalarını yerinə yetirən
motorlaşdırılmış birliklər yaradılıb. Hazırda Daxili Qoşunlarda
bu işlər davam etməkdədir.
Bunlarla yanaşı, digər ölkələrlə informasiya mübadiləsi
mexanizmlərindən istifadə edərək Qərb standartlarına uyğunlaşma
məqsədilə Daxili Qoşunlar dünyada daha çox FIEP adı ilə tanınan
və informasiya mübadiləsi, qabaqcıl təcrübənin öyrənilməsi,
maddi-texniki bazanın təkmilləşdirilməsi kimi missiyaları yerinə
yetirən Avropa və Aralıq dənizi ölkələrinin hərbi statuslu polis
və jandarmlar birliyinə üzv olmağa səy göstərməkdədir. Müvafiq
dəvətə əsasən Daxili Qoşunların nümayəndələri FIEP-in 2005-ci
ildə Buxarestdə keçirilən iclasında iştirak etmişlər.
Artıq 2006-cı ilin sentyabr ayında FIEP-in dəyərləndirmə qrupu
Azərbaycan Respublikasında rəsmi səfərdə olmuş və Daxili
Qoşunların imkanları və vəzifələri ilə tanış olmuşdur. Ümid
edirik ki, Daxili Qoşunların hazırkı durumu yaxın gələcəkdə bu
assosiasiyaya üzv olmağa imkan verəcəkdir.
Daxili Qoşunları real şərtlərə uyğun treninqlə təchiz etmək,
bölmələrin idarə olunmasını və mütəşəkkil cinayətkarlığın
müəyyən növlərinə və terrorizmə qarşı mübarizə imkanlarını,
döyüş hazırlığını və təlimini, hərbi qulluqçuların psixoloji
hazırlığını təkmilləşdirmək məqsədilə, NATO standartlarına cavab
verən müvafiq təlim direktivləri və digər rəhbər sənədlər,
vəsaitlər, təlim proqramları, təlimin təşkili üzrə əmrlər tərtib
olunub. Təlim direktivlərində təlimin planlaşdırılması, icrası
ilə bağlı məqamlar, təlimin yoxlanılması və qiymətləndirilməsi
məsələləri, təlimin vəzifə və tapşırıqları, təlimlərin
mərhələləri və digər məsələlər öz əksini tapıb.
Bölmələri NATO təlim sisteminə uyğunlaşdırmaq və verilən
tapşırıqların icra edilməsinə hazır olmaq məqsədilə 2005-ci
ildən etibarən Türkiyə Jandarm Təşkilatının təlim-tədris
sistemində mövcud təcrübələrdən istifadə olunmuş və 3 aylıq (13
həftəlik) təlim dövrü sisteminə keçilmişdir.
Daxili Qoşunlarda xidmət keçmək üçün hərbi qulluqçuların
hazırlanması və təkmilləşdirilməsi Daxili İşlər Nazirliyinin
Polis Akademiyasında, Silahlı Qüvvələrin Hərbi Akademiyasında,
Türkiyə Jandarm Məktəblərində və Daxili Qoşunların Orta ixtisas
hərbi məktəbində həyata keçirilir.
Qoşunları zabit kadr heyəti ilə təmin etmək məqsədilə 2006-cı
ildə yaradılmış Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə
gizir və MAXE hərbi qulluqçular arasından seçilmiş namizədlər
qəbul edilir. Zabit məktəbində təhsil alanlara NATO, Avropa
Birliyi, FIEP, insan haqları mövzuları üzrə dərslər, konfranslar
keçirilir.
Təlim prosesində NATO dövləti olan Türkiyə Jandarm Təşkilatının
zabitləri də yaxından iştirak edirlər. Təlimlərin NATO
stanartlarına uyğunlaşdırılması, hərbi qulluqçuların bilik və
peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə, Qoşunların
təlim-tədris mərkəzləri müasir avadanlıqlar və tədris vəsaitləri
ilə təmin olunub.
Tədrisin təşkilində son informasiya texnologiyalarından
istifadəyə böyük önəm verilməkdədir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, FTƏP öhdəliklərinin
uğurla yerinə yetirilməsində hələ 1997-ci ildə Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında
Daxili Qoşunların şəxsi heyətinə Türkiyə Jandarması tərəfindən
ediləcək təlim-təhsil və təchizat yardımına aid imzalanmış
Protokolun böyük əhəmiyyəti vardır. Bu protokola uyğun olaraq,
hər il Daxili Qoşunların onlarla hərbi qulluqçusu Türkiyə
Cümhuriyyətinin Silahlı Qüvvələrinin, Jandarm Baş
Komandanlığının təlim mərkəzlərinə hazırlıq, təkmilləşdirilmə
kurslarına və treninqlərə göndərilir.
