|
|
GƏNCƏ BU GÜN
Gəncə Azərbaycanın şimal-qərbində
yerləşən şəhər.
Ərazisi – 107 kv. km, əhalisi – 303
min nəfər (2006-cı il).
Gəncə qonaqpərvərlik timsalıdır. Bu
şəhər Gəncəbasar reqionunu mərkəzi olmaqla yanaşı, mənəvi
paytaxtıdır.
Şəhər iki inzibati vahidə: Kəpəz
(ərazisi 55 kv. km) və Nizami (ərazisi 42 kv. km) rayonlarına
bölünmüşdür. Eyni adlı iki bələdiyyə mövcuddur.
İnsani və iqtisadi resurslar
baxımından respublikanın ikinci şəhəridir. Şəhərdə istehsal
edilən sənae məhsullarının ümumi həcminin çox hissəsi əlvan
metallurqiya, yüngül və yeyinti sənayesi müəssisələrinin payına
düşür.
Gəncə şəhəri Şəmkir, Xanlar, Samux,
Daşkəsən və Goranboy rayonları ilə qonşudur.
Gəncənin 2500 yaşı: tarixi əsaslar
Bir neçə
gün əvvəl Azərbaycanın, eləcə də şərqin ən qədim şəhərlərindən
olan Gəncənin 2500 illiyi təntənə ilə qeyd edildi. Keçmiş və
müasir tariximizin ən möhtəşəm maddi və mənəvi məkanlarından
biri, Azərbaycan milli ruhunun aynası olan Gəncə şəhərinin böyük
coşqu ilə keçirilmiş bu yubiley şənliklərinə on minlərlə insan
qatıldı. Tədbirlərdə yüzlərlə qonağın, respublikamızın tanınmış
incəsənət ustalarının iştirakı da qədim şəhərimizin iki minillik
və beş yüzillik bundan öncəki çağlara gedib çıxan ad gününü
ümumxalq bayramı səviyyəsinə qaldırıldığının göstəricisi idi.
Şübhəsiz, bu söylənilənlərin həyata keçirilməsi,yaşadığımız
dövrün reallıqlarına uyğun olaraq, ilk növbədə şəhərin birinci
şəxsinin təşəbbüsləri ilə bağlıdır. Gəncəyə rəhbərlik etdiyi 3
il müddətdə öz yenilikçilik və quruculuq əzmi ilə seçilən,
ixtisasca tarixçi olan Eldar Əzizov real inkişaf üçün
milli-mənəvi intibahın da vacibliyi məsələlərini özünün
fəaliyyət planına daxil edib.
Gəncənin 2500 illik tarixə malik olması faktının təsdiqinin
Azərbaycan dövlətçiliyi və ideoloji məsələlər baxımından hansı
əhəmiyyəti kəsb etməsinin sübuta ehtiyyacı yoxdur. Bu mənada,
sözügedən tarixin mətbuatda daha ətraflı izahına, onun necə
deyərlər, «informasiya dəstəyi»nə ciddi yanaşılmalıdır. Biz də
bu məqsədlə tariximizin ən əski çağlarına ekskurs etməyi gərəkli
saydıq.
Onu da qeyd edək ki, dünyanın Roma, Afina, Kiyev, Sankt
Peterburq, Moskva və s. kimi bir sıra iri şəhərlərin salınması
hansısa dövlət, imperiya, eləcə də şəxsiyyətlərlə bağlı
olduğundan, onların dəqiq tarixi məlumdur. Bu baxımdan, əlbəttə
ki, şərq, xüsusən də Azərbaycan şəhərlərinin o qədər də «bəxti
gətirməmişdir» və onların əksəriyyəti ilk növbədə öz
coğrafi-iqlim şəraitlərinə görə formalaşmış, daha sonralar
müəyyən təkamül dövrünü keçərək, bölgədəki necə deyərlər,
tarixi-siyasi həyatda iz qoymuşlar.
Bununla belə, bir çox mənbələrdə Gəncənin yaşayış məskəni kimi
ən qədim dövrlərdə frmalaşmasından bəhs olunur. M.M.Altman
«İstoriçeskiy oçerk qoroda Qyandji» əsərində qeyd edir ki,
Gəncədə arxeoloji qazıntılar zamanı tapılan bir çox qəbirlər,
kurqanlar, qara gildən düzəldilmiş əşyalar, bürünc qılınclar,
oxlar, bilərziklər, muncuqlar və s. buralarda qədimdən yaşayış
olduğunu sübut edir (bax: Göstərilən əsər,Bakı 1949, səh 6).
