Çağırış islahatları. Ermənistana silah yardımı və generalın
ölümü
2009-cu
ilin ilk rübündə Azərbaycanın müdafiə və təhlükəsizlik
sektorunda baş verən hadisələrə baxış.
"Doktrina"
jurnalistlərin hərbi araşdırmalar mərkəzi 2009-cu ilin birinci
rübü Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsi üçün gərgin və
yaddaqalan hadisələrlə müşayiət olunub. İlin ilk hadisəsi
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasından Ermənistana
ötürdüyü 800 milyon dollarlıq silah və hərbi texnika ətrafında
başlanmış qalmaqal oldu. Bu prosesə hələ indiyədək tam aydınlıq
gətirilməyib. Daha sonra Azərbaycan Hərbi Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail
Rzayevin qətlə yetirilməsi bu gün də gündəmdə olan
mövzulardandır.
Ötən müddət Azərbaycanın müdafiə sənayesi kompleksinin
perspektivləri ilə bağlı ümidverici hadisələrlə də yadda qaldı.
Daha bir diqqətçəkən məsələ Azərbaycanın hərbi xidmətə çağırış
sistemində dəyişikliklərlə bağlı oldu.
Beləliklə, "Ordunun Aynası" 2009-cu ilin birinci rübündə
Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən mühüm
hadisələri diqqətinizə çatdırır.
Demokratik
nəzarət, ordudakı itkilər, nizam-intizam
1-30 yanvar. Azərbaycanda ölkə vətəndaşlarının silahlı
qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi
birləşmələrə çağırışı həyata keçirildi.
1 yanvar. Respublika Hərbi Komissarının müavini vəzifəsində
çalışmış polkovnik Tofiq Salmanov Azərbaycanın Rusiyada yeni
hərbi attaşesi təyin olundu.
31 yanvar. Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair
kollegiya iclası keçirildi. Hərbi prokuror Xanlar Vəliyev
bildirdi ki, ötən il Silahlı Qüvvələrdə qeydə alınmış
cinayətlərin 99,4 faizi açılıb. Onun sözlərinə görə,
cinayətlərin sayı 2007-ci ilə nisbətən 7 faiz az olub. Hərbi
prokuror qeyd edib ki, hesabat dövründə maşınları idarəetmə və
istismarı qaydalarını pozma cinayəti 60 faiz, silahla və
ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davaranış
qaydalarını pozma cinayəti 21,7 faiz artıb.
11 fevral. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə
Qoşunlarının komandanı, müdafiə nazirinin müavini
general-leytenant Rail Rzayev qətlə yetirilib. Faktla bağlı
CM-nin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz odlu silah
saxlama) maddələri ilə cinayət işi başlanıb.
17-18 fevral. ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə
Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü ictimai təşkilatlar
tərəfindən Silahlı Qüvvələrə demokratik vətəndaş nəzarətinin
təmin olunmasına həsr olunmuş konfrans keçirilib.
20 fevral. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri
daimi komissiyasının iclasında "Hərbi qulluqçuların intizam
həbsi haqqında" qanun layihəsi müzakirə olunaraq parlamentin
müzakirəsinə tövsiyə edilib.
1 mart. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin sədri
İnqilab Nəsirov bildirib ki, daxil olan cinayət işləri arasında
komandirin əsgəri döyməsi və əsgərin buna görə intihar etməsi,
əsgərlərin bir-birlərini nalayiq sözlərlə təhqir etməsi və
nəticədə cinayət hadisəsinin baş verməsi kimi hallar var.
5 mart. Bakı Hərbi Məhkəməsində "dedovşina" faktı ilə bağlı
proses başa çatıb. Məhkəmənin hökmü ilə Famil Quliyevə 4 il 6
ay, Cabir Yusibov və Adil Abbasova 4 il, Rahid Cəfərov və Elxan
Alməmmədovun hər birinə isə 3 il azadlıqdan məhrumetmə cəzası
verilib.
