2008-ci ilin "qara siyahi"si
Azərbaycan
Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin sayı artıb
2009-cu ildə
Azərbaycan Silahlı Qüvvələrində və bir çox hərbi birləşmələrdə
diqqətçəkən islahatların olacağı istisna deyil. İstər Azərbaycan
daxili mənbələrdən, istərsə də islahatları nəzarətdə saxlayan
Türkiyə və NATO dairələrindən verilən bilgiyə görə, 2009-cu il
Azərbaycan Silahlı Qüvvələri üçün "açar" il olmalıdır. Məhz bu
ildən başlayaraq ordunun tam şəkildə NATO standartlarına keçidi
üçün genişmiqyaslı zəminlərin hazırlanması işi həyata
keçiriləcək. Bu xüsusda parlamentin bir sıra hərbi
qanunvericilik aktlarına dəyişikliklər edəcəyi şübhə doğurmur.
Gözlənilən böyük dəyişikliklər ərəfəsində Azərbaycan Silahlı
Qüvvələrində vəziyyətin necə olduğunu aydınlaşdırmaq ciddi
əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə "Ordunun Aynası" ənənəvi
olaraq 2008-ci ilin son buraxılışında bir sıra istiqamətlər üzrə
yekun hesabatları nəzərinizə çatdırmaqdadır. Bu məqalədə
toxunacağımız mövzu ötən illərdə olduğu kimi, cari ildə də
Azərbaycan Silahlı Qüvvələrinin itkilərini əhatə edəcək. Buraya
bütün güc strukturlarında sözügedən istiqamətdə baş verən
proseslərin monitorinqi daxildir.
"Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzindən verilən
məlumata görə, 2008-ci il ərzində Azərbaycan Silahlı
Qüvvələrinin itkiləri 72 nəfərə yaxınlaşıb. Bu dövrdə yaralanan
və müxtəlif səbəblərdən xəsarət alanların sayı isə 55 nəfəri
keçib.
2007-ci ildə Silahlı Qüvvələrdə baş vermiş itkilərin sayı ən azı
62 nəfər idi. Bu göstərici 2006-cı ildə 48, 2005-ci ildə 39,
2004-cü ildə 35, 2003-cü ildə isə 75 nəfər idi.
Itkilər üzrə
güc qurumlarinin "pay"i
"Doktrina" mərkəzinin Azərbaycanın kütləvi və elektron
informasiya vasitələri üzrə apardığı araşdırmalara görə, cari
ildə dünyasını dəyişənlərin 61 nəfəri Müdafiə Nazirliyinin, 5-i
Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1-i isə Ədliyyə
Nazirliyinin hərbi qulluqçularıdır.
Müqayisə üçün bildirək ki, 2007-ci ildə dünyasını dəyişənlərin
56 nəfəri Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin,
2-si Daxili Qoşunların, 1-i isə MTN-in hərbi qulluqçuları idi.
2006-cı ildə isə dünyasını dəyişənlərin 46 nəfəri Müdafiə
Nazirliyinə, 2 nəfəri isə Dövlət Sərhəd Xidmətinə aid hərbi
hissələrdə xidmət edib. 2005-ci ildə həlak olanların arasında
Müdafiə Nazirliyinin payına 35 nəfər, Dövlət Sərhəd Xidmətinə 3
nəfər, Daxili Qoşunlara isə 1 nəfər düşürdü. 2004-cü ildə həlak
olanların arasında Müdafiə Nazirliyinin payına 30, Dövlət Sərhəd
Xidmətinə 3, Azərbaycan Ali Hərbi Məktəbinin və Daxili
Qoşunların hərəsinə 1 nəfər düşürdü.
Itkilərin
rütbələr üzrə təsnifati
2008-ci ildə dünyasını dəyişənlərin 55 nəfəri əsgər, 1-i
çavuş, 1-i kursant, 5-i gizir, 10 nəfəri isə zabitdir (leytenant
- 4, baş leytenant - 2, kapitan - 3, polkovnik-leytenant - 1).
Müqayisə üçün bildirək ki, 2007-ci ildə dünyasını dəyişənlərin
53 nəfəri əsgər, 1-i çavuş, 1-i kursant, 2-si gizir, 5-i isə
zabit (leytenant və baş leytenant) idi. 2006-cı ildə dünyasını
dəyişənlərin isə 36 nəfəri əsgər, 1-i kiçik çavuş, 2-si gizir,
9-u zabit idi. 2005-ci ildə dünyasını dəyişənlərin 32 nəfəri
əsgər, 1-i kiçik çavuş, 2-si gizir, 4-ü zabit idi. 2004-cü ildə
həlak olanların əksəriyyətini (30 nəfər) əsgərlər təşkil edib.
