Məktəblər

Teatrlar

Xəstəxanalar

Mehmanxanalar

Bank və bankomatlar

Vağzallar

Restoranlar

Apteklər

Notariuslar

QHT-lər

GƏNCƏ

ORDU

Ana səhifə

"Gənc Liderlər" TTİİB

Tarix

Abidələr

Gəncə bu gün

İstirahət mərkəzləri

Foto qalereya

Shopping

Avtomobillər

Təqvim

Arxiv

Əlaqə

 


AZƏRBAYCAN NATO-nun İSLAM SİYASƏTİNDƏ VASİTƏÇİ KİMİ

"Alyans üzünü daha çox müsəlman dünyasına çevirməlidir"

Məlum olduğu kimi, aprelin 9-da Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda "NATO - Alyans tam siyasi kamillik çağında" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu konfransda maraqlı çıxışlar dinlənilib. "Ordunun Aynası" tədbirdə çıxış etmiş Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun nitqini müəyyən ixtisarlarla diqqətinizə çatdırır: "NATO-nun yubiley sammitinin alyansa üzv olan iki dövlətin ərazisində eyni vaxtda keçirilməsi, doğrudan da, unikal bir təcrübə idi və bu, dialoqun inkişaf etdirilməsi, NATO üzvləri arasında belə dostluq əlaqələrinin mövcud olmasının çox vacib bir nümunəsi idi. NATO 60 il əvvəl də fəaliyyətinə məhz həmin prinsiplər əsasında başlayıb.
Mən özüm sammitdə iştirak etmədim. Bunun səbəbi bu dəfə tərəfdaş ölkələrin tədbirə dəvət olunmaması idi. Bəlkə, şərtlər bunu tələb edib, bəlkə də, digər məsələlərin təcili xarakter daşıması görüşün formatının məhz bu şəkildə olmasını labüd edib.
Tezliklə biz Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasının 15 illiyini qeyd edəcəyik. Bununla bağlı mayın 5-də tədbir keçiriləcək. Baxmayaraq ki biz NATO ilə dialoqa 1992-ci ildən başlamışıq, amma 1994-cü ildən biz NATO ilə artmaqda olan təcrübi əməkdaşlığa başlamışıq. Bu 15 il ərzində NATO ilə Azərbaycan arasında olan dialoqun dəyəri, əməkdaşlıq səviyyəsi getdikcə artıb. Tərəfdaşlığın tam şəkildə icrası baş verib. Azərbaycanla NATO arasında əməkdaşlığın həyata keçirildiyi sahələrin sayı artıb.
Tarixi baxımdan bu 15 il çox qısa müddətdir. Amma çox yüklü bir müddətdir. Bu dövrdə çox hadisələr, tədbirlər baş verib. Ötən müddətə nəzər salsaq, deyə bilərik ki, Azərbaycan ən fəal tərəfdaşlardan biri kimi öz daxili hərbi və təhlükəsizlik sektorunda islahatlar həyata keçirir və NATO ilə əlaqələrini genişləndirir. Müəyyən sahələrdə bu əlaqələr xüsusilə diqqəti cəlb edir. Məsələn, sərhəd nəzarəti baxımından Azərbaycan "pioner" layihəsi həyata keçirib. NATO ilə əməkdaşlığı sahəsində hazırda Azərbaycan bu sahədə ekspert ölkə kimi tanınır. Bizim nümayəndələrimiz NATO-nun təlim mərkəzlərində təlim keçirməyə dəvət olunurlar.
Enerji təhlükəsizliyi də Azərbaycanın xüsusi səylər göstərdiyi bir sahədir. Bu istiqamətdə Azərbaycanın məqsədi NATO ilə, tərəfdaşlarla əməkdaşlıq səviyyəsini yüksəltmək olub.
Xalq diplomatiyası sahəsində də Azərbaycan bir sıra nailiyyətlər əldə edib. İllər ərzində Azərbaycan unikal nümunələr yaradıb: məlumat mərkəzlərinin, təhsil ocaqlarının yaradılması nəticəsində Azərbaycanda NATO haqqında məlumat artıb və Azərbaycan və NATO arasında siyasətin mahiyyəti barədə məlumatlar geniş yayılıb.