Lakin, müəllif Gəncənin minillikləri aşan tarixindən bəhs edən
mənbələrə müraciət etsə də, onları elmi cəhətdən
ümumiləşdirməyib. Və bu hal, yəni Gəncənin tarixinin konseptual
baxımdan işlənilməməsi elmimizdə «ağ ləkə» kimi xeyli müddət
qalmaqda idi.
Mübaliğəsiz demək olar ki, bu sahədə boşluğu gənc alim, tarix
elmləri namizədi, dünyadan vaxtsız köçmüş Fərrux Əhmədovun
tədqiqatları doldurmağa başladı. Onun, elmimizin korifeyi,
akademik Ziya Bünyadovun birbaşa tövsiyələri ilə işlədiyi,
1998-ci ildə «Şirvannəşr»-də çapdan çıxmış «Gəncənin tarix
yaddaşı (tarixi-etnoqrafik araşdırma)» kitabını qədim
şəhərimizin ensiklopediyası adlandırsaq,yanılmarıq. Çoxu arxiv
materialları olmaqla, minə yaxın mənbəyə istinad edilərək
işlənmiş bu elmi əsərdə oxucuya Gəncənin yaşı və onun adının
mənşəyi, şəhərin tarixi ərazi yerdəyişmələri, əhalisi və
buradakı demoqrafik proseslər, şəhərsalma quruluşunun
xüsusiyyətləri, eləcə də Gəncənin qala, meydan və məhəllələri
haqda müfəssəl bilgilər verilir.
Elə biz də sözügedən mövzuda qarşıdakı mülahizələrimizdə bu
mötəbər mənbəyə istinad edəcəyik. Çünki dediyimiz kimi, bu kitab
xeyli tarixi qaynaqları ümumiləşdirərək, məntiq süzgəcindən
keçirilməsi ilə ərsəyə gəlib.
Tarixi mənbələr Gəncənin hələ Makedoniyalı İsgəndər dövrünəcən ,
yəni miladdan öncə IV əsrə qədər mövcud olduğu haqda bilgilər
verirlər. Bu fakt Azərbaycan SSR Ensklopediyasında da qeyd
olunub.
F. Əhmədov sözügedən əsərində şəhərin göstərilən dövrdən də
qədimdə salındığını əsaslandırır. Müəllif Gəncənin yaşına dair
onlarla erkən, orta, yaxın və müasir çağlara aid mənbələrdən
sitatlar gətirir. O, həmçinin Rusiya işğalıdan sonra Azərbaycan
şəhərlərin tədqiqi ilə məşğul olmuş rus mütəxəssislərinin
yazdıqlarına (onlar təbii ki, əski, təssüf ki, indiki zəmanəmizə
çatmayan qaynaqlara əsaslanıblar) da müraciət edir:
«Köhnə Gəncə hələ Makedoniyalı İsgəndərə qədər mövgud idi.
Şəhərin gözəlliyi, burada ticarətin geniş inkişafı, onun
təbiətinin zənginliyi qonşularının paxıllığına səbəb olurdu.
Bərdə hakimi Nüşabə qızğın döyüşlərdən sonra şəhəri bac verməyə
məcbur etmişdi» (Lazarev L. «Qyandja». Sbornik qazeti «Kavkaz»
za vtoroe poluqodie 1846 qoda, Tiflis 1847,s.192-193).
«Bərdə yaxınlığında Gəncə adlı daha bir şəhər çiçəklənirdi.
Fələyin dönük günlərində onlar bir-birini əvəz edirdilər.
Onların hər ikisinin yaranışı eyni olmalıdır»(Şopen İ. «Novıe
zametki ov istorii Kavkaza i eqo obitateley» S.Peterburq
1866.s.486).
«Gəncə Bərdə və Beyləqandan daha qədimdir» (Qaqemeyster Y.A.