Bundan başqa, həmin il 5 zabitimiz dünyasını dəyişib.
Rayonlar üzrə
bölgü
2008-ci ildə silahlı qüvvələrdə dünyasını dəyişənlər 37
rayon və şəhər hərbi komissarlığından xidmətə çağırılıblar.
Dünyasını dəyişmiş hərbi qulluqçuların 9 nəfəri Bakı
rayonlarının, 8 nəfəri isə Gəncə rayonlarının sakinləridir.
2008-ci ildə xidmətə yola salınan əsgərlər arasında daha çox
itki ilə üzləşənlər Astara, Goranboy, Sabirabad, Xaçmaz, Tərtər,
Zaqatala, Şəki, Füzuli, Bərdə, Xətai (Bakı) və Kəpəz (Gəncə)
rayonlarıdır.
Xatırladaq ki, 2007-ci ildə dünyasını dəyişənlər 35 rayon hərbi
komissarlığından xidmətə çağırılmışdılar. O zaman dünyasını
dəyişmiş hərbi qulluqçuların 4 nəfəri İsmayıllı rayon sakinləri
idi. Ötən il xidmətə yola salınan əsgərlər arasında daha çox
itki ilə üzləşənlər Şəki, Xaçmaz, Qobustan, Xanlar, Cəlilabad,
Qazax rayonları idi.
2006-cı ildə dünyasını dəyişənlər daha çox Bakının müxtəlif
rayonlarından çağırılan hərbi qulluqçular olub. 2005-ci ildə isə
Masallı, Şəki və Gəncənin hərbi komissarlığının çağırışçıları
arasında ölüm faktları digər rayonlarla müqayisədə daha çox idi.
2003-2004-cü illərdə isə yenə də bu istiqamətdə Bakı şəhəri
"lider"lik edib.
2008-ci ildə dünyasını dəyişən hərbi qulluqçuların əksəriyyəti -
19 nəfəri 1989-ci ildə anadan olanlardır. Növbəti yerlərdə 1988
(10 nəfər), 1990 (5 nəfər), 1987, 1986, 1978-ci illərdə
doğulanlar gəlir. Dünyasını dəyişənlərin 18 nəfəri 2007-ci ildə
hərbi xidmətə çağırılıb. 12 nəfər isə 2008-ci ildə hərbi xidmətə
yollanıb. Yerdə qalanları 2006, 2005 və daha geridə qalan
illərdə xidmətə çağırıblar.
Müqayisə üçün bildirək ki, 2007-ci ildə dünyasını dəyişənlərin,
demək olar, əksəriyyəti 1988-ci ildə anadan olanlar idi. Növbəti
yerlərdə 1987, 1986, 1983 və 1976-cı illərdə doğulanlar gəlirdi.
2007-ci ildə dünyasını dəyişən 62 nəfərdən təxminən 30-u 2006-cı
ilin müxtəlif çağırış dövrlərində hərbi xidmətə yollanmışdı.
2007-ci ildə dünyasını dəyişənlərin 3 nəfəri həmin il çağırılıb.
Döyüş
itkiləri
"Doktrina" mərkəzinin Azərbaycanın kütləvi və elektron
informasiya vasitələri üzərində apardığı araşdırmalara görə,
cari ildə Azərbaycan Silahlı Qüvvələrinin qeyri-döyüş
itkilərinin sayı döyüş itkiləri ilə müqayisədə artıb.
Ekspertlərin fikrincə, bu tendensiya 2005-ci ildən bu yana davam
edir.
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş itkiləri 22
nəfərə yaxındır. Qeyd edək ki, beynəlxalq qaydalara uyğun olaraq
döyüş itkilərinə əsas etibarilə rəqib tərəfin açdığı atəşdən və
mina partlayışından dünyasını dəyişənlər daxil edilir.
Xatırladaq ki, 2007-ci ildə də Azərbaycan Silahlı Qüvvələrinin
döyüş itkiləri 21 nəfərə yaxın idi.
Erməni
gülləsi
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində düşmən
gülləsindən dünyasını dəyişənlərin sayı 19 nəfərə yaxındır.