5 mart. Ombudsman Elmira Süleymanova işgəncə və "dedovşina"
hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata
keçirilməsini vacib sayıb.
6 mart. Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında" hesabat məruzəsi ilə çıxış edən Ombudsman Elmira
Süleymanova hərbi qulluqçuların hüquqlarının müdafiəsi
istiqamətində vəziyyətin qənaətbəxş olmadığını bildirib.
12 mart. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar
Sultanov Rail Rzayevin qətli ilə əlaqədar başlanmış istintaqla
bağlı hər hansı yeniliyin olmadığını bildirib.
16 mart. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının
2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının
ehtiyata buraxılması haqqında fərman imzalayıb.
29 mart. Tərtərdəki "N" saylı hərbi hissənin əsgəri, Zərdab
rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış
Yasəf Qasımov əsgər yoldaşları İlkin Abdullayev və Tural
Həsənova xidməti silahından atəş açaraq öldürüb.
30 mart. Gənc çağırışçıların hərbi hissələrə paylanılması
funksiyasının Respublika Hərbi Komissarlığından alınması barədə
məlumat yayıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun
imzaladığı qərarla hərbi xidmətə çağırış üzrə Respublika Çağırış
Komissiyasının yeni tərkibi təsdiqləndi. Əvvəlki illərdən fərqli
olaraq komissiyanın sədri postuna respublika hərbi komissarının
müavini Ramiz Məmmədov təyin edildi.
31 mart - 1 aprel. ATƏT-in Bakı ofisi Naxçıvan MR-in Sədərək
rayonunda "Azərbaycanın sərhədyanı ölkələri ilə sərhədyanı
təhlükəsizliyinin təmin olunması və proqramların
reallaşdırılması" mövzusunda seminar keçirib. Seminar
Azərbaycandan və Türkiyədən olan sərhəd və gömrük xidmətçiləri
üçün təşkil olunub.
Ermənistan -
Azərbaycan münaqişəsi
26 yanvar. Ermənistan silahlı qüvvələrinin birləşmələri
Azərbaycan postlarından birini ələ keçirmək və beləliklə, öz
mövqelərini möhkəmləndirmək məqsədilə Ağdamın Cəvahirli kəndi
istiqamətində Azərbaycan Ordusuna doğru irəliləməyə başlayıb.
Bir saata yaxın gedən döyüş nəticəsində erməni tərəfi üç itki və
bir neçə yaralı verərək geri çəkilib.
27 yanvar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Naftalan
rayonunun cənubunda yerləşən Borsunlu kəndinin cənubundakı
qoşunların təmas xəttində monitorinq keçirilib.
31 yanvar. Azərbaycanın ikinci ordu birləşməsinin komandiri
general-mayor Mahmud Həmzəyev Ermənistanın Azərbaycanın işğal
olunmuş rayonlarında əsasən muzdluların xidmətindən istifadə
etdiyini bəyan edib.
11 fevral. Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında
Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
olaraq monitorinq keçirilib.
26 fevral. Cəbhə xəttində (Füzuli - Horadiz yolu yaxınlığında)
keçirilən monitorinq zamanı ermənilər ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki və onun səhra
köməkçilərini atəşə tutublar.
27 fevral. Erməni silahlı qüvvələrinin 3 əsgəri - Qrant
Markosyan, Alik Tevosyan və Artur Sarkisyan Ağdam istiqamətində
cəbhə xəttini keçərək Azərbaycan tərəfinə əsir düşüblər. Onlar
səbəb kimi erməni ordusunda vəziyyətin dözülməz olduğunu
bildiriblər.
28 fevral. Azərbaycanın Qarabağdakı və Ermənistanla sərhəddəki
qüvvələrinin Daxili Qoşunlar və Sərhəd Qoşunları ilə əvəzlənə
biləcəyinə dair məlumatlar yayılıb.
2 mart. Ermənistan silahlı qüvvələri üç erməni əsgərinin
Azərbaycan tərəfinə keçdiyini təsdiqləyib.