Bundan əlavə, Daxili Qoşunlar və Türkiyə Jandarm Qüvvələri
arasında hər il imzalanan müvafiq Kurs və İcra Planlarına əsasən
Türkiyə Jandarm Qüvvələrinin mobil təlim qrupları tərəfindən
DQ-nin hərbi qulluqçularına Azərbaycan Respublikasında müxtəlif
istiqamətlər üzrə treninqlər keçirilir.
Bununla yanaşı, Daxili Qoşunların ABŞ, Almaniya, Sloveniya,
İtaliya, Macarıstan və digər inkişaf etmiş dövlətlərin müvafiq
qurumları ilə də əməkdaşlıq münasibətləri mövcuddur.
Ümumiyyətlə, 1997-ci ildən bəri Daxili Qoşunların 200-dən çox
hərbi qulluqçusu müxtəlif xarici ölkələrdə ingilis dili, insan
hüquqları, kütləvi iğtişaşların qarşısının alınması, kütləvi
qırğın silahlarının tətbiqi zamanı fəaliyyətlər, partlayıcı
maddələrin zərərsizləşdirilməsi, komando və müəllimlərin
təkmilləşdirmə kurslarında təhsil alıblar. Bundan əlavə, Daxili
Qoşunlar PRIME sistemindən istifadə etməklə seçilmiş kurs və
seminarlarda hərbi qulluqçuların iştirakını təmin edir.
Hərbi məktəblərin məzunlarının və çağırışçı təlimini bitirmiş
şəxslərin xidmətə cəlb edilməsi və xidmətdə saxlanması
istiqamətində son illərdə sosial istiqamətli tədbirlərin
görülməsi davam etdirilmiş, bölgələrdə xidmət edən hərbi
qulluqçular üçün yeni yataqxanaların, kazarmaların, eləcə də
istirahət bazasının inşası həyata keçirilmiş, təmir edilərək
istismara verilmişdir.
Bundan əlavə, zabit kadrların hazırlanması məqsədilə həyata
keçirilmiş tədbirlər çərçivəsində Daxili Qoşunların hərbi
orta-ixtisas məktəbində 91 nəfər zabit heyəti hazırlanmış və
hərbi hissələrdə müxtəlif vəzifələrə təyin olunmuşlar. 2008-ci
il ərzində müvafiq məktəbə daha 106 nəfər hərbi qulluqçunun
qəbulu həyata keçirilib.
Beynəlxalq əməliyyatlar üçün, təchizat və kommunikasiya dəstəyi
daxil olmaqla polisə dəstək taborunun təsis edilməsi, onun
treninqinin və təchizatının təmin edilməsi ilə əlaqədar
bildirirəm ki, NATO-nun FTƏP sənədinə əsasən beynəlxalq
əməliyyatlarda iştirak etmək məqsədilə, Daxili Qoşunların
nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün,
2015-ci ildə isə bir polisə dəstək taborunun yaradılması
planlaşdırılıb.
Polisə dəstək bölüyünün şəxsi heyətlə kompektləşdirilməsi,
lazımi maddi-texniki vasitələrlə, silah-sursatla təchiz olunması
üçün indiyə qədər bir çox işlər həyata keçirilib. Polisə dəstək
bölüyü daha inkişaf etmiş ölkələrdə (Türkiyə, İsrail, ABŞ,
Almaniya və Rusiya) istehsal olunmuş müasir silah, sursat və
texnika ilə təmin olunub.
NATO-nun Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi
nümayəndəsi cənab R.Simmonsun rəhbərlik etdiyi nümayəndə heyəti
2007-ci ilin mart ayında Azərbaycan Respublikasında rəsmi
səfərdə olmuş və polisə dəstək bölüyünün imkanları ilə yaxından
tanış olmuşdur. Cənab R.Simmons bölüyün şəxsi heyətinin yüksək
döyüş hazırlığını və malik olduğu imkanları yüksək
qiymətləndirmişdir. Daxili Qoşunların ölkədən kənarda beynəlxalq
əməliyyatlarda iştirakını təmin etmək məqsədilə qanunvericilikdə
müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər aidiyyəti üzrə
təqdim olunmuş və müvafiq qanun qəbul olunmuşdur.
