“Hüsni-bağında gəzəsən...”
Gəncədə qadınların işdən sonra dincəlməsi üçün münasib yer olmadığından
onlar istirahətlərini arzuladıqları kimi təşkil edə bilmirlər.
Azərbaycanın ikinci
böyük şəhəri olan Gəncə öz zəngin təbiəti, parkları ilə seçilir. Lakin
Gəncədəki qadınların çox az hissəsi bu imkanlardan yararlana bilir.
Xüsusilə də bütün günü işləyən xanımlar.
“Gəncədə belə bir problem höküm sürür. İşdən sonra getmək üçün münasib
yer yoxdur. Müqayisə üçün Bakıda sakit, münasib, rahat yerlər var ki,
insanlar ailə üzvləri ilə ora gedirlər və istirahətlərini təşkil
edirlər.-deyə, “Qızıl əllər” Peşə Tədris mərkəzinin sədri Zenfira
Ağayeva Gəncədə bu cür məkanların olmamasından təəssüfləndiyini bildirdi.
Gəncədə aktiv fəaliyyətdə olan qadınlar üçün münasib istirahət yerləri
olmadığından onlar ağır iş günün yorğunluğunu çıxarmadan yeni iş günə
başlamaq məcburiyyətində qalırlar. Əlil Qadınlar Cəmiyyətinin Gəncə
şəhər şöbəsinin sədri Elmira İsmayılova bunun həm onun səhhətinə, həm də
fəaliyyətlərinə təsirsiz ötüşmədiyini deyir.
“Bizim işdən sonra təbiətin qoynundan başqa istirahət etmək üçün bir
münasib məkan yoxdur. Ancaq Gəncə şəhəri çox böyük şəhərdir, çox yaxşı
olardı ki, müasir standartlara cavab verən istirahət mərkəzləri
olsun”-deyə E.İsmayılova bildirdi.
Istirahət müxtəlif formada təşkil oluna bilər. Əsas odur ki, hər bir
qadın istirahəti düzgün və vaxtında təşkil etsin. Gəncə Regional Qadın
Mərkəzinin sədri Məleykə Əlizadənin fikrincə, istirahəti qurmaq hər bir
insanın özündən asılıdır:
“Vacib deyil ki, harasa gedəsən, hər hansı bir restoranda, şəhərdən
kənarda dincələsən. Evdə də elə ailə üzvləri ilə birgə kiçik bir dəyirmi
masa arxasında əyləşərək də istirahət etmək olar”.
24 yaşlı Esmira İsmayılova isə gənc qızların işdən sonra rahat gedə
biləcəyi yerlərin olmadığını deyir.
“Həm faydalı vaxt keçirə bilmirik, həm işdən sonra dincələ bilmirik.
Xarici ölkələrdə gənclər təhlükəsiz, rahat müsuqili, əyləncəli yerlərə
gedirlər. Müxtəlif mövzularda diskusiyalarda, debatlarlarda iştirak
etməklə həmyaşıdları arasında fikirlərini bölüşmək imkanları var”-deyə,
Esmira İsmayılova Gəncə gəncləri üçün bu cür imkanların
yaradılmamasından gileylənir.
Gəncədə əksər istirahət mərkəzlərinin kişilər üçün nəzərdə tutulduğunu
vurğulayan qadınlar bunu onlara qarşı haqsızlıq kimi qiymətləndirirlər.
“Qızıl əllər” Peşə Tədris mərkəzinin sədri Zenfira Ağayeva kişilərin
istirahəti üçün çoxlu sayda yerlərin olduğunu, lakin qadınlar üçün bu
imkanların olmamasını bildirdi.
“Kişilər üçün elə restoran da əyləncədir, çayçı da dostları, tanışları
ilə birgə stolüstü oyunlar da oynamaq. Hara getsək kişilər üçün
əyləncədir. Amma qadınlar üçün belə mərkəzlər yoxdur”-deyə, Zenfira
Ağayeva ən çox qadınlara, xüsusilə də işləyən xanımlara istirahətin
lazım olduğunu vurğuladı.
Şəhərdənkənar istirahət mərkəzlərinə işdən sonra getmək mümkün
olmadığından qadınlar işdən sonra açıq havada istirahət etməkdən bir çox
hallarda imtina edəsi olurlar. Gəncə Regional Qadın Mərkəzinin sədri
Məleykə Əlizadə bunun səbəbini gözəl istirahət məkanlarının əsasən
kişilər üçün nəzərdə tutulmasında görür.