5 mart. Fevralın 26-da ATƏT nümayəndələrinin qoşunların təmas
xəttində keçirilən monitorinq zamanı baş vermiş insident Vyanada
ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib.
5 mart. MN rəsmisi bəyan edib ki, fevralın 27-də Azərbaycan
tərəfinə keçmiş 3 erməni əsgəri Ermənistana qayıtmaqdan imtina
edib və Azərbaycan hökumətindən 3-cü ölkəyə getmələri barədə
xahiş ediblər.
11 mart. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq Azərbaycanın Füzuli rayonunun ərazisində,
Füzuli - Horadiz yolu yaxınlığında qoşunların təmas xəttində
monitorinq keçirilib.
12 mart. 2008-ci ilin mayında Ermənistan ordusundakı özbaşınalıq
və zorakılığa etiraz olaraq Azərbaycana qaçmış Ermənistan
ordusunun əsgəri Paruyr Stepanyan öz arzusuna uyğun olaraq
üçüncü ölkəyə ötürülüb.
12 mart. Hökumətin ötən ilin yekunları ilə bağlı parlamentə
təqdim etdiyi hesabatda bildirilib ki, 2008-ci ildə Ermənistan
xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində
kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər barəsində
cinayət işi açılıb. Onların 9-u hərbi, biri isə mülki şəxs olub.
25-27 mart. Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunun
işğal olunmuş ərazilərində artilleriya və zirehli texnikanın
iştirakı ilə təlimlər keçirdiyi xəbəri yayılıb.
31 mart. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq Qazax rayonunun Məzəm kəndi yaxınlığında
qoşunların təmas xəttində monitorinq keçirilib.
Nato
çərçivəsində əməkdaşliq və beynəlxalq münasibətlər
1 yanvar. Türkiyənin NATO ilə Azərbaycan arasında 16 illik
"əlaqə dövləti" statusuna son qoyuldu. Növbəti 2 ildə
(2009-2010) NATO ilə Azərbaycan arasında "əlaqə dövləti"
statusuna Rumıniya malik olacaq.
12-16 yanvar. Bakıda "Regional Resronse-2009" təliminin yekun
planlaşdırma konfransı keçirildi.
19 yanvar. Belçikanın Azərbaycana yeni təyin olunmuş səfiri
Filip Jottar müdafiə naziri Səfər Əbiyevlə görüşündə Belçika ilə
Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanması üçün
görülən işlərin yekunlaşdığını bildirib.
23 yanvar. Polşa Silahlı Qüvvələri Baş Qərargahının rəisi
general Françiek Qaqor Azərbaycana səfər edib. Onun müdafiə
naziri Səfər Əbiyevlə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri
müzakirə olunub.
24-28 yanvar. Azərbaycan müdafiə sənayesi nazirinin müavini
Tofiq Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda
səfərdə olub.
24-31 yanvar. Dövlət Sərhəd Xidmətinin yüksəkvəzifəli
nümayəndələri ABŞ-da səfərdə olublar.
26-31 yanvar. Bakıda Azərbaycan - NATO Beynəlxalq Məktəbinin
(NISA) "Yeni müharibələr və müasir münaqişələr" mövzusunda qış
sessiyası keçirilib.
28 yanvar. Rumıniyanın Azərbaycandakı səfiri Nikolay Ureki
ölkəsinin NATO ilə Azərbaycan arasında "əlaqə dövləti" statusuna
yiyələnməsi ilə əlaqədar Azərbaycan xarici işlər nazirinin
müavini Araz Əzimovla görüşüb.
6 fevral. 14 mart 2008-ci ildə imzalanan "Türkiyə Respublikası
Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi
arasında Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə
təlim-təhsil dəstəyi haqqında saziş" Türkiyə Nazirlər Kabineti
tərəfindən təsdiq edilib.
11 fevral. DSX Sahil Mühafizəsinin rəisi general-mayor İlham
Mehdiyev Ankarada Türkiyə Sahil Mühafizəsinin komandanı
vitse-admiral Atilla Kezekle görüşüb.