Polisə dəstək bölüyünün quruluşu bölüyün qərargahından, 3 polisə
dəstək tağımından və 2 mühəndis-istehkam manqasından, şəxsi
heyətinin sayı isə 125 nəfərdən ibarətdir (7 zabit, 25
gizir/MAXE və 93 çavuş/əsgər).
Polisə dəstək bölüyünün təliminə böyük önəm verilməkdədir. Bu
məqsədlə, bölüyün standartlara uyğun NATO sinfi hazırlanmış və
təlim proqramı tərtib olunmuşdur. Təlimlər zamanı əsas diqqət
silahlı cinayətkarların axtarılması və tutulması, ictimai
asayişin qorunması, kütləvi iğtişaşların qarşısının alınması,
terrorçuların zərərsizləşdirilməsi kimi istiqamətlərin
öyrənilməsinə yönəldilir.
Beynəlxalq əməliyyatlarda iştirak edəcək bölüyün ingilis dilini
bilən şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə, Daxili
Qoşunların Tədris Mərkəzində və Türkiyədə ingilis dili kursları
keçirilib. Bununla yanaşı, qeyd etmək istərdim ki, ingilis
dilini bilən şəxsi heyət yetərli olmadığı üçün NATO-nun təhsil
müəssisələrində bu kursların davam etdirilməsinə ehtiyacımız
vardır.
Hərbi qulluqçuların mütəşəkkil cinayətkarlığa, silahlı qruplara
və terrorizmə qarşı mübarizə imkanlarını təkmilləşdirmək
məqsədilə Azərbaycan Respublikasının şimal-şərq hissəsində
xüsusi təlim mərkəzi yaradılıb. Təlim mərkəzinin təsis
olunmasında Türkiyə Jandarm Təşkilatının ekspertlərinin rəyləri
də nəzərə alınıb. Ümumilikdə isə diqqətinizə çatdırmaq istərdim
ki, bölüyün ümumi hazırlığı və texniki imkanları qarşıya
qoyulmuş tapşırıqları müstəqil şəkildə yerinə yetirməyə imkan
verir.
Beynəlxalq əməliyyatlarda iştirak edəcək Polisə Dəstək Taborunun
komplektləşdirilməsi və təlimi üzrə işlər aparılır. Bu məqsədlə
cari ilin aprel ayında Daxili Qoşunlar Əməliyyat İmkanları
Konsepsiyasında iştirakı ilə bağlı xüsusi məktubla NATO Baş
Qərargahına müraciət edib.
FTƏP üzrə öhdəliklərin icrası ilə bağlı NATO-nun nümayəndə
heyətləri mütəmadi olaraq Daxili Qoşunlara səfərlər ediblər və
görülən işlərlə yaxından tanış olublar.
2007-ci ilin 20-23 noyabr tarixlərində Daxili Qoşunların
transformasiya olunması, onun gələcək inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi üzrə fikir mübadiləsinin aparılması
məqsədilə NATO Beynəlxalq Qərargahının təşəbbüsü ilə nümayəndə
heyəti Azərbaycan Respublikasında olub. Nümayəndə heyətinə daxil
olan Fransa, Türkiyə, Rumıniya, Niderland və İsrailin polis və
jandarm qüvvələrinə mənsub zabitlər tərəfindən brifinqlər
verilmiş və Daxili Qoşunların transformasiya olunması ilə
əlaqədar səmərəli müzakirələr aparılmışdır.
Bundan əlavə, Brüsseldə FTƏP-in icrası və illik qiymətləndirmə
hesabatlarının müzakirəsi ilə əlaqədar "Şimali Atlanika Şurası +
Azərbaycan" formatında keçirilən görüşlərdə Qoşunların yüksək
rütbəli hərbi qulluqçularının iştirakı təmin olunub.
Sonda DİN-in Daxili Qoşunlarının NATO ilə əməkdaşlığa çox böyük
önəm verdiyini və bu əməkdaşlığın Qoşunların NATO standartlarına
uyğun inkişafında böyük rol oynayacağını əminliklə bildirirəm və
NATO-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində
keçirilən konfransın da böyük önəmi olacağını qeyd edərək
təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm.
DİN Daxili
Qoşunlarının Komandanlığının Qərargah rəisinin müavini,
polkovnik Şahin
Məmmədov
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.