Araşdırmalar göstərir ki, bu kimi ölüm hadisələri əsas etibarilə
Ağdam, Füzuli, Tərtər rayonlarında baş verib. Müşahidələr
göstərir ki, ötən illərdə olduğu kimi əsgərlərimiz daha çox
diqqətsizlik ucbatından erməni gülləsinə tuş gəlirlər. Eyni
zamanda, mühəndis-istehkam işlərinin həyata keçirilməsi ilə
əlaqədar müəyyən fəsadların baş verməsi də istisna deyil.
2007-ci ildə düşmən gülləsindən dünyasını dəyişənlərin sayı 16
nəfərə yaxın idi. 2006-cı ildə 12, 2005-ci ildə 22, 2004-cü ildə
9, 2003-cü ildə isə 34 hərbçimiz erməni snayperinin gülləsindən
dünyasını dəyişib.
Monitorinqin həyata keçirildiyi 2003-cü ilin yanvarından bu yana
ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində
mina partlayışından dünyasını dəyişmiş hərbçilərlə bağlı
məlumata rast gəlinməyib. Xatırladaq ki, mina partlayışından
2007-ci ildə 5, 2006-cı ildə 1, 2005-ci ildə 2, 2004-cü ildə 4,
2003-cü ildə isə 7 nəfər dünyasını dəyişib.
Cari ildə Azərbaycanın döyüş itkilərinə İraqda xidmət çəkən
sülhməramlımızın həlak olması faktı da əlavə edilib. Həmçinin
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu
həyata keçirilən əməliyyat tədbirləri zamanı rəqib tərəfin
gülləsinə tuş gəlib.
Qeyri-döyüş
itkiləri
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş
itkilərinin sayı təxminən 51 nəfər təşkil edir. Onların arasında
əsas yeri qeyri-nizamnamə halları və intiharlar tutur.
Xatırladaq ki, 2007-ci ildə qeyri-döyüş itkilərinin sayı
təxminən 41 nəfər təşkil edirdi.
Intiharlar
Silahlı Qüvvələrdə baş vermiş intiharların sayı artan tendensiya
üzrə davam edir. Bu il 11 əsgərimiz intihar edib. Hadisələr
əsasən Bakı, Beyləqan, Naxçıvan, Qazax, Bərdə, Biləsuvar,
Neftçala, Kürdəmir və Gəncə ərazilərində yerləşən hərbi
hissələrdə baş verib. Araşdırmalar göstərir ki, intiharlara
əsasən "dedovşina" hadisələri, nizamnamədənkənar hərəkətlər,
rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və sair bu
kimi hadisələr səbəb olur.
Qeyd edək ki, 2007-ci ildə 10, 2006-cı ildə 7, 2005-ci ildə 4,
2004-cü ildə 4, 2003-cü ildə 8 hərbçimiz intihar etmişdi.
Xatırladaq ki, bu yaxınlarda respublikanın hərbi prokuroru
Xanlar Vəliyev bildirib ki, 2007-ci illə müqayisədə 2008-ci ildə
Azərbaycanın silahlı birləşmələrində cinayət, qəsdən adam
öldürmə və intihar hallarının sayı azalıb. Hər bir insanın
ölümünün fövqəladə hadisə olduğunu söyləyən hərbi prokuror
2008-ci il ərzində də müəyyən intihar, ölüm hallarının
olmasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, bu
intihar hallarının bir qismi məişət problemləri, ailə məsələləri
ilə əlaqədar olsa da, digər qismi xidmətlə bağlı,
nizamnamədənkənar davranışla, münasibətlərlə şərtlənir.
Qəzalar
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində baş verən
qəzalar 11 hərbi qulluqçunun həyatına son qoyub. Cari ildə baş
vermiş təyyarə qəzası nəticəsində 2, avtomobil qəzası
nəticəsində 4, zirehli döyüş maşını ilə bağlı baş vermiş qəza
nəticəsində isə Azərbaycan ordusunun 5 hərbi qulluqçusu
dünyasını dəyişib.
Müşahidələr göstərir ki, müxtəlif qəzalar nəticəsində insan
ölümləri Azərbaycan Silahlı Qüvvələrində il ərzində baş vermiş
itkilərin təxminən 10-20 faizini təşkil edir. Bu göstərici
ilbəil artmaqdadır.
Xatırladaq ki, 2007-ci ildə baş vermiş çoxsaylı avtomobil
qəzaları nəticəsində silahlı qüvvələrin 7 hərbi qulluqçusu
dünyasını dəyişmişdi. Avtomobil qəzalarından 2006-cı ildə 8,
2005-ci ildə 1 hərbçimiz dünyasını dəyişib. Monitorinqin
aparıldığı 2004 və 2003-cü illərdə bu tip hadisələr qeydə
alınmayıb.