16 fevral. Almaniyanın Ştutqart şəhərində Azərbaycan - ABŞ
ikitərəfli hərbi əməkdaşlıq üzrə işçi görüşü keçirilib. Görüşdə
ABŞ-la Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın
prioritetləri, 2009-2010-cu illərdə Hərbi Əməkdaşlıq üzrə İş
Planının ilkin layihəsi hazırlanıb.
18-19 fevral. Müdafiə naziri Səfər Əbiyev Polşanın Krakov
şəhərində NATO ölkələrinin və Əfqanıstana töhfə verən tərəfdaş
dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib.
20 fevral. Bakıda NATO-nun Azərbaycanla əlaqə səfirliyi (CPE -
Contact Point Embassy) statusunda olan dövlətin Türkiyədən
Rumıniyaya təhvil verilməsi ilə əlaqədar tədbir keçirilib.
22-26 fevral. Müdafiə naziri Səfər Əbiyev Əbu-Dabi şəhərində
keçirilən 9-cu beynəlxalq müdafiə sərgisində (IDEX - 2009)
iştirak edib.
24-26 fevral. Bakıda NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının
nümayəndə heyəti ilə Azərbaycanla NATO arasında hərbi təhsil,
kadr hazırlığı, həmçinin sülhyaratma əməliyyatlarında iştirak
edən bölmələrin hazırlanması və s. məsələlər müzakirə edilib.
26 fevral. Azərbaycan Əfqanıstana əlavə 45 sülhməramlı göndərib.
Bununla da Əfqanıstandakı sülhməramlılarımızın sayı 90 nəfərə
çatıb.
6 mart. Müdafiə naziri Səfər Əbiyev Qətərin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək Bin Həfd Yasim
əl-Tanini qəbul edib.
9 mart. Prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev
Türkiyə Jandarm Qüvvələri komandanı ordu generalı Atilla İşıkı
qəbul ediblər.
9-11 mart. Bakıda Əfqanıstandakı Hərbi Əməliyyatlara dəstək üçün
Nəqliyyat Dəhlizlərinin Əlaqələndirilməsi mövzusunda beynəlxalq
konfrans keçirilib.
10 mart. Müdafiə naziri Səfər Əbiyev Rusiyanın səfiri Vasili
İstratovu səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul
edib.
10-13 mart. Azərbaycan Müdafiə Nazirliyinin Zirehli Texnika
Xidmətinin rəisi polkovnik Sakit Verdiyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
10-14 mart. Pakistan Hərbi Dəniz Qüvvələri Müdafiə Kollecinin
38-ci qərargah kursunun iştirakçıları Azərbaycana səfər ediblər.
11 mart. Azərbaycan nümayəndə heyəti mayın 19-22-də Moskvada
keçirilməsi planlaşdırılan VIII "Kompleks təhlükəsizlik - 2009"
təhlükəsizlik texnologiyaları sərgisinə dəvət olunub.
11 mart. Daxili işlər naziri Ramil Usubov və Dövlət Sərhəd
Xidmətinin rəisi Elçin Quliyev Türkiyə Jandarm Qüvvələrinin
komandanı Atilla İşıkı qəbul ediblər.
12 mart. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
bildirib ki, hazırda Qəbələ RLS-in başqa ölkənin istifadəsinə
verilməsi, Rusiya ilə müqavilənin uzadılıb-uzadılmayacağı kimi
məsələlər gündəlikdə deyil.
13 mart. Müdafiə naziri Səfər Əbiyev Macarıstanın Azərbaycana
yeni təyin olunmuş səfiri Ceno Boroşu qəbul edib.
29-30 mart. Müdafiə naziri Səfər Əbiyev Qətərdə rəsmi səfərdə
olub.
Silah
qalmaqali
8 yanvar. Ermənistanın Gümrü şəhərində yerləşən, Rusiya
hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazadan Ermənistanın
hərbi qüvvələrinə 800 milyon ABŞ dolları dəyərində hərbi silah
və sursatın verilməsinə dair məlumat ortaya çıxdı. Rusiya səfiri
yanvarın 12-də məsələ ilə əlaqədar Azərbaycan XİN-ə dəvət
edildi.