«Novıe oçerki Zakafkazya» S.Peterburq 1848.s.87)
Sonra F. Əhmədov bəzi tarixçilərin, o cümlədən görkəmli ictimai
siyasi xadim Abbasqulu Ağa Bakıxanovun da öz «Gülüstani İrəm»
əsərində toxunduğu Əhəməni şahı II Keyxosrovun (Kirin) Gəncə
qalası yaxınlığında məğlub edilməsi məsələsini araşdırır. O,
həmçinin yazır:
«Mənbələr Kirin məhz Qafqazda (Albaniyada, Kür boyunda)
massagetlərə və onların məliykəsi Tomrisə qarşı müharibə
açdığını yazırlar. Herodotun verdiyi bilgiyə görə, «Kirus Arazı
keçib, Kür çayına çatır. Burada dar bir dərəyə soxulur (yada
salın,güney Gəncəbasarın Dar dərə kəndini –F.Ə.).Məlikə Tomris
öz azsaylı qoşunu ilə məharətlə Kirin fateh qoşununu tələyə
salıb məhv edir, Kiri qətlə yetirir».
Müəllif Kür çayının qədim yatağının indikindən cənubdan, müasir
Gəncə yaxınlığından axması və onun dağıdıcı zəlzələlər
nəticəsində yatağını dəyişməsi haqda geoloq alimlərin
fikirlərini (bax: Az.Res.MDTA.f.14,s.1,iş 13, vərəqlər 16, 31)
xatırlatdıqdan sonra miladdan öncə 530-cu ildə baş vermiş
sözügedən döyüşün məhz Gəncə qalası yaxınlığında olması
versiyasını irəli sürür. Patriarxal-quldarlıq quruluşu dövründə
iri yaşayış məntəqələrinin yaranması və müəyyən inkişaf
səviyyəsinə çatması üçün zəruri zaman kəsiyini də bu tarixə
əlavə etmək lazım gəldiyini bildirən müəllif, Gəncənin yaşının
hətta ümumən 2700 il olduğu qənaətinə gəlir.
F.Əhmədov Gəncənin adının etimologiyası məsələsini araşdırarakən
bu qədim şəhərin adının türk mənşəlli olduğunu əsaslandıraraq,
diqqətəlayiq bir mülahizə ilə çıxış edir:
«Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından
xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin –xanının
(xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və
bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas
yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər «Gəncə» yox,
«Qanca» (və ya «Kancə») adlandırılmışdır. (bax: İbn Xordadbek
«Kniqa putey i stran»--kommentarii, issledovaniya, ukazateli i
kartı Naili Velixanovoy,Baku,1986,s.78,226)».Bu sözün ilk
komponenti «qan», «kaan», «xan» türk dillərində hakim sərkərdə,
başçı deməkdir. Sözün ikinci hissəsi olan –ca,-ça (çə, cə)
tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer,
yurd bildirir. Belə qənaətə gəlmək olar ki, «Gəncə», «Qanca»,
«Kancə» sözləri «xan yeri», «xan məkanı», «xan yurdu», «xanın,
xaqanın oturduğu yer, onun baş iqamətgahı» anlamını verir.
Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi «Qanja» və «Xan yurt»
adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki
dağlıq yerlərdə saxlanmışdı».
Burada
bir faktı qeyd etmək yerinə düşər.M.M.Altmanın yuxarıda
gösmtərdiyimiz əsərindəki, fikirimizcə, çox maraqlı olan bu
cümlələrə diqqət edin:
«Cənubi
Azərbaycanda da «Gəncə» adlı qədim mərkəz var idi. Hətta Təbrizə
də hərdən «Gəncə» deyirdilər».
Bu,
«Gəncə» ifadəsinin baş iqamətgah, paytaxt mənası daşıdığı haqda
F.Əhmədovun versiyasını bir daha təsdiq etmiş olur.
Bütün bu
göstərilənlər Gəncəmizin ən azı 2500 il yaşı olduğunu qəbul
etməyə və onun yubileyini əminliklə keçirməyə mənəvi əsas verən
faktlardandır.
Gəncənin
qədim tarixinə bir qəzet materialının imkanları çərçrivəsində
nəzər saldıqdan sonra məlum bir həqiqəti xatırlatmalıyıq:
hadisələr o vaxt tarixi fakt statusu qazanır ki, o, yalnız elmi
əsər və populyar nəşrlərdə deyil, dərsliklərdə də yer almış
olsun.
Zakir Murad
|