Nizamnamədənkənar hərəkətlər
2008-ci ildə orduda baş vermiş nizamnamədənkənar hərəkətlər
nəticəsində 12 hərbi qulluqçu dünyasını dəyişib. Araşdırmalar
göstərir ki, cari ildə bu kimi hadisələr daha çox Bakı, Gəncə,
Füzuli, Ağdam ərazilərində yerləşən hərbi hissələrdə baş verib.
Müşahidəçilərin fikrincə, nizamnamədənkənar hadisələr həm də
intiharlara, fərarilik hallarının artmasına səbəb olur. Cari
ildə qeyri-nizamnamə hallarının pozulması üzündən baş vermiş
itkilərin əsas səbəbləri ehtiyatsızlıq və hərbçilərin
bir-birlərinə qarşı silah qaldırmasıdır.
Nizamnamədənkənar hadisələr nəticəsində 2007-ci ildə 16, 2006-cı
ildə 5, 2005-ci ildə 4, 2004-cü ildə 10, 2003-cü ildə isə 13
hərbçimiz dünyasını dəyişib.
Ümumilikdə, cari ildə silahlı qüvvələrlə bağlı ən diqqətçəkən
məqam məhz nizamnamədənkənar hadisələr oldu. Bu xüsusda "dedovşina"
mövzusunda videoçarxlar ortaya çıxdı və cəmiyyətdə kütləvi
müzakirələrə start verildi. Amma qeyd edək ki, əksər
ekspertlərin rəylərinin əleyhinə olaraq Müdafiə Nazirliyinin
rəsmiləri Azərbaycan ordusunda "dedovşina" halının olmadığını
qeyd edirlər.
Bu yaxınlarda hərbi prokuror Xanlar Vəliyev bildirdi ki,
Azərbaycan ordusunda "dedovşina" ilə bağlı nadir hallar
mövcuddur və bunların qarşısının alınması üçün Hərbi Prokurorluq,
eləcə də müvafiq silahlı birləşmələrin komandanlığı tərəfindən
əlavə tədbirlər görülür.
Bədbəxt
hadisələr
2008-ci ilin göstəricilərinə görə, silahlı qüvvələrdə
bədbəxt hadisələrdən dünyasını dəyişən hərbi qulluqçuların sayı
9-dur. Bu kimi hadisələr elektrik cərəyanı vurması (2 nəfər),
suda boğulma (5 nəfər) və yanğın (2) nəticəsində əmələ gəlib.
Monitorinq göstərir ki, 2007-ci illə müqayisədə Azərbaycan
Silahlı Qüvvələrində bədbəxt hadisələr nəticəsində dünyasını
dəyişənlərin sayı bir qədər artıb.
Xatırladaq ki, 2007-ci ilin göstəricilərinə görə, silahlı
qüvvələrdə bədbəxt hadisələrdən dünyasını dəyişən hərbi
qulluqçuların sayı 5 nəfər idi. Bədbəxt hadisələrdən 2006-cı
ildə 10, 2005-ci ildə 7, 2004-cü ildə 8, 2003-cü ildə isə 4
hərbçimiz dünyasını dəyişib.
Xəstəliklər
2008-ci ildə xəstəliklərdən dünyasını dəyişən hərbi
qulluqçularımızın sayında 2003-cü ildən bu yana rekord səviyyə
qeydə alınıb. Bu il 7 hərbi qulluqçumuz müxtəlif xəstəliklərdən
(ürəktutma, böyrək çatışmazlığı, kəskin leykoz, meningit və s.)
dünyasını dəyişib.
Beləliklə, müxtəlif xəstəlik və bu tip fəsadlardan 2007-ci ildə
1, 2006-cı ildə 1, 2003-cü ildə 7 hərbçimiz dünyasını dəyişib.
2005 və 2004-cü illərdə bu tip hallar qeydə alınmayıb.
Müəmmali
hallar
Cari ilin ötən dövründə silahlı qüvvələrdə 3 müəmmalı ölüm halı
baş verib ki, bu və digər hadisələrdə dünyasını dəyişənin
kimliyi və ya onun nədən öldüyü kimi məlumatlar KİV üçün
qaranlıq qalıb. Müşahidələr göstərir ki, bu kimi halların
qeyri-müəyyənliyi, onların cəmiyyətə açıqlanmaması insanlarda
bir sıra neqativ fikirlər yaradır ki, bunlar da sonradan ordu
quruculuğuna təsirsiz ötüşmür.