“Çox təəssüflər olsun ki, Gəncənin gözəl yerləri yalnız kişilər üçündür.
Hansısa bir yaradılan gözəl məkanlarda mütləq bir çayçı görərsiniz.
Həmin çayxanada isə yalnlz kişilər otururlar”-deyən M.Əlizadə hər bir
cəmiyyətdə olan komplekslər ucbatından bəzi qadınların hətta həmin
çayçıların ətrafından belə keçmədiklərini bildirdi.
İstirahət mərkəzləri dedikdə kafe, restoranlar, çayçılar kimi məkanlar
yada düşür. Sevindirici haldır ki, Gəncədə Olimpiya İdman Kompleksi və
uşaq futbol mərkəzi kimi istirahət məkanları da fəaliyyət göstərir.
Lakin bu mərkəzlərdə istirahət edənlərin əksəriyyəti yenə də əsasən
kişilərdir. Uşaq futbol mərkəzinə işdən sonra dincəlmək üçün gələn 45
yaşlı Vüqar Məmmədov hələ ki, Gəncə ictimaiyyətinin bu cür açıq havada
qadınların istirahət etmələrinə birmənalı baxılmayacağını deyir: “Mən
işdən sonra oğlumla birgə dincəlirəm. İstirahət üçün bizə hər cür şərait
yaradılıb. Vaxt məhdudiyyəti olduğuna görə ailə üzvlərimlə hər gün
istirahətə gedə bilmirəm. Amma yalnız oğlumla birgə dincəlməyə vaxt
olur”-deyə, V.Məmmədov qadınlar üçün də bu cür istirahət mərkəzlərinin
olmasına piş baxmadığını bildirdi:
“Amma bizdə hələ qadınların belə yerdə oynamasını cəmiyyət bir mənalı
qarşılamayacaq. Yaxşı olardı ki, əvvəlcə qadınlar üçün bağlı istirahət
məkanları yaradılsın, sonra zaman keçdikcə, bunu ictimailəşdirmək olar”.
Gəncə Regional Qadın Mərkəzinin sədri hesab edir ki, Gəncədə əksər
kişilərin öz ailə üzvləri ilə birgə istirahət etmələri birmənalı
qarşılanmır.
“Çoxlu sayda kişilər Gəncənin gözəl yerlərində, parklarda istirahət
edirlər. Lakin onlar daha çox özləri, təkcə yoldaşları ilə dincəlməyə
üstünlük verirlər. Maraqlıdır hər hansı bir kişi öz dostu ilə dincəlir
bəs onun evdə xanımı, ailəsi də var. Yaxşı olmazdımı ki, onları da
özləri ilə bərabər götürülüb, əyləncəyə elə adicə gəzintiyə
çıxarsınlar”-deyən M.Əlizadə bu səbəbdən Gəncədə qadınların istirahətə
daha çox ehtiyacı olduğunu bildirdi.
Gəncədə qadınlar üçün istirahət yerlərinin olmamasının müxtəlif
səbəbləri mövcuddur. “Qızıl əllər” Peşə Tədris mərkəzinin sədri Zenfira
Ağayeva bunun bəzi qadınların istirahət etmələrinə qoyulan
məhdudiyyətlərlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, beş il öncə
sahibkar qadınlarla birgə hər cür şəraiti olan “qızlar kafesi” yaradılıb.
Lakin həmin kafe bir aydan artıq fəaliyyət göstərə biməyib, çünki buraya
yaradıcılardan başqa gələn olmayıb.
Gənc qızlarla problem barədə söhbət zamanı onlar bildirdilər ki,
istirahət üçün parka gedən zaman bəzi oğlanların qeyri-etik hərəkətləri
ilə üzləşirlər. Bu cür hal isə çox vaxt onların açıq havada istirahət
etmələrinə mane olur. Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə
Əlizadə isə problemin səbəbini cəmiyyətdə qadınlara göstərilən
münasibətdən qaynaqlandığı qənaətindədir.
“Parkın yanından keçən ana bir qıza hər hansı bir oğlan tərəfindən
göstərilən qeyri-etik bir hərəkət etməsinin şahidi olur. Bu ana sonrdan
öz qızının həmin yerə getməsinə icazə verməz, qeyri-etik hərəkət edən
oğlansa bütün digər oğlanları özü kimi bilər öz yaxınlarının buraya
getməsinə əngəl törədər”-bu fikirləri ilə M.Əlizadə qızlara göstərilən
münasibət haqda danışdı.