15 yanvar. Azərbaycan XİN Rusiyadan Ermənistan ordusuna yeni
silah-sursat, hərbi texnika və avadanlıq ötürülməsi haqda
informasiyalarla bağlı bəyanat verib. XİN Azərbaycan
ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür
addımlara qarşı etirazını bildirib. Yanvarın 16-da Rusiya
tərəfinin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında
məsələ ilə bağlı telefon danışığı olub.
22 yanvar. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Rusiya
səfiri Vasili İstratovu qəbul edib. Səfir "silah qalmaqalı" ilə
bağlı Azərbaycan XİN-in verdiyi rəsmi notaya Rusiya tərəfinin
cavab notasını təqdim edib.
30-31 yanvar. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev "silah
qalmaqalı" ilə əlaqədar Rusiyada səfərdə olub.
2 fevral. Azərbaycan Milli Məclisi "silah qalmaqalı"nı
araşdırmaq üçün Moskvaya nümayəndə heyəti göndərməyi qərara
alıb.
5 mart. MN mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib
ki, silah məsələsində sona qədər getmək lazımdır və Azərbaycan
tərəfi bunu edəcək.
12 mart. Azərbaycana səfərə gəlmiş Rusiya xarici işlər naziri
Sergey Lavrov "silah qalmaqalı" ilə bağlı suallara cavab verib:
"Azərbaycan və Rusiya mediasında yayılan sənəd ətrafında
yaradılan ajiotaja gəlincə, artıq sübut olunub ki, bu sənəd
saxtadır".
Müdafiə
sənayesi
21 yanvar. Ukraynanın "Avtokraz" holdinq şirkəti 2009-cu il
ərzində Azərbaycanda,
Qazaxıstanda
və Özbəkistanda diler şəbəkəsi yaratmaq niyyətini açıqlayıb.
Məlumatda bildirilir ki, adıçəkilən ölkələrin güc strukturları
"Kraz" markalı hərbi maşınlara hədsiz maraq göstərir və artıq
konkret sifarişlər var.
24 yanvar. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsullarını
("İstiqlal" snayper tüfəngi, optik nişangahlar, motodor və
morodor tipli texnikalar, avtomatik qumbaraatanlar və elektron
çap lövhələri) ilk dəfə müstəqil şəkildə IDEF-2009 beynəlxalq
müdafiə sərgisində 30 kvadratmetrlik stenddə nümayiş etdirəcəyi
xəbəri yayılıb. Sərgi aprel ayının 27-29-da keçiriləcək.
29 yanvar. MSN-də 2008-ci ilin yekunlarına və 2009-cu ildə
görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib.
29 yanvar. Azərbaycanın hərbi qurumları oktyabrın 27-30-da
Moskvada keçiriləcək "INTERPOLITEX-2009" təhlükəsizlik və
mühafizə texnologiyaları sərgisinə dəvət olunub.
12 mart. Hökumətin parlamentə təqdim etdiyi hesabatda bildirilib
ki, Azərbaycanın hərbi müəssisələrində 2008-ci ildə 18 adda
müdafiə təyinatlı məhsulun yaradılması üzrə tədqiqat işləri başa
çatdırılaraq silahlanmaya qəbul olunub.
16 mart. Azərbaycan ABŞ-ın "Narris Corroration" şirkətindən
radiostansiyalar alıb.
16 mart. Prezident İlham Əliyev MSN-in "Cihaz" istehsalat
birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən
"Radioquraşdırma" zavodunun və Elektron Hesablayıcı Maşınlar
zavodunun açılışında iştirak edib. Eyni zamanda, İ.Əliyev
nazirliyin elmi-tədqiqat institutunun açılışında da iştirak
edib.