Naməlum səbəblərdən 2007-ci ildə 2, 2006-cı ildə 1, 2005-ci ildə
1, 2004-cü ildə 2, 2003-cü ildə isə 1 hərbçimiz dünyasını
dəyişib.
Yaralananlar
və xəsarət alanlar
Qeyd edək ki, cari ildə silahlı qüvvələrdə bu və digər hallardan
yaralanan və xəsarət alanların sayı ən azı 55 nəfərdir. "Doktrina"
mərkəzinin araşdırmaları nəticəsində bəlli olub ki, onların
təxminən 30 nəfəri müxtəlif avtomobil qəzaları, 10-u
nizamnamədənkənar hadisələr, qalanları isə erməni gülləsi,
bədbəxt hadisələr və s. üzündən xəsarət alıb (və ya yaralanıb).
Yaralananlar və ya xəsarət alanların 1 nəfəri Ədliyyə
Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Hərbi Prokurorluğun,
3-ü Dövlət Sərhəd Xidmətinin, 49 nəfəri isə Müdafiə Nazirliyinin
hərbi qulluqçularıdır.
2007-ci ildə 73, 2006-ci ildə 38, 2005-ci ildə 44, 2004-cü ildə
20, 2003-cü ildə isə 35 hərbi qulluqçumuz yaralanıb (və ya
xəsarət alıb).
Nəzərinizə çatdıraq ki, 2008-ci ildə mina partlayışından
Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun
yaralandığı barədə məlumatlar olsa da, bu hələlik təsdiqini
tapmayıb.
6 ilə 331
itki, 265 yarali
Ekspertlərin fikrincə, Silahlı Qüvvələrdə qeyri-nizamnamə,
intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf
edir. Yekun olaraq bildirək ki, 2003-2008-ci illərdə - 72 ay
müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 331 hərbi
qulluqçusunu itirib. Onun 134 nəfəri döyüş (112 nəfər erməni
gülləsi, 19 nəfəri mina və sursat partlayışı, 3 nəfər əməliyyat
tədbirləri), 197 nəfəri isə qeyri-döyüş (44 nəfər intihar, 27
nəfər qəza, 60 nəfər qeyri-nizamnamə hərəkətləri, 43 nəfər
bədbəxt hadisələr, 16 nəfər müxtəlif xəstəliklər və
zəhərlənmələr, 10 nəfər müəmmalı və naməlum vəziyyətlər)
itkiləridir. Sözügedən dövrdə bu və digər səbəblərdən yaralanan
və xəsarət alan hərbi qulluqçuların sayı isə 265 nəfərdən çoxdur.
Qeyd edək ki, monitorinq müxtəlif KİV və EİV-də dərc olunmuş
faktlara və Azərbaycan Müdafiə Nazirliyi və digər güc
strukturlarının mətbuat xidmətləri tərəfindən ayrı-ayrı
vaxtlarda təsdiq olunmuş məlumatlara istinadən aparılıb.