Tərəfdaşlığı inkişaf etdirərək Azərbaycan özünü sadəcə milli çərçivəyə qapatmamışdır. Azərbaycan irəliyə doğru addım atmışdır, potensialını, hazırlığını artırmaqla NATO tərəfindən həyata keçirilən əməliyyatlara töhfə verməyə başlamışdır. Bu da çox yüksək bir nailiyyətdir. Kosovo əməliyyatlarında iştirak etdik, daha sonra siyasi mövqe baxımından oranı tərk etdik. Əfqanıstandakı əməkdaşlığa da töhfə veririk. Bundan əlavə, İraqdakı əməliyyatlarda da iştirak etmişdik.
Hazırda biz müəyyən imkanları nəzərdən keçiririk ki, gələcəkdə daha da çox fəaliyyətdə olaq, öz töhfələrimizi daha da artırmış olaq. Sadəcə, hərbi baxımdan deyil, eyni zamanda, qeyri-hərbi baxımdan da. Əfqanıstanda xüsusilə.
Əfqanıstan çox çətin taleyə malik olan bir ölkədir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin yardımı ilə Əfqanıstanın gələcəyi parlaq olacaq. Hazırda biz bu ölkədə müxtəlif qeyri-hərbi layihələrdə iştirak edirik.
Bütün bu funksiyalar NATO tərəfindən həyata keçirilir. Bu onu göstərir ki, dəyişmə prosesinin başlanıldığı 1991-ci ildən bu yana NATO-un yanaşmaları nə qədər dəyişib. İndi NATO və üzv olmayan ölkələr arasında çox gözəl bir əməkdaşlıq əlaqələri yaranıb. İnanıram ki, gələcəkdə Avroatlantik təhlükəsizliyin təmin olunması üçün bu unikal imkandan istifadə ediləcək. Məncə, əməkdaşlıq və tərəfdaşlıq da üzvlük kimi instituta, bir potensiala, dəyərə çevrilib. Tərəfdaşlıq imkan yaradır ki, interaktiv əlaqələr daha da inkişaf etdirilmiş olsun.
Azərbaycan sübut edib ki, inanıla bilən, güvənli bir tərəfdaşdır. Amma tərəfdaşlığı həyata keçirmək üçün gələcəkdə də dəstək, müəyyən məsələlərə münasibətdə dəyişmək lazımdır. 1994-cü ildən etibarən bizdə tərəfdaşlığa əsaslanan gələcək üzvlük və ya gələcək üzvlüyə hazırlıq münasibətləri yer almışdı. 15 il əvvəl tərəfdaşlıq məhz bu baxımdan bərqərar edilmişdi.
Hazırda NATO "açıq qapı" siyasətini davam etdirdiyini bəyan edir və eyni zamanda, alyansla tərəfdaş ölkələr arasında əməkdaşlıq baxımından müəyyən standartlar mövcuddur. Müəyyən səbəblərə görə biz bu gün alyansa üzv ola bilmiriksə, o zaman biz tərəfdaşlığın digər bucaqlarına niyə nəzər salmamalıyıq, niyə bu institutu ümumilikdə inkişaf etdirməməliyik?!
Məlumdur ki, Vaşinqton sazişinin 5-ci maddəsi üzv dövlətlərin müvafiq fəaliyyətini nəzərdə tutur. Amma tərəfdaş ölkələrə belə fürsət verilməyib. Bu məni vadar edir deyim ki, biz 1994-cü ildə qəbul olunmuş PFP sənədinə yenidən nəzər salmalı, orada müəyyən dəyişikliklər etməli, həmin sənədi zamanın tələblərinə uyğunlaşdırmalıyıq.
Bir sıra sahələr var ki, orada əməkdaşlıq genişlənə bilər. Bəzi sahələr NATO-nun marağına səbəb ola bilər. Körfəz ölkələri barədə söyləmək kifayətdir. Azərbaycan tərəfdaş ölkə olaraq Avroatlantik təcrübənin körfəz ölkələrinə çatdırılması istiqamətində gələcəkdə fəaliyyət həyata keçirə bilər.
Yeni baş katibin seçilməsi ilə əlaqədar demək istərdim ki, NATO öz simasını hazırda daha çox islam dünyasına çevirməlidir ki, islam dünyasında NATO siyasətini daha yaxşı başa düşmüş olsunlar. Bunun həyata keçirilməsi üçün isə Azərbaycan kimi tərəfdaşlara NATO-nun ehtiyacı var və gələcəkdə də olacaq".

C.SÜMƏRİNLİ

Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» ve «Zerkalo» qazetlərində dərc olunan   "Ordunun Aynası" ("Armeyskoe Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə yerləşdirilir.
 

Bütün müəllif hüquqları qorunur 2006-2007 © "Gənc Liderlər" TTİİB | Dizayn: Ramin Sadıqov