16 mart. "Radioquraşdırma" zavodunun açılışında müdafiə sənayesi
naziri Yavər Camalov bildirib ki, bu il Azərbaycanın hərbi
sənaye kompleksində 435 adda müdafiə təyinatlı məhsulların və
onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulur.
25 mart - 17 aprel. Bakıda "Narris" rabitə avadanlıqlarının
quraşdırılması ilə bağlı tədbir keçirilir.
Güc
strukturlari, digər qurumlar
13 yanvar. Prezident İlham Əliyev "Azərbaycan Respublikası
milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley
medalının təsis edilməsi haqqında" qanunun tətbiq edilməsi
barədə fərman verib.
16 yanvar. Prezident İlham Əliyev bildirib ki, 2009-cu ildə
ordunun büdcəsi artırılıb və Azərbaycanın hərbi xərcləri 2,3
milyard dollar təşkil edəcək.
22 yanvar. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş
İdarəsində əsgər və zabitlərin, bütövlükdə, hərbi qulluqçuların
və onların valideynlərinin təklif, irad və şikayətlərini
operativ qəbul edib araşdırmaq məqsədilə "qaynar xətt"
fəaliyyətə başlayıb - 560-17-11.
30 yanvar. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2009-cu
ilin sonunadək Azərbaycan Dövlət Gömrük Komitəsində Risklərin
İdarəolunması Mərkəzinin fəaliyyətə başlayacağını bildirib. Bu
mərkəzdə risk analizləri aparılacaq, qaçaqmalçılıqla mübarizə
sahəsindəki vəziyyət təhlil olunaraq müvafiq tədbirlər
görüləcək.
30 yanvar. Azərbaycan Daxili Qoşunlarının vertolyot eskadrilyası
yaradılıb. DQ tarixində ilk dəfədir yaradılan aviasiya
eskadrilyasına "Mi" markalı vertolyotlar daxildir.
19 fevral. DSX Sahil Mühafizəsinin rəisi general-mayor İlham
Mehdiyev bildirib ki, rəhbərlik etdiyi qurum bu ilin yay
aylarında Xəzər dənizində növbəti genişmiqyaslı taktiki təlimlər
keçirməyi planlaşdırır. General bu il Xəzər dənizində 2 yeni
radiolokasiya stansiyasının qurulacağını, bununla da Xəzərin
Azərbaycan sektoruna tam nəzarət imkanı əldə olunacağını
bildirib.
2 mart. Prezident İlham Əliyev Bərdə rayonuna səfəri
çərçivəsində Daxili Qoşunların hərbi hissəsi üçün inşa olunmuş
şəhərcikdə olub.
2 mart. Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin
İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin
Yevlax regional şöbəsinin şəxsi heyəti üçün tikilmiş xidməti
yaşayış binasının açılışında iştirak edib.
6 mart. MN-in adı açıqlanmayan rəsmisi bildirib ki, Azərbaycanın
Strateji Müdafiə İcmalı 2010-cu ildə hazır olacaq.
6 mart. Prezident İlham Əliyevin iştirakı ilə DSX-nin hərbi
hissəsinin açılışı olub.
12 mart. Daxili Qoşunların yaranması günü qeyd edilib. Prezident
İlham Əliyevin imzaladığı sərəncamla Daxili Qoşunların
hərbçiləri təltif olunub.
12 mart. Hökumətin parlamentə təqdim etdiyi hesabatda bildirilib
ki, 2008-ci ildə DSX-nin Naxçıvan Sərhəd Diviziyasında 2 sərhəd
zastavası, Göytəpə Sərhəd Dəstəsində 4 mənzilli yaşayış binası,
Zaqatala Sərhəd Dəstəsində 3 zastava kompleksi, Sahil Mühafizə
bazası, Şimal DRES Sahil məntəqəsi, Hərbi Hospitalda kompüter
tomoqrafiyası binası, Şüvəlan qəsəbəsində hərbi hissə, DSX
Akademiyasının "Sitalçay" Təlim-Tədris Mərkəzi, "Sərhədçi"
istirahət mərkəzində 2 mərtəbəli məişət kompleksi istifadəyə
verilib.