***
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri (dünyasını
dəyişənlər):
1. Əsgər Çinar Əliyev (1989), Astara, MN
2. Əsgər Tural Mustafayev (1988), Goranboy (2006, oktyabr), DSX
3. Əsgər Vüsal Cəbrayılov (1988), Gəncə, DQ
4. Leytenant Qorxmaz Həşimov (1976), Sumqayıt, DSX
5. Əsgər İsmayıl Ağaməmmədov (1989), Sabirabad (2007, aprel), MN
6. Əsgər Kamil Nurməmmədzadə (1989), Xaçmaz (2007, yanvar), MN
7. Əsgər Bəhruz Hatəmi (1989), Tərtər (2007, aprel), MN
8. Polkovnik-leytenant Fəxrəddin Əsgərov, MN (HHQ)
9. Kapitan Əfqan Aslanov, MN (HHQ)
10. Əsgər Sərdar Orucov (1989), Daşkəsən (2007), MN
11. Əsgər Fariz Əliyev (1987), Gəncə (Kəpəz, 2008, yanvar), MN
12. Əsgər Ümid Fərzəliyev, Yasamal (2007, yanvar), MN
13. Əsgər Ərzuman Qurbanov (1988), Bakı (Sabunçu, 2006, oktyabr),
MN
14. Əsgər Nemət Tusayev (1988), Zaqatala (2007, yanvar), MN
15. Əsgər Yusif Qasımov (1988), Şəki (2007, oktyabr), MN
16. Əsgər Mövlud Quliyev, (2007, yanvar), MN
17. Əsgər Bəhruz İsmayılov (1988), Şəki (2006, oktyabr), MN
18. Kapitan Ceyhun Səfərov (1978), Xətai (1996), MN
19. Əsgər Ramin İsmayılov (1989), Gəncə (Nizami), MN
20. Əsgər Cümşüd Əliyev (1989), Ağcabədi, DQ
21. Əsgər... MN
22. Gizir Əbülfəz Muradov, MN
23. Əsgər Fərid Quliyev (1989), Sabirabad (2008, yanvar), ƏN
24. Əsgər Tofiq Ağayev (1986), MN
25. Əsgər Fuad Süleymanov (1989), Salyan (Həsənli, 2007, yanvar),
MN
26. Leytenant Vüqar Nəcəfov (1984), Füzuli, MN
27. Əsgər Əşrəf Əşrəfov (1990), Bakı, DSX
28. Əsgər Ramil Osmanov (1989), Balakən, DQ
29. Əsgər Şahid Xəlilov, Quba (2007, yanvar), MN
30. Əsgər Səbayel Ağayev (1988), Astara (2007, oktyabr), MN
31. Əsgər Rəfael Ağayev (1988), Xaçmaz, MN
32. Əsgər... MN
33. Baş leytenant Rəsul Məmmədov, MN
34. Əsgər Tural Musayev (1990), Bakı (Nərimanov, 2008), MN
35. Əsgər İslam Mustafayev (1990), Bakı (2008), MN
36. Əsgər Cabir Yusifov, Bərdə (2008, iyul), MN
37. Əsgər.., MN
38. Kapitan Anar Şirinov, MN (AAHM)
39. Əsgər Zamiq Səfərov (1988), Bakı (Suraxanı, 2007, iyul), DSX
40. Gizir Afiq Tərlanov (1988), Yardımlı, MN
41. Əsgər Anar Rəsulov, Naxçıvan ş., MN
42. Əsgər Səlaməddin Balışov (1989), Cəlilabad (2007, aprel), MN
43. Əsgər İlham Əhmədov (1990), Xudat (2008, 11 aprel), MN
44. Əsgər Əli Yolçuyev, Bakı (Binəqədi), DQ
45. Əsgər Əlipaşa Əliyev (1989), Qusar (2008), MN
46. Gizir Mayis Adıyev (1977), Yardımlı (2005, may), MN
47. Əsgər Asif Orucov (1989), Laçın (2007, iyul), MN
48. Əsgər Rauf Məmmədov (1989), Göyçay (2007, iyul), MN
49. Əsgər Fariz Aslanov (1986), MN
50. Əsgər Ağakərim Kərimov, Neftçala (2007, aprel), MN (HDQ)
51. Əsgər Vüsal Rüstəmov (1987), Gəncə (2008, aprel), DQ
52. Gizir Ceyhun Məhərrəmov (1980), Bakı (Xətai, 1998), MN
53. Əsgər İbrahim Məlikov (1989), Xaçmaz (2007, iyul), MN
54. Əsgər Əbdüləhəd Şahbazov, Füzuli, MN
55. Əsgər..., MN
56. Gizir Anar Cabbarov, DSX
57. Əsgər... MN
58. Leytenant Sərxan Yəhyazadə, Goranboy, MN
59. Əsgər Sərxan Nemətov, MN
60. Baş leytenant, Samid Əkbərov (1982), Lənkəran, MN
61. Əsgər Ruslan Adıgözəlov (1990), Mingəçevir, MN
62. Əsgər Aqşin Məmmədzadə (1989), Bərdə (2008), MN
63. Əsgər Fərid Hümbətov (1989), Zaqatala (2007, iyul), MN
64. Əsgər Orxan Şamilov, Tərtər (2008, aprel), MN
65. Əsgər Vahid Ağalarov (1989), Gəncə (Kəpəz) (2008, yanvar),
MN
66. Əsgər Samir Qasımov, Gəncə, MN
67. Əsgər Coşqun Əbdürrəhmanov, İmişli, MN
68. Kursant Razi Qarayev, MN (AAHM)
69. Zabit Qamət Mürsəlov, MN
70. Əsgər Samir Abdullayev (1987), Gəncə (2008,yanvar), MN
71. Əsgər.... MN
72. Çavuş Maqsud Məmmədov (1978), Gəncə, MN
***
hadisənin başvermə tarixi, yeri və səbəbləri:
1. 3 yanvar, Ağdam, erməni gülləsi
2. 10 yanvar, Balakən (Mahamalar), mülki şəxs güllələyib
3. 17 yanvar, Hacıqabul, iynədən şoka düşüb.