Qadınların istirahətinə mane olan digər hal isə Gəncədə fəaliyyət
göstərən istirahət mərkəzlərində göstərilən xidmətlərin həddindən artıq
baha olması ilə əlaqədardır
Gəncə şəhər sakini Esmira İsmayılova aldığı maaşla, gördüyü işlə ayda
maksimum bir bir dəfə dincələ bildiyini deyir:
“Biz bir gün işləmirik, hər gün işləyiriksə, demək hər gündə istirahət
olmalıdır”.
Müsahiblər problemin həllinə nail olmaq üçün bir neçə ciddi addımın
atılmasını zəruri hesab edirlər. “Qızıl əllər” Peşə Tədris mərkəzinin
sədri Zenfira Ağayevanın sözlərinə görə, ilk növbədə qadınların
istirahətlərini təşkil etmək üçün sahibkarları bu sahəyə cəlb etmək
lazımdır. Qadınlara münasib qiymətlərlə və rahat şəraitdə xidmət
göstəriləcəyi təqdirdə bu sahəni inkişaf etdirmək mümkündür:
“Problemin həllini mən iş adamlarına geniş imkan verməkdə görürəm. Belə
yerlərə daha çox sərmayə yatırmaq, gələcəkdə bu işi başa çatdırmağa
iddialı olmaq, gözlənilən nəticəni əldə edənədək çalışmaq lazımdır”.
Gəncədə qadınların istirahət mərkəzlərindən istifadə etmələri üçün
cəmiyyətdə mövcud olan kompleksləri aradan qaldırmağın problemin həllinə
birbaşa təsir göstərəcəyini vurğulayan Gəncə Regional Qadın Mərkəzinin
sədri Məleykə Əlizadə bu baxımdan tək qadınların deyil, onların bütün
ailə üzvlərinin maarifləndirilməsini zəruri hesab edir.
“Belə bir zamanda istirahətə gedən qadın, onun ailəsi üçün müxtəlif
fikirlər səslənməməlidir. Biz əvvəlcə bütün bunlardan biz əvvəlcə xilas
olmalıyıq. Bünün buna da kim komək etməlidir? Bizim özümüz. Daxili
komplekslərdən azad olsunlar və öz istirahələrini təmin etsinlər”.
Müsahiblərimizin öz istirahətlərini necə təşkil etmək arzuları da
problemin səbəbləri və onun həlli yolları kimi müxtəlifdir.
“Qızıl əllər” Peşə Tədris mərkəzinin sədri Zenfira Ağayeva:
“Çox yaxşı olardı ki, hər küçələrdə istirahət mərkəzlərimiz olsun ki,
hər kəs üçün istirahət etmək əl çatan olsun”.
Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə: “Hər bir ailənin
büdcəsi imkan verməlidir ki, onlar istirahət mərkəzlərinə getsinlər və
dincəlsinlər. Bundan əlavə Gəncədə nəhayət ki, Filarmoniya, yaşıl teatr
bərpa edilsin. Yenə də əvvəlki kimi konsert proqramları təşkil edilsin”.
Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova:
“İstiyərdim elə bir mərkəz yaratsınlar ki, aztəminatlı ailələr də oradan
istifadə etsinlər”.
Onların bu arzularının nə vaxt gerçəkləşəcəyini zaman göstərər. Gəncə
şəhər İcra hakimiyyətindən bildirildi ki, Gəncədə istirahət
mərkəzlərinin yaradılması daim diqqət altındadır. Gəncə çayının
sahilində yeni sahilyanı istiarhət zolağının salınması planı bunun bariz
nümunəsidir.
Lakin vaxtında və düzgün istirahətin təşkil olunmması daha çox
yeniyetmələrə, gənclərə təsir edir. Psixoloqlar bu zaman onların öz
istirahətlərini müxtəlif arzuolunmaz yerlərdə aradıqlarını və çox zaman
axtarılan bu istirahətin onlar üçün pis vərdişlərin yaranması ilə
nəticələndiyini deyirlər. Bu səbəbdən psixoloqlar öz övladını və onun
gələcəyini fikirləşən hər bir valideynə uşaqlarının istirahətlərini
düzgün və vaxtında təşkil etməyi tövsiyə edirlər.
Nüşabə
Fətullayeva