12 mart. Hökumətin parlamentə təqdim etdiyi hesabatda bildirilib
ki, Fövqəladə Hallar Nazirliyi Rusiyadan 2 ədəd "Ka-32A" markalı
vertolyot alacaq.
19 mart. Dövlət Miqrasiya Xidmətinin yaranmasının 2-ci ildönümü
qeyd olunub.
28 mart. Azərbaycan milli təhlükəsizlik orqanlarının
yaranmasının 90 illiyi qeyd olunub. Prezident İlham Əliyevin
imzaladığı sərəncamla MTN-in əməliyyat-texniki idarəsinin rəisi
Natəvan Mirvətovaya general-mayor hərbi rütbəsi verilib.
Regional
təhlükəsizlik
4 fevral. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv
dövlətlərin Moskvada toplanan prezidentləri kollektiv hərbi
qüvvələrin yaradılması haqda layihəni imzaladılar.
10 fevral. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva
Xəzərdə "Kasfor" çevik əməliyyat qüvvələrini yaratmağa hazırdır
və bu, region ölkələrinin iştirakı olmadan da baş tuta bilər.
13 fevral. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş
katibi Nikolay Bordyuja Rusiya və Ermənistanın vahid Hava
Hücumundan Müdafiə Sistemi yaradacaqlarını bildirib.
2 mart. KTMT-nin baş katibi Nikolay Bordyuja Yerevanda bəyan
edib ki, "Dağlıq Qarabağ münaqişəsinə dair hərbi əməliyyatlar
yenidən bərpa olunsa, KTMT-nin çevik qüvvələr kontingentindən
istifadə edilməyəcək".
4 mart. ABŞ Konqresinin büdcə bürosu "Avropada raketəleyhinə
müdafiə sistemlərinin yerləşdirilməsi variantları" adlı məruzəni
açıqlayıb. Çoxsəhifəli tədqiqatda RƏM sisteminin yerləşdirilməsi
ilə bağlı 3 sxem təklif edilib və onların hər birinə
Azərbaycanın adı salınıb.
4 mart. ABŞ səfiri Ənn Dörsi bildirib ki, Şərqi Avropada raket
hücumundan müdafiə sisteminin yaradılması Obama
administrasiyasının Rusiya ilə müzakirə edəcəyi mövzulardan biri
olacaq.
16 mart. Müdafiə Nazirliyi Rusiyanın pilotsuz kəşfiyyat
təyyarəsinin Azərbaycanın hava sərhədlərində sınaqdan
çıxarılması barədə "Aviation Week" jurnalının xəbərini təkzib
edib.
19 mart. Amerikanın "The New York Times" qəzeti yazıb ki, əgər
Amerika və Qırğızıstan rəsmiləri arasında Manas aviabazasının
icarəsi ilə bağlı son danışıqlar nəticə verməsə, sözügedən
bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq.
Beynəlxalq
hesabatlar, təhlillər
25 yanvar. Londonda yerləşən Beynəlxalq Strateji
Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını
qiymətləndirən illik hesabatını açıqlayıb. 170 ölkəni əhatə edən
hesabatda Azərbaycan və Ermənistanın da orduları haqda
məlumatlar yer alıb.
6 fevral. ABŞ-ın məşhur "Yane's" araşdırma şirkəti Rusiya və
MDB-nin silahlı qüvvələrinə dair son hesabatını açıqlayıb.
Sənəddə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda
vəziyyətə də toxunulub.
20 mart. Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə
Mərkəzinin (DCAF) "Müdafiə təsisatları: Azərbaycan, Ermənistan,
Gürcüstan və Moldovanın tələbatlarının qiymətləndirilməsi və
ölkələr üzrə təhlillər" kitab-hesabatının İnternet versiyasında
Azərbaycanın müdafiə sektorundakı vəziyyət kəskin tənqid olunub.
C.SÜMƏRİNLİ
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.