4. 17 yanvar, Yardımlı (Zevin), qaçaqmalçı gülləsi
5. 21 yanvar, Tərtər (Çaylı), erməni gülləsi
6. 24 yanvar, Beyləqan, intihar edib
7. 27 yanvar, Füzuli (Qərvənd), erməni gülləsi
8. 29 yanvar, Z.Tağıyev qəsəbəsi, təyyarə qəzası
9. 29 yanvar, Z.Tağıyev qəsəbəsi, təyyarə qəzası
10. 30 yanvar, Ağdam (Yusifcanlı), erməni gülləsi
11. 30 yanvar, Füzuli, ürəktutması
12. 13 fevral, Qusar, böyrək çatışmazlığı
13. 15 fevral, Ağdam, erməni gülləsi
14. 4 mart, Tərtər, erməni gülləsi
15. 4 mart, Tərtər, erməni gülləsi
16. 4 mart, Tərtər, erməni gülləsi
17. 4 mart, Tərtər, erməni gülləsi
18. 4 mart, Tərtər, erməni gülləsi
19. 9 mart, Füzuli, erməni gülləsi
20. 23 aprel, Bakı (Qala), intihar
21. 25 aprel,... naməlum səbəb
22. 7 may, Naxçıvan, intihar (özünü asıb).
23. 14 may, Salyan, kəskin leykoz
24. 11 may, Bakı, intihar (özünü dənizə atıb)
25. 14 may, Qazax, intihar
26. 16 may, Ağdam, erməni gülləsi
27. 23 may, Oğuz, mübahisə zəminində (güllə)
28. 29 may, Bərdə, intihar
29. 3 iyun, Naftalan, güllə yarası (naməlum)
30. 4 iyun, Qazax, ehtiyatsızlıq (güllə yarası)
31. 27 iyun, İraq, güllə (xidməti vəzifəsini yerinə yetirərkən)
32. 28 iyun, Füzuli, avtomobil qəzası
33. 8 iyul, Daşkəsən, suda boğulub (sel aparıb)
34. 16 iyul, Gəncə, elektrik cərəyanı
35. 24 iyul, Zaqatala, çayda boğulub
36. 24 iyul, Füzuli, çayda boğulub
37. 24 iyul, Füzuli, çayda boğulub
38. 30 iyul, Bakı (Fatmayı), dənizdə boğulub
39. 30 iyul, Biləsuvar, intihar (özünü asıb)
40. 1 avqust, Xanlar, əsgər gülləsi
41. 4 avqust, Kəngərli, avtomobil qəzası
42. 12 avqust, Qazax, erməni gülləsi
43. 22 avqust, Goranboy, ehtiyatsızlıq (güllə yarası)
44. 29 avqust, Qusar, əməliyyat (cinayətkarların
zərərsizləşdirilməsi)
45. 11 sentyabr, Ağdam, erməni gülləsi
46. 24 sentyabr, Naxçıvan, tankın partlaması
47. 24 sentyabr, Naxçıvan, tankın partlaması
48. 24 sentyabr, Naxçıvan, tankın partlaması
49. 28 sentyabr, Gəncə, avtomobil qəzası
50. 28 sentyabr, Bakı (Bayıl), əsgər yoldaşı tərəfindən
bıçaqlanıb
51. 12 oktyabr, Zaqatala, elektrik cərəyanı
52. 13 oktyabr, Şəmkir, PDM-də yanğın
53. 13 oktyabr, Şəmkir, PDM-də yanğın
54. 16 oktyabr, Naftalan, əsgər yoldaşının gülləsi
55. 16 oktyabr, Naftalan, əsgər yoldaşının gülləsi
56. 22 oktyabr, Neftçala, intihar (özünü asıb)
57. 22 oktyabr, intihar (özünü asıb)
58. 23 oktyabr, Kürdəmir, intihar (özünü güllələyib)
59. 8 noyabr, Naxçıvan, əsgər yoldaşının gülləsi
60. 8 noyabr, Füzuli, erməni gülləsi
61. 10 noyabr, Ağstafa, xəstəlik (mnengit)
62. 11 noyabr, Füzuli, müəmmalı səbəb
63. 12 noyabr, Beyləqan, erməni gülləsi
64. 16 noyabr, erməni gülləsi
65. 20 noyabr, Beyləqan, erməni gülləsi
66. 20 noyabr, Beyləqan, əsgər yoldaşının gülləsi
67. 23 noyabr, xəstəlik
68. 24 noyabr, Bakı, ürəktutması
69. 25 noyabr, Mingəçevir, avtomobil qəzası
70. 4 dekabr, Ağcabədi, yanğın
71. 4 dekabr, Ağcabədi, yanğın
72. 19 dekabr, Gəncə, intihar (özünü asıb)
***
2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində yaralananlar və
xəsarət alanlar:
1. Əsgər Rövşən İsgəndərov (1989), ƏN
2. Əsgər Heydər Səfərov, MN
3. 8 əsgər, MN
4. Leytenant Elman Allahverdiyev (1984), Şəmkir, MN
5. Əsgər Rövşən Alcanov (1988), Qobustan (2006, oktyabr), MN
6. Əsgər Ülvi İsmayılov (1989), Bakı (Nərimanov), MN
7. Gizir Füzuli Ağayev, Culfa, MN
8. Əsgər Əli Mustafayev, MN
9. 10 əsgər, MN
10. Əsgər Elnur Əliyev, DSX
11. Əsgər İldırım İsbarov, Cəlilabad (2007, oktyabr), DSX
12. 2 əsgər, MN
13. Leytenant Fuad Bağırlı, DSX
14. Əsgər Yəhya Zərbəliyev (1989), Şirvan (2007, oktyabr), DQ
15. Zabit.., Hərbi Prokurorluq
16. Əsgər Asif Məlikov (1989), Cəlilabad (2007), MN
17. 12 əsgər, MN
18. 3 əsgər, MN
19. Əsgər Taleh Mirzəyev (1988), Lənkəran (2007, oktyabr), MN
20. Əsgər Zaur Qasımov, Gəncə, MN
21. Əsgər Elsevər Hüseynov, MN
22. Əsgər Vüsal Verdiyev, MN
23. Əsgər Vüsal Mehdiyev, MN
24. Əsgər Rəvan Baydarov, Balakən (2007, oktyabr), MN
25. Əsgər Elvin Baydarov, Balakən (2007, oktyabr), MN
***
hadisənin baş vermə tarixi, yeri və səbəbləri
1. 8 yanvar, Suraxanı (16 saylı cəzaçəkmə müəssisəsi), silahla
ehtiyatsızlıq
2. 11 yanvar, Qazax, donvurma
3. 28 yanvar, Beyləqan və Füzuli, donvurma
4. 2 mart, Ağdam, intihara cəhd (güllə açıb)
5. 4 mart, Tərtər, erməni gülləsi
6. 9 mart, Füzuli, erməni gülləsi
7. 31 mart, Babək, təmir işləri
8. 18 aprel, Gəncə şəhəri, əsgər yoldaşı boğazını kəsib
9. 28 aprel, Gəncə, avtomobil aşıb
10. 21 may. Zaqatala, mübahisə zəminində (güllə)
11. 21 may, Zaqatala, mübahisə zəminində (güllə)
12. 28 iyun, Füzuli, avtomobil qəzası
13. 15 iyul, Cəlilabad, ağır bıçaq zərbəsi
14. 21 iyul, Zaqatala, yük maşınının altında qalıb
15. 7 avqust, Bərdə, avtomobil qəzası
16. 14 avqust, Qarabağ, erməni gülləsi
17. 28 avqust, Goranboy, avtomobil qəzası
18. 28 sentyabr, Gəncə, avtomobil qəzası
19. 13 oktyabr, Şəmkir, PDM-in yanması
20. 20 noyabr, Beyləqan, əsgər yoldaşının gülləsi
21. 4 dekabr, Ağcabədi, yanğın
22. 4 dekabr, Ağcabədi, yanğın
23. 4 dekabr, Ağcabədi, yanğın
24. 18 dekabr, erməni gülləsi
25. 18 dekabr, erməni gülləsi
C.SÜMƏRİNLİ
Bu məqalə NATO-nun Ictimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna»
ve «Zerkalo» qazetlərində dərc olunan "Ordunun Aynası" ("Armeyskoe
Zerkalo") layihəsi çerçivəsində internet səhifəmizdə
yerləşdirilir.